Ərdoğanın Bakı səfərində hərbi bazanın yaradılması rəsmiləşə bilərmi? - TƏHLİL

01, 06, 21
10:00

Ərdoğanın Bakı səfərində hərbi bazanın yaradılması rəsmiləşə bilərmi? - TƏHLİL


İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.

Ərdoğanın səfərindən öncə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi Azərbaycan və Türkiyənin hərbi sahədə yeni addımlara hazırlaşmasından xəbər verir.

Bu, hərbi baza ola bilərmi?

Türkiyənin Azərbaycanın üç şəhərində (Gəncə, Lənkəran və Qəbələ) hərbi baza aça biləcəyi xəbərləri bu ilin yanvarında yayılmışdı. Lakin rəsmi səviyyədə təkzib olundu və səbəb kimi Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü göstərildi.

Qoşulmama Hərəkatının nizamnaməsində üzv dövlətlərin ərazisində digər ölkənin hərbi bazasının mövcud olması haqda qadağa qeyd olunmayıb. “Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;” qeydi üzv ölkələrin hərbi bloklara qoşulmamasını nəzərdə tutur.

Rəsmi Bakının baza xəbərini QH-yə üzvlüyə istinadən təkzib etməsinin iki səbəbi ola bilərdi:

- Baza ilə bağlı hazırlıqların tam başa çatdırılmaması və proses tamamamlanmamış çıxan xəbərlərin yarada biləcəyi təhlükələri sığortalamaq;

- Kənar təzyiqləri, xüsusilə Rusiya və İranın mövqeyini neytrallaşdırmaq;

Türkiyənin Azərbaycanda hərbi baza qura bilməsinə QH üzvlüyü maneə yaratmır:

1. Türkiyənin həcmindən asılı olmayaraq, hərbi bazalarının mövcud olduğu ölkələr arasında Qoşulmama Hərəkatına üzv olanlar da var: İraq, Somali, Livan, Əfqanıstan, Qətər və s;
2. Türkiyənin bazasının qurulması Azərbaycanın hansısa hərbi bloka qoşulması demək deyil:
3. Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın səviyyəsi buna imkan verir;

İstisna deyil ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Türkiyənin Azərbaycan hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə olunacaq: bu, indiki dövrdə hərbi baza kimi olmasa belə hansısa təmsilçilik formatında mümkündür.

İclasda Ərdoğanın Bakı səfərində imzalanacaq sənədin hazırlığının həyata keçiriləcəyi ehtimalı böyükdür.

Bu kontekstdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərinə getməsi diqqət çəkir və bu, Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyi versiyasını da ön plana çıxarır.

Türkiyənin hərbi mövcudluğu hansı bölgədə ola bilər?

Yanvar ayında yayılan xəbərdə üç şəhərin adı çəkilirdi, hərçənd, indiki dövrdə işğaldan azad edilmiş ərazilərdə olması versiyası da istisna deyil. Mümkündür ki, hərbi mövcudluq (hərbi baza, yaxud təmsilçilik – hərbi hava bazası da ola bilər) Zəngilanda olsun:

1. Bu bölgə Zəngəzur dəhlizinə yaxındır;
2. Türkiyə bununla dəhlizin gələcək təhlükəsizliyini Naxçıvandan və Zəngilandan nəzarət altına alır;
3. Zəngilanda aeroportun inşası layihəsinin olması da bu kontekstdə diqqət çəkir;

Yaxın günlərdə məsələyə aydınlıq gələcək, lakin proseslərin inkişafı Ərdoğanın səfəri öncəsi Türkiyə və Azərbaycan generallarının qarşılıqlı səfərləri ciddi hazırlığın aparıldığını deməyə əsas verir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın