Hamının tənqid etdiyi Cahangir Əsgərova mükafat verildi

17, 06, 22
16:30

Hamının tənqid etdiyi Cahangir Əsgərova mükafat verildi


Son günlər Naxçıvana təyyarə biletlərinin bahalığı və bu istiqamətə reyslərin azlığına görə tənqid hədəfinə çevirilən AZAL prezidenti Cahanghir Əsgərov mükafat alıb.

“Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda şirkətin yaydığı xəbərdə bildirilir. Xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu  Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfədir ki, ən yaxşı hava limanları reytinqinə başçılıq edir. 

Azərbaycanın əsas hava limanı növbəti dəfə nüfuzlu “Skytrax” beynəlxalq agentliyinin qiymərləndirməsinə görə World Airport Awards 2022 “Mərkəzi Asiya  və MDB üzrə ən yaxşı hava limanı” mükafatına layiq görülmüşdür. Hava limanları üçün bu mükafat sənayenin keyfiyyət etalonudur.
Həmçinin bu il ilk dəfə olaraq Bakı hava limanı daha bir mühüm nominasiyada – “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.

“Biz şadıq ki,  Heydər Əliyev Beynəlxalq Aeroportunda sərşinlərə göstərilən yüksək səviyyəli xidmət növbəti dəfə ən yüksək qiymətə layiq görülüb. Təqdim edilən mükafatlar bir daha Azərbaycanın aviasiya sənayesinin inkişafına göstərdiyimiz xidmət və töhfələrimizin xarici həmkarlarımız tərəfindən təsdiq olunduğunu sübut edir”, - deyə AZAL prezidenti  Cahangir Əsgərov bildirib.

2022-ci il üçün Skytrax mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən World Airport Survey sorğusuna əsaslanır. Sorğu zamanı hava limanlarında sərnişinlərə göstərilən xidmətin və hava limanı xidmətlərinin keyfiyyəti qiymətləndirilib. 
Bu xidmətlər sırasında əsas səmərəlilik göstəriciləri üzrə sərnişinlərin qeydiyyatı, gəlmə və transfer zonaları, təhlükəsizliyə nəzarət, alış-veriş, pasport nəzarəti və uçuş prosedurları əsas meyar kimi seçilir.

“Skytrax”ın World Airport Awards mükafatı beynəlxalq mülki aviasiyada ən nüfuzlu mükafatlardan biridir.

Hava limanlarının reytinqi xidmət keyfiyyətinin qiymətləndirilməsinin tədqiqi vasitəsilə formalaşır, hava limanları çoxsaylı meyarlar əsasında qiymətləndirilir.

Yoxlama və təqdim olunan mükafat hava limanının nəzarətindən və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyünün və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın