Azərbaycan Ermənistanda seçkiləri qazanacaqmı?

15, 06, 21
15:00

Azərbaycan Ermənistanda seçkiləri qazanacaqmı?


İyunun 20-i yaxınlaşdıqca, Ermənistanda ab-hava da bir o qədər qızışır. Həmin gün, sadəcə, parlament seçkisi keçirilməyəcək, həm də bu ölkənin gələcəyi həll olunacaq.

Mübaliğəsiz demək olar ki, bu, Ermənistanın tarixində əhalinin iki əks düşərgəyə bölündüyü mərhələdir: biri irəliyə baxır və şimal qonşusunun əlaltısı olmaq istəməyərək Qərb dəyərlərinə istiqamətlənir, digəri isə təhlükəsizlik müqabilində Rusiyanın vassallığını qəbul etməyə razıdır.

Cəmiyyətin daha bir hissəsi var ki, Ermənistanda gələcək görmür və mühacirət etməyi planlaşdırır. Odur ki, müxtəlif qiymətləndirmələrə görə, seçicilərin ən azı 20 faizi seçkilərdə iştirak etməyi planlaşdırmır.

Bugünkü ictimai rəy sorğuları göstərir ki, gələcəkdə Ermənistan parlamentində Rusiyapərəst qüvvələrin açıq üstünlüyü olacaq. Robert Köçəryandan başqa daşnaklarla birlikdə bu dəfə Serj Sarkisyanın yox, keçmiş təhlükəsizlik naziri Artur Vanetsyanın rəhbərlik etdiyi respublikaçılar da var.

Moskvanın bu böyük dostu Kremlin rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxır. O, Krımı Rusiyanın ərazisi adlandıran ilk erməni siyasətçidir. Vanetsyan əvvəllər də akademiyasında oxuduğu Federal Təhlükəsizlik Xidmətilə əlaqələrini gizlətməyib. Bu, Çeçenistanın lideri Ramzan Kadırovun açıq şəkildə dəstəklədiyi yeganə erməni siyasətçidir.

Moskvanın növbəti əlaltısı Qagik Sarukyandır, ən zəngin adamlardan biri, böyük biznes sahibi və Rusiyaya xarici alkoqolun əsas idxalçılarından biridir.

Bugünkü sorğulara görə, həmin siyasi qüvvələr 35 faizə  yaxın səs toplayırlar və hamısı parlamentə keçir. Lakin səslərin 50 faizini almayan heç bir siyasi qüvvə müstəqil şəkildə hökuməti formalaşdıra və baş nazir təyin edə bilməyəcək. Bu, iki aparıcı qüvvənin iştirak edəcəyi ikinci turu qaçılmaz edir. Və burada Rusiyapərəst qüvvələr çox güman ki, birləşəcəklər, kiçik partiyaların tərəfdarları və elektoratın hələ müəyyən olunmayan bir hissəsi də onlara qoşula bilər.

Azərbaycanın marağı nədir?

Moskvanın açıq şəkildə lobbiçilik etdiyi Köçəryanın mümkün qələbəsi ilk növbədə Qərbin rolunun və nüfuzunun azalacağını vəd edir. Ermənistanda çoxları bununla iqtisadi çiçəklənməyə ümid bağlayır. Lakin Rusiya protektoratı ötən 30 ildə Ermənistana iqtisadi fayda verməyib.

Təhlükəsizlik və Azərbaycanla Türkiyədən müdafiə amili Köçəryan tərəfdarlarının Paşinyan hökumətini ittiham edərək istifadə etdikləri ən güclü kozırlardır. Onların qələbə qazanacağı təqdirdə ermənilər Türkiyə ilə, hətta  Azərbaycanla barışığı unuda bilər.

Rusiyapərəst qüvvələrin qələbəsi Moskvanı baş verənləri "qiymətləndirməyə" məcbur edəcək ki, bu da Moskvanın Qarabağa dair mövqeyinə təsir göstərəcək. Bakıya qarşı müəyyən sərtləşmə gözləmək olar. Lakin  İkinci Qarabağ Müharibəsinin nəticəsinə əsasən ümumi geosiyasi düzülüş və Rusiyanın uzunmüddətli maraqları həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsini tələb edir. Odur ki, Rusiyanın maraqları naminə Ermənistanda revanşist qüvvələrin sponsorluğu yox, sabitlik saxlanılacaq. Eyni zamanda, əgər Bakı özünü "düzgün aparmasa”, yəni, Qərblə yaxınlaşmağa və ya Moskvanın regiondakı maraqlarına məhəl qoymamağa çalışsa, Moskva bu qüvvələrdən istifadə etməyə cəhd edəcək.

İndiki vəziyyətdə Azərbaycanın marağı ondan ibarətdir ki, Paşinyanın komandası hakimiyyəti qoruyub saxlasın, amma ona görə yox ki, onu Moskvada sevmirlər. Paşinyan və onun komandası etiraf edir ki, Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamaq, delimitasiya aparmaq lazımdır və revanşı avantüra hesab edirlər.

Köçəryanın mövqeyi tam əksinədir və o, revanşın qeyri- real olduğunu etiraf edir, eyni zamanda əlavə edir ki, bu, "indiki mərhələdə" müvəqqətidir.
Onun tərəfdarları açıq şəkildə bəyan edirlər ki, Köçəryan Qarabağın müstəqilliyinin tanınmasına, Hadrut və Şuşanın ermənilərə qaytarılmasına nail olmağı qarşıya məqsəd qoyur.

Bu populist şüarlar erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsində anlayışla qarşılanır və ictimaiyyət əmindir ki, müharibədə məğlubiyyətin səbəbi məhz Paşinyanın yanlış siyasətidir.

Hazırkı vəziyyət müəyyən dərəcədə Paşinyanı ermənilərin bütün bəlalarının günahkarına çevirmiş xarici ritorika və təbliğatın nəticəsidir. Bununla yanaşı, erməni cəmiyyətinin miatsum ideyası ikinci plana keçib. Məhz Paşinyan ölkənin gələcəyi üçün zərərli olan bu ideyadan imtina etmək üçün addımlar atıb.

Paşinyanpərəst qüvvələrin siyasi arenadan kənarlaşdırılması Azərbaycana nə dərəcədə sərfəlidir? Axı Ermənistanda hakimiyyət dəyişikliyi nəinki buna zəmanət verir, hətta Azərbaycanla barışıq haqda düşünən hər kəsin təqib olunması və təzyiqlərə məruz qalması üçün geniş kampaniyaya start verəcək.

Siyasi texnologiyanın qanunları bu və ya digər qüvvələrə "dəstək" göstərməyə imkan verir.

Bu, əsirlərin azad edilməsi, sülhsevər ritorika və birinin mövqeyini möhkəmləndirən, digərinin mövqeyini zəiflədən digər addımlar da ola bilər.

Bu gün siyasi mübarizədə kompromatdan fəal istifadə olunur. Şübhə yoxdur ki, Azərbaycanda Sarkinyan barəsində də, Köçəryan barəsində də yetərincə kompromat var, həm də onların təkcə Qarabağda yox, eyni zamanda Ermənistanda çalışdıqları dövrdə. Əsas kompromat onların münaqişəni 7 rayonun verilməsi hesabına həll etməyə hazır olmasıdır. İndi onlar Paşinyanı məhz bunda günahlandırırlar.

Bakının diplomatik baqajında işə salına biləcək məlumatların kifayət qədər olduğu istisna edilmir. Sarkisyan və Köçəryan Ermənistan ərazisilə neft kəmərinin çəkilməsi, Mehrinin verilməsi, Azərbaycanın tərkibində Qarabağa geniş muxtariyyət verilməsi variantları, nizamlanmanın mərhələli həllinə razılığın müqabilində Yerevana milyardlarla dollarlıq investisiya verilməsi ehtimalını həmsədrlərin vasitəsilə müzakirə edərkən Sarkisyan və Köçəryanın Azərbaycan hakimiyyəti ilə birbaşa şəxsi əlaqələri olub.

Əminəm ki, Bakının diplomatik baqajında istifadə oluna biləcək kifayət qədər informasiya var. Ancaq bütün bunlardan öncə istifadə etmək lazım idi, seçkiyə bir neçə gün qalmış yox.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın