Zakir Fərəcov ətrafında araşdırma: həbs təhlükəsi, icra başçısı DTX yolunda - FOTO

16, 02, 23
10:00

Zakir Fərəcov ətrafında araşdırma: həbs təhlükəsi, icra başçısı DTX yolunda - FOTO


Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir. V. Talıbovun istefa verməsindən dərhal sonra Naxçıvan Dövlət Universitetinin prorektoru olan oğlu Seymur Talıbov tutduğu postdan könüllü şəkildə imtina edib. Ötən həftə isə Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbov sərəncama göndərilib.

Talıbovların daha bir nümayəndəsi – Dövlət Miqrasiya Xidmətində idarə rəis vəzifəsində çalışan Rza Talıbov da yol üstdədir. General Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə xəbər rəsmən təsdiqlənib. Məlumatlı şəxslər isə oğul-Talıbovun məzuniyyətinin bitməyəcəyini iddia edirlər. Onların qənaətinə görə, Rza Talıbov əmisi Məhərrəm Talıbovun aqibətini yaşayacaq. Məzuniyyət müddəti başa çatndan sonra gənc generalın da, əmisi kimi, sərəncama göndəriləcəyi bildirilir. Daxil olan məlumata görə, “təmizləmə əməliyyatı” təkcə Talıbovların sıradan çıxarılmasıyla yekunlaşmayacaq. Bu prosesin həm Naxçıvanda, həm də Bakıda Vasif Talıbova yaxınlığı ilə tanınan bütün məmurları əhatə edəcəyi vurğulanır.

Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yaxında yola salınacağı gözlənilir. Mənbə deyib ki, Zakir Fərəcovun fəaliyyətindən narazılıq son vaxtlar onsuz da geniş vüsət almışdı. Yəni qocaman icra başçısının “vurulması” gözlənilən idi. Sadəcə, Vasif Talıbovun qəfil istefası bu prosesi daha da sürətləndirdi.

Yeri gəlmişkən Sumqayıtdan seçilən deputatlardan birinə istinadən bir müddət öncə mediada maraqlı bir məlumat yayılmışdı. Adının çəkilməsini istəməyən deputat deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”. Yeri gəlmişkən icra başçısının avtomobilinin tez-tez DTX yolunda göründüyü deyilir.

Buna qədər həbs olunan icra başçılarının sərvətləri də ortaya çıxıb. Bu baxımdan Z.Fərəcov bir çoxlarını kölgədə qoya bilər. İctimai fəal Həbib Müntəzirin facebook-da yaydığı Fərəcovlar ailəsinin biznes imperiyası ilə bağlı məlymatla tanış olanda, Z.Fərəcovun hara getdiyini biləcəksiniz:

Sumqayıtda “Şahənə” şadlıq sarayı, Novxanıda dəniz kənarında “Kalyon” restoranı, Yeni Bulvar ərazisində “Dəniz”restoranı, Sumqayıtın girişində “OS- OİL”, Sumqayıtda “İST” petrol (50% onundur), Sumqayıtda “Səda Store”, 13-cü mikrorayonda “Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik), Sumqayıt bulvarına bitişik yaşayış massivi, Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, suşi və balıq restoranı, Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı, Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı Fərəcova aiddir.

Amma qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi, “Zəfəran” restoranı da ailənindir.

Həmçinin, Qurd dərəsi və Novxanı bağlarında 6 villası, Corat kəndində 1 villası, İzmirin Kuşadasında villası, Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil, Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil, Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa, Novxanıda hektarlarla bağ sahəsi var.

Fərəcov həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur. Habelə, “Əsnayə MMC” şirkəti kürəkəni Əkrəmindir. “LC-2008 MMC” şirkəti kürəkəni Müşviqindir.

“RAMİL-2000” Fərdi Firması kürəkəni Müşviqindir. “Ruslan-S” tikinti şirkəti qardaşı oğlunundur. Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.

Fərəcovların gücü özünü eyni zamanda vəzifələrdə göstərir. Qardaşı keçmiş millət vəkili Nazim Fərəcov, oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcovdur, bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcovdur, bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənovdur.

Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov, qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı, kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyevdir.

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev, qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov, Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov isə biznesmendir.

“NORF” adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.

Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.

Bu arada “Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumu imiş. Yenisabah.az xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir.

İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir.
Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə “Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın