Özbəkistanda Azərbaycan diasporası: xidmətlər və fəallığı

16, 09, 18
20:28

Özbəkistanda Azərbaycan diasporası: xidmətlər və fəallığı

Azerbaycanrealligi.com saytı Azərbaycan icmaları barəsində məqalələr seriyasını davam edir. Növbəti dayanacağımız Özbəkistandakı diaspor təşkilatımız və orada fəaliyyət göstərən Respubilka Azərbaycan Milli Mədəniyyət Mərkəzi”dir. Qeyd edək ki, Özbəkistan Respublikasında Azərbaycan dövləti tərəfindən dəstəklənən bir sıra təşkilat və cəmiyyətlər vardır. Bunlardan “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” 2003-cü ilin yanvarında təsis edilmişdir. Cəmiyyətin nəzdində “Azəri” qızlar rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv 2003-cü ildə Özbəkistanda keçirilən dostluq və mədəniyyət festivalının laureatı olmuşdur. Paytaxt Daşkənd şəhərində “Qardaşlıq” adlı Azərbaycan Mədəniyyəti Mərkəzi, “Azərbaycan Evi” də fəaliyyət göstərir. “Azərbaycan Evi”ndə ana dili və kompüter üzrə siniflər; güləş zalı; kitabxana; Heydər Əliyev adına muzey; “Azərbaycan xalqına qarşı genosid” ekspozisiyası mövcuddur.  
    

 Azerbaycanrealligi.com-un bugünkü müsahibi Özbəkistan Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının rəhbəri Firdovsi Hüseynovdur. Firdovsi bəy çalışdığı Özbəkistan Respublikası Azərbaycan Diaspor Cəmiyyətinin fəaliyyətindən danışaraq həmyerlilərimizə göstərdikləri mənəvi, hüquqi xidmətlərdən məlumat verdi. O bildirdi ki: “Özbəkistanın müxtəlif vilayətlərində 40 mindən çox azərbaycanlı məskunlaşıb. Təbii ki, bizim hansı ölkədə yaşamağımızdan asılı olmayaraq bir azərbaycanlı kimi öz milli mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamaq, onu gənclərə çatdırmaq cəmiyyətimizin əsas fəaliyyətidir. Buna görə də, biz nəinki öz milli mədəniyyət mərkəzimizinin daxilində cəmlənmiş azərbaycanlıları, həmçinin digər mədəniyyət mərkəzlərinin nümayəndəliklərini də tədbirlərimizə dəvət edirik, iştiraklarını təmin edirik. Özbəkistanda diaspor təşkilatı kimi bu ölkə daxilində bir neçə vilayətdə filiallarımız var. Ümumilikdə 5 vilayətdə: Səmərqənd vilayəti, Buxara vilayəti, Sırdərya vilayəti, Nəvai vilayəti, Daşkənd vilayəti və Daşkənd şəhərində yerləşib daimi fəaliyyət göstərir. Təşkilatımız nəinki Özbəkistandakı, həmçinin Azərbaycan mədəniyyəti ilə bağlı Azərbaycanın özündəki, Azərbaycan dövlətində də gedən prosesləri izləyir, yəni Azərbaycanın xaricdə olan milli və dövlət marağını qorumaqda, dəstəkləməkdə, onu işıqlandırmaqda, Azərbaycan reallıqlarını xarici ölkədə təbliğ etməkdədir. Bu, bizim əsas işlərimizdəndir. Biz buna böyük önəm veririk.”
  
    
 Müsahibimiz azərbaycanlıların müxtəlif sahələrdə qarşılaşdığı çətinliklər, hüquqi davranışlar və Özbəkistan Respublikasında mövcud qanunlarla bağlı məsələlərdə cəmiyyətin göstərdiyi dəstək, konkret fəaliyyətlərdən də bəhs etdi: “Diaspor üzvləri ən müxtəlif səbəblərlə bizə müraciət edirlər. Biz də imkan daxilində hərəkət edirik, bütün əlimizdən gələni əsirgəmirik. Həqiqətən, onların içində xəstələr də olur, yaxud da hüquqi mühafizəyə ehtiyacı olanlar da olur və yaxud da ki, elə Vətənə gedib-qayıtmaq məsələsi olur. Gənclərin universitetlərə qəbul olmasından ötrü onlara xarakteristika, yaxud da xasiyyətnamə verməklə onlara dəstək oluruq.”  
  
 
 Özbəkistandakı Azərbaycan diaspor təşkilatının rəhbəri Firdovsi Hüseynov soydaşlarımızın milli dilimizi yaşatması və ənənələrimizdən uzaq düşməməsi üçün atılmış mühüm addımlardan söhbət açdı. Azərbaycan dilinin tədrisi məsələlərinin həmişə diqqət mərkəzində saxlanıldığını bildirdi: “Özbəkistanda bizim təşkilatdan başqa, həmçinin də, Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Milli Mədəniyyət Mərkəzi var. O, bizim səfirliyimizin nəzdindədir. Həmin Mədəniyyət Mərkəzinin nəzdində əvvəllər bazar günü kursları var idi, sonra isə tələbat artıqca orada həftədə üç gün “Azərbaycan dili kursları” təşkil olundu. Oranın rəhbəri Samir Abbasovdur. O, dərslərin sayını, tədris olunan günləri artırdı. Müəlliməsini də xüsusi qeyd etmək istəyirəm, Azərbaycandan gəlmiş çox təcrübəli müəllimədir, həm də başqa millətlərə də Azərbaycan dilini öyrədir, hamı da məmnundur.”      Azerbaycanrealligi.com saytının rəhbərliyi Özbəkistanın paytaxtı Daşkənd şəhərində və bütünlükdə Özbəkistan Respublikasındakı həmyerlilərimizin mədəni inkişafının təmin olunmasında, onların hüquqlarının və milli dəyərlərimizin qorunmasında diaspor təşkilatımızın və onun filiallarının fəallığı ilə əyani şəkildə tanış olduğundan bildirir ki, onlar bu ölkəyə səyahət edən vətəndaşlarımıza və orada məskunlaşmış soydaşlarımıza xüsusi diqqət göstərir və Vətən qarşısında xidmətləri təqdirəlayiq səviyyədədir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın