Əsir götürülən erməni kəşfiyyatçının hədəfi nə idi? – İrəvanın planları de-şifrə oldu

26, 08, 20
17:00

Əsir götürülən erməni kəşfiyyatçının hədəfi nə idi? – İrəvanın planları de-şifrə oldu


Avqustun 23-də saat 05:45 radələrində erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupu cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd etdi. Azərbaycan Ordusunun cəbhənin bu istiqamətində yerləşən bölmələri təxribat hücumunun qarşısını alıb, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Ermənistan Azərbaycan ordusunun mövqelərinə qarşı zaman-zaman uğursuz təxribat hücumlarına cəhd edir. Bu hücum da Tovuz hadisələrindən sonra növbəti uğursuz cəhd idi.

Təxribat hücumunun zamanı da diqqət çəkir. Avqustun 23-də - təxribata cəhd edildiyi gün Ermənistanın baş naziri David Tonoyan “Armiya-2020” hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfər etdi. Tonoyanın Moskva səfəri ərəfəsndə erməni diversiya qrupunun hücum cəhdi təsadüfi deyildi, xüsusilə Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakı səfərinə hazırlaşması fonunda.

Tonoyanın Moskva səfəri zamanı belə bir hücumun edilməsi iki məqsədə xidmət edir:

1. Diversiya qrupu məqsədinə nail olsaydı – ordumuz itkilər versəydi, bununla hücumun arxasında Rusiyanın olması fikirləri dövriyyəyə buraxılacaq və Bakı-Moskva münasibətlərində gərginlik yaranacaqdı. Ermənistan Tovuz təxribatında Rusiyanı münaqişəyə cəkb etməklə buna cəhd etdi;

2. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dalana dirənmiş danışıqlar daha da çıxılmaz vəziyyətə düşəcək;

3. İşğalçı ölkə Tovuz məğlubiyyətindən sonra daxili ictimiyyətə hesablanmış “qələbə” qazanacaqdı;
 

Diversiya qrupunun hədəfində kəşfiyyat məlumatlarının toplanmasından daha çox, Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimizin olması da planın məqsədini anlamağa imkan verir.

Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu hücumunun və planlarının qarşısı alındı. Ermənistan hərbçiləri itki verərək, qorxaqcasına geri qaçmağa məcbur olublar. Qrupun komandiri əsir düşüb, digər erməni hərbiçilər arasında yaralı və ölülərin olduğu deyilir.

Ermənistan tərəfi 2016-cı il “aprel müharibəsi”, o cümlədən, bu ilin iyulunda baş verən Tovuz döyüşlərində olduğu kimi itkiləri gizlətməyə çalışır. Lakin sosial şəbəkələrin erməni seqmentindəki məlumatlar, eləcə də Ermənistan mediasında hərbi qulluqçularının başqa hadisələr zamanı ölməsi haqda yayılan xəbərlər də bunu sübut edir. İşğalçı ölkə hər zaman olduğu kimi, indi də təxribat hücumu zamanı ölən erməni hərbiçilərin ölüm səbəbi kimi başqa hadisələri göstərir. Misal üçün, diversiya hücumu ərəfəsində erməni KİV-lər Xaçik Baqdasaryan adlı hərbi qulluqçunun “huşunu itirdiyi, xəstəxanaya aparılarkən öldüyü” haqqına məlumat yayıb.



Ermənistan əsir götürülən Qurgin Alberyanın diversiya qrupunun rəhbəri olduğunu da təkzib etməyə çalışır. İddia edir ki, erməni baş leytenant mövqeləri yoxlamaq üçün gedəndə hava şəraitinin pis olmasına görə azaraq, Azərbaycan tərəfində keçib. Lakin faktlar ortadadır.

Diversiya-kəşfiyyat qrupunun komandirinin üzərindən götürülən hərbi ləvazimatlar və şəxsi əşyalar, eləcə də Ermənistan tərəfinin əsirin dəyişdirilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməsi Alberyanın işğalçı ölkə üçün adi hərbiçisi olmadığını sübut edir. Ermənistan Müdafiə Nazirliyi isə əsirin statusunu azaltmaq üçün heç bir açıqlama vermir.

Ermənistan Azərbaycana qarşı terror, diversiya aksiyaları davamlı şəkildə həyata keçirir. Azərbaycana qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub.

Baqdasaryan Arsen Eduardoviç 

Məhkum Baqdasaryan Arsen Eduardoviç – 23.04.1993-cü il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olub, orta-ixtisas təhsilli, subay, milliyətcə erməni, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Xankəndi Baqramyan küçəsi döngə 1, ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayıb.

Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan işğal altındakı Ağdərə rayonu ərazisində yerləşdirilən, Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.

Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

A.Baqdasaryan Azərbaycan Respublikasının ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməklə və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməklə dövlətə xəyanət edib, həmin cinayətkar birliyin tərkib hissəsi olan struktur bölmədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın edib, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd edibdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum A.Baqdasaryan 24.22.2018-ci il tarixdən müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkir.

Ğazaryan Karen Armenoviç 

Məhkum Ğazaryan Karen Armenoviç – 12.01.1984-cü il tarixdə Ermənistan Respublikasının Noyemberyan şəhərində anadan olub, ali təhsilli, subay, milliyətcə erməni, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan Respublikası Tavuş vilayəti, Noyemberyan rayonu, Berdevan kəndi, 28-ci küçə, ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayıbdır.

Karen Ğazaryan 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü - Ğazaryan Karen saxlanılıb.

K.Ğazaryan qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə, sifarişlə iki və daha çox şəxsi terrorçuluqla və milli ədavət düşmənçilik niyyəti ilə qəsdən öldürməyə cəhd göstərib, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd edib, habelə casusluq törədibdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib. K.Ğazaryan 27.03.2019-cu il tarixdən müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkir.

Qurgen Alaverdyan

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb.

Bu faktlar Ermənistanın Azərbaycana qarşı terror cəhdlərinin bir hissəsidir. Ermənistanın ombudsmanı A.Tatoyan əsir götürülən Qurgen Alaverdyanla bağlı iddia edib ki, kəşfiyyatçının hüquqları pozulur. Lakin indiyə qədər Azərbaycana qarşı diversiya hücumlarına cəhd zamanı əsir götürülən erməni kəşfiyyatçılarına münasibət beynəlxalq hüquq normalarından kənara çıxmayıb. A.Tatoyan beynəlxalq qanunvericiliyə istinad etməzdən və belə bir iddia irəli sürməkdən öncə, məhz Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın