Moskvadakı soydaşlarımız yeni konsepsiya ilə fəaliyyətə başladı - VİDEO

16, 03, 23
23:19

Moskvadakı soydaşlarımız yeni konsepsiya ilə fəaliyyətə başladı - VİDEO


Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporlar, ictimai təşkilatlar həm də dövlət siyasətinə çevrilib. Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birlikləri və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir.

10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilmiş qərara görə, Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsi iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.

Təşkilatın üzvü olan Rusiyada yaşayan soydaşlarımız bu seçimlə həm də öz iradəsini ortaya qoyub desək yanılmarıq. Çünki, əvvəlki rəhbərliyin bəzi fəaliyyətləri soydaşlarımız tərəfindən çox sərt qarşılanmışdı. Və belə olan halda “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatında yalnız rəhbərliyin dəyişməsi  və Rusiayda yaşayan soydaşlarımız mövqeyini qoruyan şəxsin rəhbərliyə gəlməsi qaçılmaz oldu. Heç də təsadüfi deyil ki, Bəxtiyar Həsənov vəzifəyə gələndə ilk açıqlaması xalqımızın mövqeyini əks etdirirdi:

"44-günlük Vətən Müharibəsi və Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi və əzmkarlığı, Milli Ordumuzun şücaəti və peşəkarlığı, xalqımızın və bütün dünya azərbaycanlılarının həmrəyliyi və dəstəyi əsasında qazanılmış tarixi parlaq Qələbə bizim hər birimizə unudulmaz fəxarət hissi yaşatdı.

Bu böyük hadisənin tariximiz üçün misilsiz əhəmiyyəti artıq əbədi olaraq milli şüurumuzda qızıl hərflərlə həkk olunub. Təbii ki, bizim hər birimiz qürur duyuruq ki, ərazisinin bir parçası işğal edilmiş tarixi Vətənimizin övladları yox, ərazi bütövlüyünü bərpa etmiş vahid Azərbaycanınımız olan tarixi Vətənimizin qürbətdə yaşayan övladlarıyıq. Əsl dostlarımız dünyanın hər yerində buna ürəkdən sevinir, düşmənlərimizin buna dair fikirləri isə öz mənasını itirib, çünki onlar belə kədərlərini içlərində boğub bu inkaredilməz və danılmaz fakt qarşısında qoyulmağa məcbur ediliblər və acizdirlər".

Qürbətdə yaşayan soydaşlarımız fərqli məqsədlər üçün vətəni tərk etməsi heç kimə sirr deyil. Bu da azərbaycanlıların birlikdə ictimai fəaliyyət göstərməsinə müəyyən maneələr yaradır. Təşkilatlanmada təbii çətinliklər yaranır ki, bunun da öhdəsindən güclü idarəçiliklə gəlmək mümkündür. Bəxtiyar Həsənovun fəaliyyəti dövründə təşkilatın fəaliyyətinə baxanda hiss olunur ki, irəliləyiş və inkişafa doğru ciddi addımlar atılır. Əldə etdiyimiz məlumatlara görə, Rusiyada çalışan iş adamları və ciddi mövqeyi olan şəxslər də “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatına üzv olmaqda davam edir.  Bəxtiyar Həsənov bu mövzuda öz mövqeyini belə bildirmişdi:

"Təcrid olunmaq, ictimai təşkilat adlanaraq reallıqda anormal anti-ictimai qapalı bir quruma çevrilmək ağlımızın ucundan belə keçmir. Mən düşünürəm ki, Moskvada yaşayan bir çox hörmətli ziyalılarımız, iş adamları və digər görkəmli soydaşlarımız işimizə dəstək verə və dəyərli təcrübələri ilə onu daha da səmərəli və məqsədəuyğun aparılmasında öz tövhələrini verə bilərlər. Həqiqətən də, bundan Rusiya paytaxtının çoxsaylı Azərbaycan ictimaiyyəti yalnız faydalana bilər. Buna görə də biz əlimizdən gələni edəcəyik ki, yeni iş modelini təcəssüm etdirən yenilənmiş diaspor təşkilatımız həmin faydalı əməkdaşlığın və tərəfdaşlığın platformu rolunu oynasın".

Son dövrlər regionda baş verən geosiyasi hərəkətlilik və bu hadisələrin mərkəzində Rusiya, Azərbaycanın olması bizim üçün də bir sınağa çevrilib. Bütün bu hadisələrin fonunda dövlətin xarici siyasəti ilə birlikdə qürbətdə olan ictimai təşkilatlar da öz ciddi mövqeyini ortaya qoymalıdır. Heç kimə sirr deyil ki, indiyə qədər bu iş heç də ürəkaçan formada olmayıb. İctimai-siyasi ekspertlərin də səsləndirdiyi fikirlərdən bəlli olurdu ki, diaspor təşkilatlarımız fəaliyyətində axsamalar var.

Bəxtiyar Həsənov illərlə yığdığı təcrübəyə əsaslanaraq, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatında yeni konsepsiya ortaya qoydu. İllərdir adət etdiyimiz iş sistemi və təkrarçılıq ilk olaraq təşkilatdan yığışdırılıb. Bu barədə danışan Bəxtiyar Həsənov da bəzi planlarını açıqlayıb:

"Azərbaycan diasporunun böyük bir hissəsi Moskvada yaşayır. Bəllidir ki, Moskva böyük meqapolisdir. Burada yaşayan vətəndaşlarımızın ümid yeri kimi fəaliyyət göstərəcək təşkilatlardan biri olacağımıza ümid edirəm. Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti demək olar ki, dondurulmuşdu, durğunluq vardı. Amma hazırda ətrafımıza topladığımız yeni komandamız ilə Milli-Mədəni Muxtariyyətin inkişaf konsepsiyasını hazırlamışıq. Bu konsepsiya üzrə məqsədimiz plan üzrə inkşaf etmək, azərbaycanlıların ümid yeri olduğumuzu doğrultmaqdır.

Soydaşlarımız ilə daim əlaqədə olmaq, onların problemlərini həll etmək və vətəndaşlar üçün öz qapımızı açıq saxlamaq bizim məqsədlərimizin başında dayanır. Bu gün Rusiyada diaspor fəaliyyəti öz aktuallığını itirib, köhnəlib. Biz artıq burada tam olaraq buna qarşı yeni model ortaya qoymaq niyyətindəyik. Diaspor fəaliyyətinin yeni modeli ilə diaspor arenasında fəaliyyətimizlə nümunə olmağa çalışacağıq".  

Moskvada yaşayan iş adamları əvvəllər fərdi şəkildə ictimai fəaliyyət və digər aksiyaları edirdilərsə, indi yeniləşən dünyanın reallıqlarını nəzərə alıb daha ciddi təşkilatların çətiri altında birləşməyi əsas hədəf qoyublar. Bu barədə Moskvada yaşayan iş adamı Xalid Rzayev bildirib. Onun sözlərinə görə, Bəxtiyar Həsənov təşkilata gələndən ciddi canlanma hiss olunur.

Ölkəmizin və soydaşlarımızın qarşısında duran hədəflərə doğru daha planlı gedə bilirik. Bu fəaliyyət də həm təşkilatın, həm də soydaşlarımızın gücünə güc qatır. Sonda onu da bildirək ki, reportajımıza Bəxtiyar Həsənovun bəzi məşhur xeyriyyə aksiyalarını əlavə etmək istədik, amma əldə etdiyimiz məlumata görə, Həsənov bu cür xeyriyyə işlərinin yayımlanmasının əleyhinədir. Təşkilata gəldiyi gündən şəxsi hesabına birçox üzvlərin problemini həll edən Həsənov bu fəaliyyətinə görə də, digər ictimai təşkilat rəhbərlərindən fərqlənir.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın