Kosmetoloq Elnarə Rzayeva həbs oluna bilər – Vəkildən ekskluziv açıqlama

Cəmiyyət
 26-07-2018, 16:56     1 780

Nəsimi Rayon Polis İdarəsi vətəndaşlar Firudinova Validə Musa qızı və Məmmədova Cəmilə Rəşad qızı "Dr.Elnarə Rzayeva” estetik mərkəzinin direktoru Rzayeva Elnarə Ramiz qızı barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar verib.
Bizimyol.info-ya zərərçəkmiş şəxslərin Cəmilə Məmmədovanın və Validə Firudinovanın vəkili Toğrul Allahyarov bildirib.

"Qərara əsasən bədən xəsarəti yetirilmiş Məmmədova Cəmilə Rəşad qızı zərər çəkmiş şəxs qismində tanınıb. Validə Firudinovanın iddiası ilə bağlı iş Nəsimi rayon Məhkəməsində araşdırılır”,-deyə vəkil bildirib.


O, qeyd edib ki, iddiaçılar kosmetoloq Elnarə Rzayevadan 17 min manatdan artıq təzminat tələb edirlər: "Elnarə Rzayevanın adına avtomobili yoxdur. Onun adına daşınmaz əmlakının olub-olmaması ilə bağlı müvafiq quruma sorğu göndərilib”.

Vəkil Toğrul Allahyarov onu da bildirib ki, digər şəxslər tərəfindən də kosmetoloq Elnarə Rzayeva qarşı məhkəmə iddiaları var.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məsələ ilə bağlı Elnarə Rzayevanın da mövqeyini dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com