Ərdoğan-Tramp arasında tarixi danışıq - iki lider görüşür

03, 06, 19
08:59

Ərdoğan-Tramp arasında tarixi danışıq - iki lider görüşür

Toğrul İsmayıl: “ABŞ Türkiyə üzərində diktə etməyə çalışır”

Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Amerika prezidenti Donald Tramp arasında telefon danışığı olub. Ərdoğan amerikalı həmkarına S-400 müdafiə sistemi ilə bağlı ortaq iş qrupu qurulması təklifini təkrar dilə gətirib. Telefon söhbəti zamanı Yaponiyada təşkil ediləcək G 20 zirvə toplantısında ikili görüşlə bağlı da razılığa gəlinib.

Bundan əlavə, Türkiyə başçısı polad sektoruna əlavə tarifi aradan qaldırdığı üçün amerikalı həmkarına minnətdarlığını bildirib və bu qərarın iki ölkə arasında 75 milyard dollarlıq ikili ticarət hədəfinə çatılmasına töhfə verəcəyini vurğulayıb.
İki ölkə rəhbərinin telefon danışığı geniş müzakirələrə səbəb olub. Amerika-Türkiyə münasibətlərindəki buzların getdikcə əridiyi bildirilir. Xüsusilə, rəsmi Ankaranın Rusiyadan alacağı S-400-lərlə bağlı Amerika və müttəfiqi NATO ölkələri ilə yaşadığı gərginliyin getdikcə aradan qaldırıldığı vurğulanır, bir növ qardaş ölkənin bu məsələdəki qətiyyətli mövqeyinin töhfə verdiyi qeyd olunur. Ərdoğan-Tramp görüşündə isə bir çox məsələlərin həll olunacağına ümid edilir.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl telefon danışığını “Yeni Müsavat”a bu cür şərh etdi: “Türkiyə heç bir halda S-400-ləri almaqdan vaz keçməyəcəyini dəfələrlə bəyan edib. Amerika da buna öz reaksiyasını sərgiləyib və israrını davam etdirib. Amma dəfələrlə dediyim kimi, əgər ABŞ bir şeyin üzərində bu qədər israr edirsə, bunun alternativini təklif etməsi lazımdır. Bunu etmir və Türkiyənin müstəqil bir dövlət kimi digər bir ölkədən silah almasına təzyiq edir. Rəsmi Ankara bu silahları almazsa, hansı zərərləri çəkəcəyi məlumdur. Amerika isə bu məsələni ümumiyyətlə, gündəmə gətirmir. Qardaş ölkə də daha çox zərər görməməsi üçün israrını davam etdirir. Bu səbəbdən ortaq komissiya yaradılmasını təklif edir. Telefon danışıqları və ya görüşlər Türkiyənin məsələdən vaz keçdiyi anlamına gəlməz. Ankara maksimum dərəcədə Amerika ilə münasibətlərini isti tutmağa çalışır. Telefon danışıqları və rəsmi görüşlər məhz bunun göstəricisidir”.

Politoloq Ərdoğan-Tramp görüşündə hansı məsələlərin müzakirə ediləcəyi barədə təxminlərini də bölüşdü: “Bölgədə problemlər, ikili münasibətlər, ortada olan krizis məsələləri görüşün əsas gündəmində olacaq. Amerikanın Çin, Rusiya, İran kimi dövlətlərə qarşı münasibətləri ortadadır. Hətta bir zamanlar müttəfiqi olduğu Hindistana qarşı sərt mövqeləri günümüzdə Amerikanın politkasının nə qədər dəyişdiyini göstərir. ABŞ super dövlət olmağının əsas funksiyasını Tramp dönəmində hər kəsə meydan oxuduğunu göstərməklə yerinə yetirməyə çalışır. Bunu hətta Avropa Birliyi və NATO ölkələri üzərində də nümayiş etdirir. Biz Türkiyə üzərində daha çox dayandığımız üçün düşünürük ki, yalnız ABŞ-Türkiyə münasibətlərində ciddi gərginlik var. Bütövlükdə götürdükdə, görürük ki, Türkiyədə Amerikanın başının çəkdiyi bir gərginlik ortamı var, bu bir gerçəkdir. İkili görüşdə Türkiyə-Amerika münasibətlərində yaranan gərginlik, bu gərginliyin qısa zamanda aradan qaldırılması məsələsi daha çox müzakirə mövzusu olacaq. Açığı, soyuq münasibətlərin qısa zamanda aradan qaldırılması real görünmür. Çünki Amerikanın Yaxın Şərq siyasəti ilə Türkiyəninki fərqlidir. Türkiyə də bölgədə güc olmaq yolunda hərəkət etməyə çalışır. Amma Amerikanın bunun əksinə bölgədə dəstək verdiyi ölkələr fərqlidir. Ona görə problemlər davamlı olacaq. Bunlar bu gün baş verən hadisələrdir. Yaxın keçmişdə belə nümunələr az olmayıb. Amerikanın zaman-zaman Türkiyəyə qarşı təpkilərinin dəfələrlə şahidi olmuşuq”.

Müsahibimiz Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların tamamilə aradan qaldırılacağı yönündə deyilənlərə də toxundu: “Bu, belə deyil. Doğrudur, sanksiyalar aradan qaldırıldı. Amma bu, ilk dönəmlərdə yaranan krizisdə tətbiq edilən sanksiyalar idi. Amma bununla problemin aradan qaldırıldığını söyləmək çox çətindir. Amerika kimi bir ölkənin NATO-dakı müttəfiqi Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi çox üzücü və düşündürücüdür. Bəzi məsələlərdə belə qərarlar verməmək mümkün idi. Türkiyə Amerika üçün önəmli bir partnyordur. Belə olmasına baxmayaraq, ABŞ Türkiyə üzərində diktə etməyə çalışır. Nəticədə proseslər bu şəklə gəlib çıxır”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın