Zakir Fərəcovla Vasif Talıbov arasında hansı bağlılıq olub: İcra başçısı nəyin qorxusunu keçirir?

31, 01, 23
10:00

Zakir Fərəcovla Vasif Talıbov arasında hansı bağlılıq olub: İcra başçısı nəyin qorxusunu keçirir?


Son günlər adı borc qalmaqlında hallanan Sumqayıtın icra başçısı Zakir Fərəcovun haqqında yeni məlumatlar dolaşmağa başlayıb. Daha doğrusu, icra başçısının Naxçıvanda baş verən hadisələrdən sonra ciddi təşviş keçirdiyi, hətta bərk qorxuya düşdüyü barədə məlumatlar dolaşır.

Zakir Fərəcovun qorxusunun konkret səbəbi məlum deyil. Yalnız bilinən odur ki, icra başçısı Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla adının birgə çəkilməsindən bərk narahatdır. Hətta bu yaxınlarda Ağ Partiya rəhbəri Tural Abbaslının “əgər Zakir Fərəcovun adı Vasif Talıbovla əlaqələri üzə çıxarsa” deməsi onun o qədər narahat olmasına səbəb olub ki, üzərinə həkim belə çağırıblar.

Amma nə Zakir Fərəcov, nə də onun yaxınları Vasif Talıbov məsələsinin icra başçısının yuxusunu ərşə çəkməsi ilə bağlı heç bir məlumat vermirlər. Hətta yaxın adamları bu qorxunun konkret olaraq nədən qaynaqlandığı barədə elementar bilgiyə sahib olmadıqlarını da deyirlər.

Maraqlı məqam odur ki, Zakir Fərəcov özündən yüksək vəzifə sahiblərinə hər zaman əliaçıq olub. Onun müxtəlif vaxtlarda, müxtəlif nazirlərə bahalı hədiyyələr verməsi də sirr deyil. Məsələn, hələ 10 il öncə Faərəcovun ləğv edilmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudova unikal, həm də dəyəri 4 milyon manat olan villa hədiyyə etməsi bunlardan biridir. Belə ki, Pirşağıda inşa edilən bu villanın unikallığı ondan ibarətdir ki, tikili general furajkası şəklindədir. Yuxarıdan baxdıqda general papağının aydın göründüyü deyilir.

Həmin vaxt, daha doğrusu, Mahmudovun biabırçı şəkildə işdən çıxarılmasından sonra bu məslə üzə çıxsa da, icra başçısı bir təhər yaxasını qurtara bilmişdi. O, bu addımını səlahiyyətli şəxslərə Mahmudovun onu sıxışdırması və məcbur etməsi ilə əsaslandırmışdı. Hərçənd hamı onun niyə belə bir bahalı hədiyyə verməsinin səbəbini yaxşı bilirdi. Çünki bu hədiyyəsindən sonra Fərəcovun yaxın qohumlarının MTN-də işə düzəlməsi ilə yanaşı, onun bir çox həll olunmayan işlərinin yoluna düşməsinə nail olmuşdu.

Güman edilir ki, Zakir Fərəcovu Vasif Talıbovla bağlayan əsas səbəb və qorxuya düşməsi də bununla bağlıdır.  Yəni, Fərəcov Talıbova da olduqca bahalı hədiyyə edib. Lakin bu hədiyyənin ölkə daxilində deyil, xaricində verildiyi ehtimal edilir. Talıbovun oğlu Seymurun adına Gürcüstan və ya Türkiyədə bahalı obyektlərdən birinin hədiyyə olunması müzakirə predmetlərindən biridir. Lakin bu müzakirələrdə konkret olaraq hansı obyekt və ya obyektlərdən söhbət getdiyi bilinmir.

Maraqlı məqamlardan biri də odur ki, Fərəcovun belə bahalı hədiyyə təqdim etməsi Vasif Talıbovun görəvdən alınmasından çox az əvvəl baş verib.

İddia edilir ki, hədiyyə təqdim etmə prosesi ötən ilin sentyabr-oktaybr aylarına təsadfüf edib ki, bu da uzaq tarix olmadığından Fərəcovu qorxuya salmağa başlayıb.

Diqqətçəkən bir məqamı da vurğulayaq ki, Zakir Fərəcovun son zamanlar iri borca düşməsi, bu səbəbdən də Sumqayıt şəhərində abadlıq işlərini həyata keçirən sahibkarların pullarını verə bilməyib. İddialara görə, bu borcun ümumi məbləği 46 milyon manatdır. Borc sahibləri  arasında isə yerli sahibkarlarla yanaşı, çinli və türk iş adamlarının olduğu deyilir.

Bəzi iş adamları hesab edir ki, Zakir Fərəcovun bu qədər pulu özünə götürməsi hansısa iri çinli məmura və ya xaricdə bahalı obyekt almasına sərf etməsindən qaynaqlanıb. Onların sözlərinə görə, Fərəcovun belə bahalı hədiyyələr təqdim etməsi ilk hal deyil. Bundan öncə də ayrı-ayrı məmurlara eyni jestləri edib. Bu sırada hətta keçmiş baş prokuror Eldar Həsənovun olduğunu deyənlərin də olduğu bildirilir.

Qəribədir ki, sahibkarlar pullarını geri tələb edərkən, Fərəcov onlardan ya qaçır, ya da vaxt istəyir. Lakin dediyi vaxt gəldikdə isə müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırır.

Onu da bildirək ki, Sumqayıtın icra başçısı öz yaxın adamlarına deyib ki, borc içində batır. Hətta bütün mülklərini belə banka qoyaraq, müqabilində kredit götürsə də, həmin borcları bağlaya bilməyib. Görəsən, Fərəcovu bu qədər borca salan səbəb nə olub? Bu barədə yaxın günlərdə maraqlı araşdırmamızı təqdim edəcəyik…

Qarşı tərəfi də dinləməyə hazırıq. (Jamaz.info)

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın