Paşinyan təkcə Azərbaycanla deyil, Ermənistan əhalisi ilə də savaşır

26, 09, 20
15:00

Paşinyan təkcə Azərbaycanla deyil, Ermənistan əhalisi ilə də savaşır

Küncə sıxışdırılmış rəsmi İrəvanın artıq geri çəkiləcək yeri qalmayıb... Baş nazir Nikol Paşinyan üçün öz hakimiyyətini mümkün qədər uzatmağın tək yolu kimi, Azərbaycanla hərbi qarşıdurmanı dərinləşdirmək cəhdləri ön plana çıxarılıb...

Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər yeni mərhələyə keçib. İndi bu region artıq fərqli hərbi-siyasi şərtlərin təsiri altındadır. Və belə bir situasiya yaxın gələcək üçün yeni Cənubi Qafqaz düzəni vəd edir.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda dəyişən şərtlər və fərqli geopolitik proseslər Ermənistana olduqca ağır gəlir. Ermənistan bu şərtlərdə özünü narahat hiss edir. Rəsmi İrəvan indiki geopolitik proseslərin ağırlığını qaldıra bilmir.

Təbii ki, belə vəziyyət Paşinyan hakimiyyəti üçün geopolitik diskomfort situasiya yaradır. Rəsmi İrəvan Ermənistan üçün doğru siyasi seçimi müəyyənləşdirməkdə çətinlik çəkir. Atdığı addımların yekun nəticələrindən qətiyyən əmin deyil.

Ən əsasısa, Paşinyan hakimiyyəti atacağı addımların perspektivdə Ermənistan üçün müsbət və ya mənfi anlamda yaradacağı situasiyanın təxmini məzmununu, keyfiyyətini əvvəlcədən hesablamaq qabiliyyətindən çox-çox uzaqdır. Bu isə rəsmi İrəvanı isterik duruma salmaqla yanaşı, həm də tərəddüdlər içərisinə atır.

Məsələnin ən maraqlı tərəfi odur ki, Paşinyan hakimiyyətinin artıq geopolitik oyunlar qurmaq imkanları məhdudlaşıb. Çünki bunun üçün rəsmi İrəvanın yetərincə zamanı yoxdur. Bunu müəyyən mənada, Paşinyan hakimiyyətinin geopolitik seytnot vəziyyətinə düşməsi kimi də dəyərləndirmək mümkündür.

Paşinyan hakimiyyəti üçün ən arzuolnmaz faktor ondan ibarətdir ki, onun əlində geopolitik iradənin ön plana çıxarılmasına yol aça biləcək elə bir ciddi resurs mövcud edyil. Belə ki, Ermənistan iqtisadiyyatı dərin böhran içərisində olmaqla yanaşı, artıq yerlərdə sürünür.

Pandemiyadan sonra isə bu düşmən ölkənin maliyyə qaynaqları da qapanmağa başlayıb. Ermənistan daxilində sosial durum, mövcud problemlər əhalini itaətsizliyə meylləndirə biləcək səviyyədə ağırlaşıb.  

Təbii ki, belə situasiyada Ermənistanın hərbi-siyasi gücündən danışmaq tamamilə yersiz görünür. Çünki hərbi-siyasi gücü dəstəkləyən əsas faktorlar – maliyyə qaynaqları, iqtisadi yüksəliş, orduda nizam-intizam, əhalinin sosial rahatlığı və s. Ermənistan üçün hazırda əlçatmaq amillərdir.

Ona görə də hesab etmək olar ki, Paşinyan hakimiyyəti geopolitik manevrlər üçün əsas “oyun alətləri”ndən məhrum durumdadır. Üstəlik, zaman qıtlığının ön plana keçməsi rəsmi İrəvan üçün sonun başlanğıcı rolunu oynaya bilər.

Məsələ ondadır ki, indi Paşinyan hakimiyyəti bir tərəfdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla silahlı qarşıdurmaya tab gətirməyin yollarını tapmalıdır. Buna paralel olaraq, Cənubi Qafqazda güncə sıxışdırılmış “dövlət” durumundan çıxmağa çalışmalıdır. Digər tərəfdənsə, maliyyə-iqtisadi çöküşün Ermənistan daxilində yaratdığı sosial narazılıqların bir partlayışla ictimai itaətsizlik situasiyasına yol açaraq, xaosa çevrilmə təhlükəsinin qarşısını almalıdır.

Göründüyü kimi, olduqca ağır vəziyyətdir. Üstəlik, bu vəziyyətdən elə bir ciddi çıxış yolları da müşahidə edilmir. Hər halda, Paşinyan hakimiyyətinin son addımları Ermənistanı düşdüyü “dərin quyu”dan çıxarılması üçün qətiyyən adekvat deyil.

Hətta əksinə, bəzi hallarda düşünülmədən, isterik şəkildə atılan həmin addımlar Ermənistanı “dərin quyu”dan çıxartmaq əvəzinə daha da aşağı çəkir. Yəni, Paşinyan hakimiyyəti bir çox hallarda Ermənistan üçün “qaş düzəltmək əvəzinə vurub, gözü də çıxarır”.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin seytnot vəziyyətində olduğu və öz isterik davranışlarıyla, Ermənistanın düşdüyü geopolitik situasiyanı daha da ağırlaşdırdığı regionda cərəyan edən prosesləri müşahidə edən əksər ekspertlər tərəfindən də xüsusi olaraq, vurğulanmaqdadır. Belə ki, rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov da Ermənistanın hazırda küncə sıxışdırılmış vəziyyədə olduğu qənaətindədir.


Onun fikrincə, Paşinyan hakimiyyəti özünün ikibaşlı oyunları ilə Ermənistanı çətin vəziyyətə salmaqda davam edir. Çünki rəsmi İrəvan indiyə qədər üzərinə götürdüyü heç bir öhdəliyi doğru-düzgün yerinə yetirməyib. Hətta buna heç cəhd də etməyib. Əksinə, əksər hallarda xarici tərəfdaşlarına “kələk gəlmək” həvəsi ilə etimadı tamamilə itirib.

Politoloq hesab edir ki, Paşinyan hakimiyyətinin ən ciddi səhvlərindən biri ABŞ və NATO ilə Rusiya arasında yolverilməz “ikibaşlı oyunlar” oynamağa xüsusi aludəçilik göstərməsidir: “Paşinyan hökuməti ABŞ və NATO-nun şıltaqlıqları ilə KTMT daxilində ziyanvericiliklə məşğul olub və bu səbəbdən də Kremllə münasibətlərini ciddi şəkildə pozub. Hazırkı rəsmi İrəvanın bu cür siyasətinin nəticəsi olaraq, həm Kreml, həm də KTMT yeni Dağlıq Qarabağ müharibəsi baş verəcəyi təqdirdə, Ermənistana birbaşa hərbi yardım göstərməyəcək, münaqişənin hər iki tərəfinə danışıqlar masasına qayıtmaq çağırışları ilə kifayətlənəcək”.

Eyni zamanda, politoloq Ermənistanın Azərbaycanla hərbi münaqişəyə tab gətirə biləcəyinə şübhə etdiyini də qətiyyən gizlətməyib. Onun fikrincə, müharibənin başlanacağı təqdirdə, hərbi əməliyyatların startından bir neçə gün sonra Ermənistan vaxtilə işğal etdiyi ərazilərin hamısını itirəcək: “Bunun nəticəsində Paşinyan hakimiyyətinin özü də çox şey itirəcək. Məsələn, şübhə yoxdur ki, hakimiyyət dəyişəcək. Baş nazir Nikol Paşinyan ölkədən qaçıb, canını qurtarmağa imkan tapmasa, onun azadlığı da əldən gedəcək. Çünki yeni hakimiyyətin ondan törətdiklərinə görə cavab verməsini tələb edəcəyi elə indidən şübhə doğurmur”.

Göründüyü kimi, rus politoloq belə, Paşinyan hakimiyyətinin gələcəyi ilə bağlı pessimist qənaətlərlə yüklənib. Və bu, önəmli məqam hesab oluna bilər.

Ən azından ona görə ki, rus politoloq kənar müşahidəçi olsa da, hazırda müharibə ritorikası ilə hay-küy salan Paşinyan hakimiyyətinə Ermənistanı Azərbaycanla savaşdan uğurlu nəticələrlə çıxara biləcək şansı tanımır. Əslində, bu barədə ən çox və mümkün qədər dərin düşünməli olan da elə məhz Paşinyan hakimiyyətidir.

Ancaq qəribə də olsa, hazırda Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin qaçılmazlığını Paşinyan hakimiyyətindən başqa hər kəs görür və bu barədə daha praqmatik düşünür. Ola bilsin ki, bunun əsas səbəbi Paşinyan hakimiyyətinin üzləşdiyi hərbi-siyasi vəziyyətlə bağlıdır.

Paşinyan hakimiyyətinin geri çəkiləcək yeri qalmayıb. Baş nazir N.Paşinyan üçün öz hakimiyyətini mümkün qədər uzatmağın tək yolu kimi, Azərbaycanla hərbi qarşıdurmanı dərinləşdirmək cəhdləri ön plana çıxarılıb. Bu baxımdan, Paşinyan hakimiyyəti əslində, yalnız Azərbaycanla deyil, həm də Ermənistan əhalisi ilə də savaş kampaniyası aparmaqdadır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın