Dəniz haralarda hasarda qalıb - “işğal” tam bitməyib

08, 07, 22
15:00

Dəniz haralarda hasarda qalıb - “işğal” tam bitməyib


Bəs Novxanı nə vaxt hasarlardan  və restoranların “işğalından” azad ediləcək?

Ötən həftə Bakının Xəzər rayonunun Buzovna kəndi ərazisindəki çimərlikləri “işğal”da saxlayan hasarlar buldozerlərlə dağıdıldı. Sadə Azərbaycan vətəndaşlarının çimərliklərə çıxışına mane olan hasarlar, baryerlər və şlaqbaumlar söküldü. Görülən işlər çərçivəsində xüsusilə diqqət çəkən ərazidəki milyonlarla dollarlıq villanın hündürlükdə az qala “Eyfel” qülləsi ilə rəqabətə girə biləcək  beton hasarı da ağır texnikanın tırtılları altında qaldı.

Yerli sakinlərin verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküntü işləri davam edir və iş tempi daha da sürətləndirilir. Sahilin hasarların əsarətindən azad edilmiş ərazisi ictimai çimərliklərə birləşdiriləcək. Yerli sakinlər həmin əraziyə baş çəkib və orada simvolik piknik ediblər. Ancaq bu cür paylaşımların altında maraqlı şərhlərə rast gəlirik. Novxanı qəsəbəsinin sakinləri  və digər vətəndaşlar iddia edirlər ki, dənizin daha çox zəbt edilən ərazisi məhz Novxanının payına düşür. Onlar sual edir: bəs Novxanı nə vaxt hasarlardan  və restoranların “işğalından” azad ediləcək? Daha haralarda qalır hasarlar? Novxanıda mümkündürmü? Orada yəqin ki, məmurlara bağlı obyektlər və hasarlar daha çoxdur...

Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlikdir. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7–8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Sahil boyu restoran, kafe, otel və pullu çimərliklər yerləşir. Ərazidə bir qarış da boş yer tapmaq müşkül məsələdir.  Şəhər kənarı çimərlikləri ilə müqayisədə suyunun tərkibi nisbətən normaldır. Odur ki, çimərlik sevərlərin üz tutduğu məkanlardan biri də Novxanı çimərliyidir. Amma restoran, kafe və özəl çimərliklər istirahətini dəniz sahilində keçirmək niyyətində olan vətəndaşların istəklərini ürəklərində qoyur. Uzun illərdir ki, dənizin içinə qədər uzanan daş hasarlarla Xəzər sahili Azərbaycan vətəndaşının üzünə bağlıdır.

Hazırda vəziyyət dəyişib. Dəniz sahili boyunca yollar sadə Azərbaycan vətəndaşının  üzünə açılıb. Səbəb isə heç də Bakı meri Eldar Əzizovun qətiyyətli qərarında deyil.  Xəzərin səviyyəsi enib və dəniz suyu sahilboyu geri çəkilməklə hasarlardan 5-10 metr “qaçıb”. Nəticədə sahilboyu yollar açılıb.

Xəzər məmurların xalqa qarşı hasar cinayətinə bu şəkildə “cavab” verib. Ekoloqlar da deyir ki, Xəzərin səviyyə dinamikası bundan sonra da dəyişməkdə davam edəcək. Hətta Xəzərin Aral dənizinin aqibətini yaşamaq kimi qorxulu proqnozlar da səsləndirilir.

Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu  da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Ekoloqlar Xəzərdə suyun səviyyəsinin artacağı ilə bağlı konkret proqnoz verməkdən çəkinirlər. Deyirlər ki, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən 5 Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Daimi müşahidələr göstərir ki, hazırda dəniz səviyyəsi aşağı enməkdə davam edir.

Bununla belə dəniz sahilindəki hasarların sökülməsi də aktuallığını saxlayır. Əsasən məmur tayfası dəniz sahilini bütünlüklə hasarlayıblar. İnsanlar çimərliklərə çatmaq üçün on kilometrllərlə yol qət etməli olur.

Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur. Hər il daha da artır. Oliqarxalara isə anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir, bura “oliqarx şıltaqlıqları” məkanı deyil. Azərbaycanda Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar var. Torpaq Məcəlləsinin 46-cı maddəsində elə belə də yazılıb ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

Mövcud duruma nəzər salanda məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Ancaq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Məsələ illərdir ki, parlamentin müzakirə mövzularındandır. Hər yay mövsümündə deputatlar sahilboyu hasarlar problemini qaldırırlar. Amma nəticə yoxdur. Ötən yay mövsümündə də belə oldu. Milli Məclisin plenar iclasında deputat Fəzail Ağamalı Xəzər sahilinin hasarlanması problemini qaldırdı.
“Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar” deyə, deputat bildirdi.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov  deyib ki, hasarları uçurmaq yaxşıdır, amma bu məsələ kökündən həll edilməlidir: 

“Qanunda torpaqların zəbti ümumi olaraq göstərilir. Torpağın zəbt edilməsi Cinayət Məcəlləsinin 188-ci - torpaq üzərində mülkiyyət hüququnu pozma maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bu maddənin tələbini pozanlar 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 200 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Yəni dəniz sahilini zəbt edənlər qanunun “yumşaq”lığından istifadə edirlər. Çox təəssüflər olsun ki, hasarlanmaya görə cərimələr tətbiq edilsə də, dəniz sahili boyunca hasarların sökülməsini müşahidə etmirik. Qanunun bu şəkildə tətbiqi dəniz sahilinin zəbtinə geniş imkanlar yaradır”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın