Hacı Şahinin yediyi kolbasa: Halal “peçat”

03, 02, 23
12:00

Hacı Şahinin yediyi kolbasa: Halal “peçat”


Yaxşı məhsulun reklama ehtiyacı yoxdur. Yəqin ki, ölkədə bunu bilməyən yoxdur. Amma bu o demək deyil ki, reklam olunan bütün məhsullar pisdir. Əsla! Dünya brendləri reklama milyardlarla dollar xərcləyir. Yaddaşın yenilənməsinə həmişə ehtiyac var... 

Azərbaycanda reklam bazarı məhduddur. Bu bazardan yazılı və elektron KİV-ə qəpik-quruş düşür. O da televiziyalara çatır. 


Reklamın faydasını heç kim inkar edə bilməz. Psixologiya sözünün baş hərfindən xəbəri olmayan adamlar Zaurun, Elgizin, Tolikin verilişində reklam olunandan sonra pasiyentin birini 100, hətta 300 manata qəbul edirlər. Ağzında bircə sağ dişi olmayan həkimlər həmin verilişlərdə tanınandan sonra müştəri əlindən evə gecə saat 12-də gedib çıxırlar. Səsi olmayan, oxumaq əvəzinə at kimi kişnəyən bəzi "müğənnilər" reklamın hesabına toya 5-6 min manata gedirlər. 

Biz həmişə yerli istehsalın artmasının tərəfdarı olmuşuq. Düzdür, sabiq nazir Fərhad Əliyevə məxsus olan "Hamı yerli mal alsın, xeyir Vətənə qalsın" şüarı indi 2000-ci ilin əvvəllərində olduğu kimi populyar deyil. Amma yerli istehsalçılara dəstək olmaq həm də vətəndaşlıq borcudur. 
Hazırda Azərbaycanda yüzlərlə çeşid mal istehsal olunur. Araqdan kolbasaya, çaydandan fincana qədər... Amma bir çox müsəlman ölkələri üçün xarakterik olan halal-haram problemi Azərbaycandan da yan keçməyib. Azərbaycanlıların dilindən tez-tez bu sualı eşitmək olar: hansı firmanın məhsulunu yemək olar? Ət və ət məhsullarına, xüsusilə kolbasa və sosiska məhsullarına münasibətdə bu problem daha qabarıq şəkildə diqqəti cəlb edir. 

Ölkədə kolbasa və sosiska istehsalı ilə məşğul olan 10-dan çox firma var. Hamısı da "halal" kolbasa istehsal edir. Reklamlarında belə deyilir, üzərində məhz bu cür yazılır. 

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da istehsalçılar öz məhsullarının reklamına məşhurları cəlb edir. Dini kəsimə xitab etmək istəyən, onları öz müştərilərinin arasında görməyi arzulayan firmalar bu prosesdə tanınmış ilahiyyatçıların "xidmətinə" baş vururlar. Bu xidmətin pullu, yoxsa pulsuz olduğunu biz bilmirik. Bildiyimiz odur ki, ölkənin ən parlaq ilahiyyatçılarından olan Hacı Şahin də bu kampaniyaya qoşulub. 

Sosial şəbəkələr Hacı Şahinin kolbasa yediyi yerdə çəkilən şəkillərilə dolub-daşır. İştah diş altındadır. Nə yeyib, nə içəcəyinə hər kəs özü qərar verir. Amma söhbət ondan gedir ki, bu aclığı önləmək üçün yeyilən qida deyil, bu, məhsulun reklam üçün yeyilən qidadır. İstehsalçı əmindir ki, Hacı Şahin həmin kolbasadan yeyəndən sonra ona inanan, arxasında dayanıb ibadət edən minlərlə mömin həmin məhsulu almaq üçün marketlərə hücum edəcək. Bəs Hacı Şahin necə, həmin kolbasanın halal olduğuna 100 faiz əmindir? 

Dünən sosial şəbəkə iştirakçıları kolbasanı sol əllə yediyi üçün Hacı Şahinə irad bildirmişdilər. Dində sağ əllə yemək sünnət sayılırmış...

Hesab edirik ki, sağ, yaxud sol əllə yemək prinsipial məsələ deyil. Əsas odur ki, nə yediyini biləsən...

Seymur Verdizadə 


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın