"Qarabağ" üçün tapılmayan 150 min avro və cocuqlar...

22, 08, 18
22:56

"Qarabağ" üçün tapılmayan 150 min avro və cocuqlar...

"Qarabağ"ın sabahkı oyununu Tiraspoldan yayınlamaq yenə problem oldu. Səbəbi CBC-sport öz bəyanatında yayıb. Klub 150 min avro istəyib! 150 min avro e! Məbləğə bax! Bu boyda pulu kim seyfində saxlayır!? Nə isə... Kanal da imkanların götür-qoy edib və canlı yayından imtina etməli olub. Qınayası deyil, bazar iqtisadiyyatıdır, hər biznes qurumunun xərcləyə biləcəyi məbləğ, büdcə layihəsi var.

Amma, fəqət və lakin...İndi Azərbaycanın Avropada yeganə təmsilçisi olan "Qarabağ" klubunun pley-off qarşılaşmasına necə baxaq? Bəs on minlərlə azarkeş nə etsin? Kimdir bu işlərə məsul? AFFA, klub, Az.TV? Mən cavabını bilmirəm! 
Amma adama təsir edir. Daha doğrusu, məyus!
Axı söhbət "Qarabağ"dan gedir. Mən bu addan sui-istifadə edənləri, bu adın altında gizlənib illərdir milyonlar qazananları demirəm. Onları deyirəm- "Qarabağ"ı dərdinə məlhəm bilənləri, stadionlara son manatını verib gələnləri, kluba ayağı olmasa da, qoltuq ağacı ilə gəlib dəstək verən əlilləri, yay-qış yarıac, yarıtox stadionda nəfəsi kəsilənədək bağıran gəncləri, "dədə, "Qarabağ" sabah oynayır e" deyib televizorun qarşısından çəkilməyən cocuqları deyirəm.
Biz özümüzü ovudaq: "Nə olar, yayınlanmasın, "Qarabağ" onsuz da ləyaqətli oynayacaq" deyə bilərik. Cocuqları isə aldatmaq olmur e. Çünki onlar 150 min avroya qonşunun oğlunun maşın aldığını biilr. İnternetdə hansı məmurun məşuqəsinə 300 minə villa aldığını oxuyur.
Ona görə də "yəni bir maşının puluna "Qarabağ"ın oyununa vermək olmazdı" deyə soruşar.. .Ah, uşaqlar, uşaqlar...Siz "Qarabağ"ı və Qarabağı sevməkdə davam edin. Qarabağ Bakıdan 150 kilometr uzaqda deyil, lap uzaqdadır. Tiraspoldan da uzaq..."Qarabağ" isə qalib gəlib qayıdacaq...İnan, qaqa, buna inan!
Image result for QarabaÄ qol sevinci

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın