“Mehdi Hüseynzadə” stadionunda inşaat xətası: açılış bu səbəbdən yubanır?

29, 04, 23
16:00

“Mehdi Hüseynzadə” stadionunda inşaat xətası: açılış bu səbəbdən yubanır?


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmirdən sonra açılışının yubanmasının səbəbi bəlli olub. Əldə etdiyimiz bilgiyə görə, arena qüsurlu inşa olunduğu üçün istifadəyə verilmir.

2019-cu ilin noyabrında dövlət başçısının sərəncamı ilə Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə büdcədən Sumqayıt şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Daha sonra maliyyə daha da artırıldı və işlərin yekunlaşdığı elan edildi.

Əslində, bir neçə aya bitməsi gözlənilən yenidənqurma işlərinin yalnız yaxınlarda başa çatması özü sual doğururdu. Müxtəlif səbəblər göstərildi və nəhayət, bir müddət öncə təməli 1963-cü ildə qoyulan arenanın hazır olduğu bildirildi. 18 min tamaşaçı tutumu olan idman qurğusunun “Sumqayıt”a ev sahibi olacağı günlər həsrətlə gözlənilir.

İndi isə bəlli olur ki, inşaatçılar düzgün işləməyib. Belə ki, stadionun daxilində layihədə nəzərdə tutulan xidməti otaqlar, otel, müxtəlif idman növləri üçün nəzərdə tutulan zallar, məşq meydanı hazır deyil. Layihədə nəzərdə tutulmasına baxmayaraq, büdcə xərclənib, plana isə əməl olunmayıb. Bundan başqa, idman qurğusunun havalandırma sistemləri düzgün quraşdırılmayıb, azarkeşlərin tribunalara rahat keçidi təmin olunmayıb.

Ən böyük qüsur işıqlandırma sistemi ilə bağlıdır. Belə ki, projektorlar düzgün qurulmayıb və oyunların keçirilməsi üçün uyğun deyil, meydanın tam işıqlandırılması mümkünsüzdür. Ən pisi odur ki, problemi kiçik düzəlişlərlə aradan qaldırmaq olmayacaq, projektorlar tamamilə sökülməli, başqa yerdə quraşdırılmalıdır. Bu isə stadionun dizaynına xələl gətirəcək, üstəlik, ciddi dəyişikliklərə səbəb olacaq.

Təbii ki, belədə həm əlavə xərcə ehtiyac var, həm də açılış mərasimi yubanacaq. Layihədə nəzərdə tutulan işlərin büdcəylə uyğunlaşdırılmaması, pulun xərclənməsinə baxmayaraq, bütün işlərin yekunlaşdırılmaması isə ayrı mövzudur.

Xatırladaq ki, bu arenanın bünövrəsi qoyularkən də problem yaranmışdı. Belə ki, stadionun tikilməsi haqda qərar 1954-cü ildə verilmiş, təməli isə yalnız 9 il sonra atılmışdı. Stadion o vaxt da 3 ilə tikilmiş, 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi. İndi isə daha müasir texnilaların mövcud olduğu bir zamanda arenanın yenidən qurulması hətta 4 ilə də yekunlaşmayıb.

Deyilənlərə inansaq, Azərbaycan Kubokunda cari mövsümün finalının öncə məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməsi planlaşdırılmışdı. Daha əvvəl isə rəsmi açılış mərasimi olacaqdı. Lakin yuxarıda qeyd etdiyimiz səbəblərdən proses hələ də uzanır, hətta yeni mövsümün startına kimi yubanması da mümkündür.

Əldə etdiyimiz xəbəri dəqiqləşdirmək üçün stadionun direktoru Nadir Quliyevlə əlaqə saxladıq. O, deyilənləri təkzib etdi: “Stadionla bağlı heç bir problem yoxdur. Hər şey qaydasındadır. Ot örtüyü, işıq sistemi yerindədir. Arena Prezident İlham Əliyevin sərəncamı ilə tikilib və açılışı dövlət başçımız etməlidir. Onun proqramına uyğun olaraq açılış olacaq”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın