Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu - Vəfat edən Orxan Əsgərov şəhid elan edilib

27, 01, 23
12:00

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu - Vəfat edən Orxan Əsgərov şəhid elan edilib


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb.

Hücum nəticəsində bir nəfərin həlak olduğu, daha bir nəfərin isə yaralandığı bildirilir.

“Mouze” teleqram kanalının məlumatına görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib.

Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

Hücum edən şəxs saxlanılıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

“Caliber” xəbər verir ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

Azərbaycan XİN-in məlumatına görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib.

Orxan Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.

Qeyd edək ki, xarici ölkələrdəki səfirliklər təmsil etdiyi ölkənin suveren ərazisi hesab edilir.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın