"Ukraynaya qarşı müharibədə İranın Rusiyaya raket və PUA dəstəyi verməsi həm islam dininə, həm də insanlığa ziddir"

17, 10, 22
14:00

"Ukraynaya qarşı müharibədə İranın Rusiyaya raket və PUA dəstəyi verməsi həm islam dininə, həm də insanlığa ziddir"


Yaxın və orta perspektivdə Tehran mollalarını yaxşı heç nə gözləmir 

Keçn gün ABŞ-ın “The Washington Post” qəzeti sensasiyalı bir açıqlama ilə bildirdi ki, İran Ukraynada müharibə üçün Rusiyaya “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini vermək istəyir. Bu məlumatın mənbəyinin ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyat orqanları olduğu bildirilir. Ehtimal olaraq bu müttəfiqin İsrail və Böyük Britaniya ola bilər. 
 
Bu raketlər barədə yerli mətbuatda məlumatların qıtlığını nəzərə alaraq əvvəlcə “Fateh-100”, növbəti dəfə isə “Zülfüqar” qısa mənzilli ballistik raketlər barədə oxuculara məlumat veriləcək. 
 
İranın raket potensialı 

İran Yaxın Şərqdə yaxın və orta mənzilli raketlərin ən böyük və ən müxtəlif arsenallarından birinə malikdir. Əvvəllər İran raketlərinin potensialı yüksək qiymətləndirilmirdi, lakin son illərdə bəzi müasir elektron optik sistemlərin yerli plagiat versiyalarının yaradılması ehtimal olunur. 
 
Fateh-110 

“Fateh-110” raket kompleksi İranın Aerokosmik Sənaye Təşkilatı tərəfindən istehsal edilib. Mobil, təkpilləli, qatı yanacaqlı və yaxın mənzilli raket yerüstü atıcı qurğudan quru hədəflərinə zərbə endirmək üçün nəzərdə tutulur. 
 
“Fateh-110” ən yeni versiyaları həm güclü, həm də nisbətən daha qısa məsafələrdə kifayət qədər dəqiq hesab olunur. Son raket versiyaları idarə etməyə imkan verən elektro-optik tuşlama sistemləri ilə təchiz olunub.
 
İlk təqdimatı və silahlanmaya qəbulu 

“Fateh 110” operativ taktiki raketinin baza versiyası 2002-ci ildən İran silahlı qüvvələrinin silahandırmasına təqdim edilib. Bu raketlər 2010-cu ildən sonra bir neçə dəfə İranda keçirilən “Böyük Peyğəmbər-7” hərbi təlimlərində və paradlarda ictimaiyyətə təqdim olunub.
 
Son 3-cü versiyası isə silahlanmaya 2012-ci ildən qəbul edilib. Başqa sözlə desək İran raket kompleksini son texniki tələblərə uyğunlaşdırmaq üçün ən azı 10 il sərf edib. Raket yaxın mənzilik ballistik sursatlar sinifinə daxildir. 
 
Əsas istifadəçiləri 

“Fateh-110” raketləri hazırda Şimali Koreya və Suriya ordusunda istifadə edilir. Yəmənə verilməsi də istisna edilmir. Rusiya isə 3-cü rəsmi istifadəçi olmağa hazırdır.
 
Tətbiqi 

“Fateh-110”raketlərindən Suriya vətəndaş müharibəsində İran və Suriya tərəfindən istifadə edilib. Bu iki ölkə tərəfindən təsdiqlənən tətbiq faktlarından başqa “Fateh-110” raketlərindən Livandakı "Hizbullah" qruplaşmasına da ixrac edildiyinə dair geniş məlumatlar var.
8 yanvar 2020-ci ildə İran “Fateh-110” və “Qiam-12” raketlərindən Bağdad ərazisində keçirdiyi "Şəhid Süleymani" əməliyyatında ABŞ-a qarşı istifadə edib. 
 
Əsas texniki xüsusiyyətlər 

Maksimum atəş məsafəsi: 300 km
Start kütləsi: 3500 kq
Döyüş başlığının kütləsi: 448 kq
Hədəfdən mümkün yayınmsı: 3 m
 
İnkişafı 

“Fateh-110” raketi İranın idarə olunmayan “Zilzal-2” raketinin bazasında hazırlanıb. Əsas fərqi “Fateh-110”-da tuşlama sisteminin əlavə edilməsindən ibarətdir.  “Zilzal” sinfli raketlərinin hazırlanması 1990-cı illərə təsadüf edir. 2000-ci illərdə müəyyən qədər təkmilləşdirilsə də, aşağı dəqiqlikdə olduğuna görə çox istifadə edilməyib. Bu sinfə aid “Zilzal-1”, “Zilzal-2” və “Zilzal-3”ün inkişaf etdirilməsi İranın gələcək ballistik raketləri üçün önəmli olsa da, heç biri orduda geniş istifadə edilməyib.
 
“Fateh-110” raketinin ilk nəsli 2002-ci ilin sentyabrında sınaqdan keçirilib və qısa müddət sonra kütləvi istehsalına başlanıb. Raketin ilkin uçuş məsafəsi 200 km olub. 2004-cü ilin sentyabrında ikinci nəsil “Fateh-110” raketi 250 km-ə qədər məsafəni qət edib. 2010-cu ildə təqdim edilən raketin üçüncü nəsli 300 km-ə qədər artırılmış uçuş məsafəsinə malik oldu. 2012-ci ilin dördüncü nəsli raketdə dəqiqlik daha da artırıldı. Raketin son versiyaları təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir. Uçuş məsafəsindən başqa faydalı yükün kütləsi də artırılıb. “Fateh-110” Suriyada "M-600" adı altında və lisenziya əsasında istehsal olunur.
 
Versiyaları 

1995-ci ildə 200 km mənzilli 650 kq daşıma bacarığına malik “Fateh-110”, 2004, 2010 və 2012-ci illərdə isə sıra ilə raketin “Fateh A-110A”, “Fateh A-110B” və “Fateh-110-D1” təkmilləşdirilmiş versiyaları İran hərbçilırinin xidmətinə verilib. 
 
İranın Rusiyaya PUA dəstəyi 

İran Rusiyanın Ukraynadakı ədalətsiz və işğalçı məqsədlərə xidmət edən döyüş əməliyyatlarını birmənalı olaraq dəstəkləyir. Avqustun ortalarında Rusiyanın İrandan 1000 ədəd kamikadze tipli pilotsuz uçan aparatı aldığı da məlum olmuşdu. İran rəsmi olaraq Rusiya Federasiyasına pilotsuz vasitələrin verilməsini inkar etməkdə davam edir. Bunun fonunda Ukrayna İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək barədə kəşfiyyat məlumatlarını bölüşmək istəyi ilə İsrailə müraciət edib. Ukrayna kəşfiyyatının məlumatına görə, ümumilikdə Rusiya İrandan 2400 pilotsuz vasitə sifariş edib.
 
Ukraynanın hava hücumundan müdafiə bölmələri sentyabrın 13-də Xarkov vilayətində ilk İran pilotsuz vasitəsini vurublar. Sentyabrın 23-də isə Ukrayna zenitçiləri “Mohajer-6” hücum pilotsuz vasitəsini vurdular. İndi bu pilotsuz uçuş aparatı Ukrayna Silahlı Qüvvələrində aktiv istifadə olunur.
 
Nəticə 

Rusiyanın özü ciddi raket istehsal potensialına malik olduğu halda İrandan ballistik raketlər ixrac etməsi, bir daha Rusiyanın müdafiə sənayesinin ciddi problemlərlə qarşılaşdığından xəbər verir. İran raket ixracatında ciddi paya malik olmasa da, qarşılaşdığı təhdidlərin neytrallaşdırılması və ya aradan qaldırılması məqsədilə bir neçə müxtəlif sinifə aid raket komplekslərini və onların sursatlarını inkişaf etdirib. Maraqlısı odur ki, vaxtilə ərazisi işğal altında olan Azərbaycana raket satmaqdan imtina edən İran, hazırda Ukraynanın işalını dəstəkləmək məqsədilə Rusiyaya raket satmaq niyyətindədir. Əgər İslam həmrəyliyi, din qardaşlığı budursa, o zaman İranın İslam dininin “İ” hərfindən xəbəri yoxdur. Əslində 30 illik işğal dövründə bir dəfə də olsun darmadağın edilən Azərbaycan əraziləri və ya mıruz qaldığımız soyqırım faktları barədə kəlmə kəsməyən İran rəsmilərindən bundan artığını da gözləməyə dəyməzdi.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən səsini çıxarmayan İranın bu gün tarixi torpaqlarına qayıdan qalib Azərbaycanın uğurlarına qısqanclıqla yanaşması, Tehran rejiminin əsl mahiyyətini də ortaya qoyur. Vətən Müharibəsində Qələbəmizdən sonra sərhədlərimizdə davamlı hərbi təlimlər keçirən əmmaməli islam düşmənləri bu fəaliyyətləri ilə həm Arazın o tayında, həm də Arazın bu tayında daha çox nifrət qazanırlar. Azərbaycanın mülki təyyarə ilə hərbi təyyarəni ayırd edə bilməyən İran ordusunun 5 -10 maşın ilə aşağı yuxarı hərəkət etməsindən narahat olacağını düşünənlər yanılırlar. 
 
Rusiyaya veriləcək İran raketlərinə gəlincə isə, bu silahların Ukraynada davam edən müharibənin gedişatına ciddi təsir edəcəyi o qədər də inandırıcı deyil, çünki nə Suriyada, nə də Livanda İran silahları özünü həlledici faktor kimi təsdiqləyə bilməyib. Bunu İrandan Rusiyaya verilən PUA-ların timsalında da müşahidə etmək mümkündür. Məsələn, İrandan Rusiyaya verilən “Mohajer 6” PUA-sının Ukrayna Ordusu tərəfindən qənimət kimi ələ keçirilməsi və rus qoşunlara qarşı istifadəsi faktı ictimaiyyətə məlumdur. Ukraynaya qarşı müharibədə İranın Rusiyaya köməyi həm islam dininə, həm də insanlığa ziddir. 
 
İstənilən halda İran da, Rusiya da ciddi sanksiyalara məruz qalan ölkə kimi, müasir idarəetmə və tuşlama sistemlərini əldə edə bilmir. Bu isə silahların həm idarəetməsinin ələ keçirilməsinin qarşısını almağa, həm də nöqtə atışları həyata keçirməyə imkan vermir. Amma bu silahların qeyri-dəqiqliyi onların dağıdıcı gücünü istisna etmir. Odur ki, Rusiya arsenalında İran raketlərinin peyda olması, Ukrayna ərazisində növbəti dağıntıların və itkilərin artması ilə müşahidə olunacaq. Rusiyaya raketlərin çatdırılması NATO-nun, xüsusilə də ABŞ-ın İrana qarşı növbəti sanksiya tətbiq etməsi ilə nəticələnəcək. Bütün bunlara İranın daxilində baş verən etiraz aksiyalarını da əlavə etsək, yaxın perspektivdə Tehran mollalarını yaxşı heç nə gözləmir. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın