Ukrayna yenə “iki od arasında” qala bilər - Putinin son açıqlamasının pərdəarxası

16, 02, 21
17:00

Ukrayna yenə “iki od arasında” qala bilər - Putinin son açıqlamasının pərdəarxası


Ukrayna ətrafında cərəyan edən proseslər yenidən gərginləşib. Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları bu kontekstdə çoxsaylı müzakirələrə yol açıb.

“Rusiyanın üzərində çox böyük məsuliyyət var. Ölkəmizin nüfuzunun postsovet məkanında artması müşahidə olunur. Hansısa qərarı qəbul etməzdən əvvəl istənilən addımın nəticələri barədə düşünmək lazımdır”.
Bu sözləri Putin deyib.

Kremlin sahibi postsovet məkanından danışarkən Donbas məsələsinə də toxunub: “Heç nəyə baxmayaraq, Donbası buraxmayacağıq”.

Göründüyü kimi, şimal qonşumuz bu məsələdə kifayət qədər qətiyyətlidir. Putinin açıqlamalarının ardından Ukraynanın itirdiyi ərazilər bir daha gündəmə gəlib. Eyni zamanda bu fikirlərin arxasında nələrin dayandığı da müzakirə mövzusudur. Postsovet məkanın bu ölkəsində də hələ ki Qərbin Rusiyaya uduzduğu barədə fikirlər yer alır.
Əhəd Məmmədli: ile ilgili görsel sonucu
Əhəd Məmmədli: “Postsovet məkanında Moskva mövqelərini get-gedə itirməkdədir”

Siyasi şərhçi Əhəd Məmmədli isə düşünür ki, Qərb Ukraynada Rusiyaya uduzmayıb: “Qərb Ukraynanı da, Gürcüstanı da Rusiyadan aldı. Sadəcə, Rusiya bu ölkələrə cavab olaraq 20% ərazini işğal etdi. İndi Putin bunu Qərb üzərində qalibiyyət hesab edirsə, bu, daxili auditoriyaya hesablanmış sözlərdir. Reallıqda isə NATO artıq Rusiya sərhədlərindədir. Qərbdən, cənubdan hər yerdən Amerika Rusiyanı hasara götürüb. Gürcüstanda Amerika, Azərbaycanda Türkiyə hərbiçiləri hərbi yürüşlərdə, paradlarda iştirak edirlər. Baltikyanı ölkələrdə Rusiya ilə sərhədlərdə NATO mövqelərini gücləndirməkdə davam edir. Bütün bu görüntülər heç də Rusiyanın Qərb üzərində qələbəsindən xəbər vermir, əksinə, Qərbin Rusiyanı hər tərəfdən sıxışdırmasını göstərir. Üstəlik, Moldovada keçirilən son parlament seçkilərində qərbyönümlü qüvvə qalib gəldi və dərhal da rus sülhməramlıların Dnesteryanı separat bölgədən çıxması məsələsini qoydu. Düzdür, bu demək deyil ki, ruslar Dnesteryanıdan o saat çıxacaqlar. Amma postsovet məkanında Moskva mövqelərini get-gedə itirməkdədir. Ukraynaya gəldikdə isə Qarabağ ssenarisinin Donbasda təkrarlanmasından Kreml narahatdır. Ona görə də Putin indidən Kiyevə hədə-qorxu gəlir. Ukrayna-Türkiyə yaxınlaşmasını Rusiya narahatlıqla izləyir. Çünki bunun nə ilə nəticələnəcəyini bilir. Lakin Ukrayna Türkiyə ilə yaxınlaşma əlaqələrini davam etdirməlidir. Çünki Ukraynanın ərazi bütövlüyünün açarı nə Qərb, nə də Rusiyadadır. Donbasın açarı Ukraynanın Türkiyə ilə dostluğundadır. Bunu biz Türkiyə-Azərbaycan qardaşlığının nəticəsində Qarabağ nümunəsində də gördük”.
Elşən Mustafayev ile ilgili görsel sonucu
Elşən Mustafayev: “ABŞ Ukraynaya görə Rusiya ilə qarşı-qarşıya gəlməz, amma...”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Krım məsələsinin gündəmdən düşdüyünü, amma Donbasın fərqli bir problem olduğunu söylədi: “Donbas məsələsi ilə bağlı Ukrayna və Rusiya arasında son günlər gərginliyin yenidən artması Qərb və Rusiya arasında çox yaxınlarda ciddi hadisələrin olacağından xəbər verir. ABŞ prezidenti Baydenin inauqurasiyasından dərhal sonra Avropa İttifaqı arasında soyumuş əlaqələrin bərpası ilə bağlı verdiyi sərəncamlar, eyni zamanda Rusiyanı ittiham edən bəyanatları rəsmi Kreml üçün yaxşı heç nə vəd etmirdi. Bir çoxları Ukraynanın mövcud problemi həll etmək iqtidarında olmadığını, Rusiyanın istənilən halda rəsmi Kiyevi cəzalandıra biləcəklərini deyirlər. Fikirlərini Rusiyanın 2008-ci ildə Saakaşvilinin prezidentliyi zamanında Cənubi Osetiya və Abxaziyaya görə Gürcüstanda törətdikləri ilə əsaslandırmağa çalışırlar. Mən bu məsələdə tamam başqa cür düşünürəm. Belə ki, Gürcüstandakı ərazi problemi ilə Donbas problemi tamam fərqlidir. Gürcüstanda mövcud olan separatçı rejimlər sözdə müstəqilliklərini elan etməmişdən öncə rəsmən muxtariyyətə malik idilər və qanunsuz olsa belə hər yerdə bu faktordan istifadə etməyə çalışırdılar. Eyni məsələ Qarabağla bağlı da mövcud idi. Amma bizim üstünlüyümüz onda oldu ki, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu hələ SSRİ dağılmadan öncə ləğv etmişdik. Donbas isə heç zaman hər hansısı statusa malik olmayıb.

Bu gün Rusiya separatçılara hər sahədə dəstək versə də Gürcüstan variantını orada tətbiq etməsi imkansızdır. Fikir verirsinizsə, Donbasdan fərqli olaraq Krımla bağlı Moskva çox sərbəst və rahat addımlar atmaqla məşğuldur. Çünki anneksiyadan öncə Krım Ukrayna daxilində ayrıca subyekt kimi mövcud olub. Rusiyanın orada keçirdiyi referendumu dünya saxta hesab etsə də son illər Krımla bağlı məsələ elə bil ki, dünyanın gündəliyindən çıxıb. Bu problemdən bu gün Rusiyaya ciddi sanksiyalar tətbiq etmək üçün istifadə olunsa da hesab edirəm ki, Qərb yaxşı anlayır ki, Krımın yenidən Ukraynaya qaytarılması çətin olacaq. Amma Donbas məsələsi tamam başqadır. Rusiyanın orada acıq provokasiyalara getməsi ona çox ağır başa gələr. Söhbət tək sanksiyalardan yox, daha ciddi və Rusiyanı dövlət olaraq mövcudluğuna təhdid yaradacaq addımlardan gedir. Kimsə deyə bilər ki, ABŞ Ukraynaya görə Rusiya ilə qarşı-qarşıya gəlməz. Amma məsələ ondadır ki, ABŞ öz milli təhlükəsizliyi üçün buna gedə bilər. Əgər bu gün Rusiya ABŞ-ın milli təhlükəsizliyinə təhdid olan əsas faktor kimi qəbul edilirsə, o zaman Ukrayna üzərindən Rusiyanın üstünə gedəcəyi şübhəsizdir. Bunu Rusiya gözəl anladığından indiki vəziyyətdə üstünə gəlmək üçün ABŞ-a əsaslar verməməyə çalışacaq. Putinin son bəyanatlarını isə indiyədək verdiyi bəyanatlardan fərqləndirmirəm. Hətta öncələr onun bu istiqamətdə daha kəskin bəyanatları olmuşdu”.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın