”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyinin insan hüquqlarına dair hesabat yaydı

06, 06, 22
12:00

”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyinin insan hüquqlarına dair hesabat yaydı


2022-ci ilin May ayı da Azərbaycanda İnsan hüquqları və əsas azadlıqların müdafiəsi sahəsində vəziyyət əvvəlki aylara nisbətdə daha da ağırlaşıb. Artıq getdikcə hüquq mühafizə orqanları əməkdaşları cəmiyyətin gözü önündə insanların başlarına qara maskalar keçirdib, aparıb dövlətin idarələrində işgəncə verirlər. İşgəncə görənlər-Bəxtiyar Hacıyev, Mail Kərimov və Süleyman Ələkbərov da başlarına gətirilən işgəncə hallarını cəmiyyətə detallı şəkildə açıqlayıblar.

Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisələri, İstintaq Təcridxanaları insanlar üçün kabusa çevrilib. 

Həmin müəssisələrdə saxlanılan məhbuslar demək olar ki, hər gün ağır işgəncələrlə üzləşir və bəzi hallarda işgəncə altında öldürülürlər. 

Siyasi baxışlarına görə azadlıqdan məhrum edilmiş siyasi məhbuslar Elvin Behbudov-8, Niyaməddin Əhmədovla Səxavət Orucov-12, Elçin Məmmədov-16 saylı CÇM-də təzyiq, işgəncə və qeyri-insani rəftara məruz qalıblar. Bakı İstintaq Təcridxanasında Tapdıq Namazovla Fəqan Məmmədova müəssiəsinin rəisi və müavini tərəfindən ağır işgəncə verilib. Fəqan Məmmədov karsa salınıb.

Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma yerlərində, polis idarələrində də vəziyyət acınacaqlıdır. Vətəndaşlar inzibati saxlanc yerlərində, polis idarə və bölmələrində ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalırlar.

Mərkəz olaraq mütəmadi Ədliyyə və Daxili işlər nazirliklərinə müraciət edib, həmin nazirliklərin müəssisələrində baş çəkmələrin həyata keçirilməsinə icazə verilməsini xahiş etsək də lakin icazə verilmir. 

Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən Məhkəmələrə verilmiş qeyri-rəsmi tapşırığa əsasən hüquq müdafiəçiləri açıq məhkəmə proseslərinə buraxılmır.

Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, cəmiyyətdə artan psixoloji gərginlik, addımbaşı insan hüquqlarının pozulması, intihar hadisələri adi hala çevrilib. Müxalifət fəallarına qarşı qurama cinayət işləri və siyasi baxışlarına görə həbs olunmaların sayı getdikcə artmaqdadır. 

Vətəndaşların şikayətlərinə baxılmır və yaxud da şikayətlər şikayət olunan ünvana göndərilir. Şikayət olunan məmurlarda şikayətçiləri onlardan şikayət etdiklərinə görə təzyiq edir, bəzi hallarda isə müxtəlif bəhanələrlə şərlətdirərək həbs etdirirlər.

Beləliklə, Mərkəz May ayı ərzində baş verən hüquq pozuntuları və işgəncə hallarına dair qanunsuzluqları xronoloji ardıcıllıqla təqdim edir: 
01.05.2022. Əksəriyyəti gənclərdən ibarət olan, Demokratiya 1918 Hərəkatının 1 May "Beynəlxalq Əmək Günü"nün yenidən bərpa edilməsi tələbiylə təşkil etdiyi dinc aksiyası polis tərəfindən kobud şəkildə dağıdılıb. 

İdarə Heyətinin üzvləri Afiəddin Məmmədov, Fərid İmanov, Şəms Hacıyeva, aksiyaya dəstək verən ictimai fəallar Emin Xəlili, Rəbiyyə Məmmədova və Samir Abdulla polis tərəfindən zorakılığa məruz qalaraq saxlanılıblar. Bir müddət sonra sərbəs buraxılıblar. 

Son zamanlar Demokratiya 1918 hərəkatının üzvləri təzyiq və təqiblərə məruz qalırlar. Hərəkatın Yardımlı rayon şöbəsinin fəalı Cəlil Zabidov həmin rayonun Polis İdarəsində tez-tez fiziki zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalır, inzibati qaydada həbslər edilir. Ondan siyasi fəaliyyətini dayandırması tələb edilir.

04.05.2022.“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" ictimai birliyinin sədri Fikrət Cəfərli, İdarə Heyətin üzvləri Rafik Piriyev və Nasir Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində monitorinq aparmışdır. Monitorinq çərçivəsində Mərkəzdə saxlanılan qanunsuz miqrantlar Niqeria vətəndaşları Benjamin İqiti və Anaqo Fredrik ilə konfidensial söhbətlər aparılmışdır. 

Söhbət zamanı qanunsuz miqrantlar Mərkəzdə onlara olan rəftardan, tibbi personaldan, qida təminatından narazı olmadıqlarını bildiriblər.
05.05.2022. Tələbə Güc Mərkəzi Gənclər hərəkatının üzvləri Təhsil Nazirliyinin qardışında təhsildəki problemlərin, rüşvətin və ayrı-seçkiliyin aradan qaldırılması tələbiylə iki nəfərlik dinc aksiya-piket keçirtmək istəyərkən polisin kobud müdaxiləsiylə üzləşiblər və aksiyanın təşkilatçıları Fərid İmanovla Sahib Quliyev polislər tərəfindən nazirliyin qarşısından uzaqlaşdırılıblar.

08.05.2022. Araşdırmaçı jurnalist Aytən Məmmədovaya gecə saatlarında yaşadığı binanın liftində basqın olub. Basqın edən şəxs onun boğazına bıçaq dirəyərək, ondan“ağıllı olmağı” tələb edib, az yaşlı övladı ilə təhdid edib. Basqın edən şəxs Aytən Məmmədovanın boğazına bıçaqla xəsarət yetirib. Cinayətin üstündən 28 gün keçməsinə baymayaraq hələ də üstü açılmayıb.

09.05.2022. Azərbaycan Milliyyətçi Demokrat Partiyasının üzvü, Şirvan şəhərində fəaliyyət göstərən blogger Eyvaz Yahya oğlu hakimiyyəti tənqid etdiyi üçün həmin şəhərin Polis İdarəsinin əməkdaşları tərəfindən şərlənərək,  İXM-nin 535-ci maddəsi ilə 28 gün müddətinə inzibati həbs cəzası verilib.

12.05.2022. AXCP Gəncə şəhər şöbəsinin fəalı Rəşad Quliyev Polis idarəsinə dəvət edilərək, ondan Facebook sosial şəbəkəsində statuslar yazmamağı tələb olunub və polis əməkdaşları tərəfindən qeyri-insani rəftara məruz qaldıqdan sonra sərbəst buraxılıb.

14.05.2022. Bir qrup hüquq müdafiəçilərinin, jurnalistlərin və polis tərəfindən zaman-zaman sifarişli işgəncələrə məruz qalan ictimai fəalların təşkilatçılığı ilə "Kriminal dövlət istəmirik!" 

"Öldürmə ədaləti, dayandır cinayəti!" şüarı ilə Fəvvarələr meydanında  keçirtmək istədikləri etiraz aksiyası polis əməkdaşları tərəfindən zorakılıqla dağıdılmışdır. 

Hüquq müdafiəçiləri "Müdafiə Xətti" insan hüquqları təşkilatının həmtəsisçisi Zaur Əkbər və "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri Fikrət Cəfərli polislər tərəfindən qeyri-insanı rəftara məruz qalmış, Zaur Əkbərə isə polislər tərəfindən qəsdən bədən xəsarəti yetirilmişdir. 

Hüquq müdafiəçiləri ilə yanaşı 8-ci Polis Bölməsində saxlanılan digər aksiya iştirakçıları Əhməd Məmmədli (Demokratiya 1918 Hərəkatının sədri), Afiəddin Məmmədov (Demokratiya 1918 Hərəkatının İH), Samir Sultanov (Demokratiya 1918 Hərəkatının İH), Hüseyn Məlikov (ADR İH), Namiq Sadıqlı (ADR), Ənvər Ağamalızadə (ADR), Elmir Abbasov (Nida), Nicat Əmiraslanov (Nida), Novruz Əliyev (REAL), Əlikram Xurşidov (Müsavat), Əlizamin Salayev (AXCP), Arif Paşayev (AXCP), Nurlan Libre (Jurnalist) və ictimai fəallar Rüstəm İsmayılbəyli, Emin Xəlilli, Kamran Məmmədli, Cavid Nəbiyev, Zakir Bayramov, Səməd Səmədov,Samir Axundzadə, Əmrah Təhməzov, Hatəm Nəcəfli 2 saat 8-ci Polis bölməsində saxlanıldırdan sonra sərbəst buraxılmışdır. 

Aksiyaya gələrkən yolda polislər tərəfindən saxnalıraraq, zorakılığa və qeyri-insani rəftara məruz qalan ictimai fəallar Ruslan İzzətli, blogger Mehman Hüseynli, Fuad Əhmədov, Ülvü Həsənli, İlkin Rüstəmzadə, Əli Əlizadə, Əziz Məmiyev Bakı şəhərindən uzaqlaşdırılaraq qəsəbələrə və uzaq rayonlara aparılaraq orda sərbəst buraxılıblar.

16.05.2022. Bakı İstintaq Təcridxanasında Vəkil Toğrul Babayevə müdafiə etdiyi və barəsində eyni hal üzrə Yasamal rayon Məhkəməsi tərəfindən iki dəfə siyasi sifarişlə hökm çıxarılmış, üçüncü dəfə başqa qurama iş üzrə xüsusi ittiham qaydasında YAP-nin üzvü Ramiz Göyüşov tərəfindən Yasamal rayon Məhkəməsində CM-nin 148-ci maddəsiylə iddia qaldırılmış Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə görüşməsinə 4 gün icazə verilməyib. Mərkəz olaraq Əli Əliyevin Məhkəmə proseslərini izləməkdə davam edəcəyik. 

19.05.2022. Almaniyadan növbəti siyasi mühacir - Ziya Ibrahimlini Azərbaycana deport ediblər. Ziya İbrahimli də Hava limanında saxlanılaraq, Biləsuvar rayon Polis İdarəsinə təhvil verilib. Ondan əvvəl deport edilmiş Pünhan Kərimli, Mütəllim Oruc, Malik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurov da bir müddət sonra müxtəlif bəhanələrlə qurama ittihamlarla həbs olunublar. Mərkəz olaraq deport edilmiş şəxslərin Məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

19.05.2022. Tərtər cinayətlərinin əsas araşdırmaçılarından olan hüquqşunas İlham Aslanoğlu növbəti dəfə xüsusi ittihamçı Yeganə Ələkbərova tərəfindən cinayət məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verilib. Yevlax rayon Məhkəməsi iddianı icraata qəbul edib və ekspertizaya göndərilməsi barədə qərar verib. 

20.05.2022. Keçmiş siyasi məhbus, ictimai fəal Rəşad Ramazanov hakimiyyəti sərt tənqid etdiyi üçün yenidən AR CM-nin 234.4.3. maddəsi ilə saxta ittihamla təqsirləndirilir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Rəşad Ramazanov saxlanılan zaman ağır işgəncəyə məruz qalıb.

20.05.2022. 2021-ci il iyulun 7-də saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Razi Karlar Hümbətova qurama ittihamla Cinayət Məcəlləsinin 234.4.3 (narkotika) maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Razi Hümbətovun açıq Məhkəmə prosesində iştirak etmək istəyən hüquq müdafiəçiləri, jurnalistlər və Müsəlman Birliyi Hərəkatının üzvləri Nəsimi rayon Polis əməkdaşları tərəfindən kobudluqla məhkəmə binasının qarşısından kənarlaşdırılıb. 

Hərəkatın üzvləri Ağəli Yəhyayev, Süleyman Ələkbərov, İmran Məmmədli, Elgiz Məmmədov, Kərimov Mail saxlanılaraq 22-ci Polis bölməsinə aparılıb və orda ağır işgəncəyə, qeyri-insani rəftara məruz qalıblar. Polis bölməsində 4 saat saxlanıldıqdan sonra İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev Nəsimi rayon Məhkəməsinə aparılaraq qurama inzibati işlə hər biri 30 sutka həbs ediliblər. 

Saxlanılan digər şəxslər Mail Kərimovla Süleyman Ələkbərov Polis bölməsindən Nəsimi rayon İdarəsinə aparılaraq orda ağır işgəncəyə və qəddar rəftara məruz qaldıqdan sonra sərbəst buraxılıblar.

23.05.2022. 2021-ci ildə N saylı Hərbi hissədə həqiqi hərbi xidməti zamanı qətlə yetirilmiş əsgər İlkin Zöhrabovun növbəti məhkəmə prosesi keçirilmişdir. Əvvəlki məhkəmə proseslərində olduğu kimi bu prosesdə də şahid istintaqa verdiyi ifadəsindən imtina edib və imtinanı onunla əsaslandırıb ki, istintaq zamanı işgəncələrdən qorunmaq üçün istintaqa müstəntiqin istədiyi ifadəni verib. Mərkəz olaraq məhkəmə prosesini izləməkdə davam edəcəyik.

26.05.2022. Araşdırmaçı jurnalist, İctimai fəal Ceyhun Nəbi ictimaiyyətə müraciət edərək, jurnalist fəaliyyətinə görə onun hakimiyyət tərəfinfən həbs ediləcəyi ilə bağlı hazırlığın getdiyini bildirib və bu məsələni ictimaiyyət nümayəndələrinin, hüquq müdafiəçilərinin diqqətdə saxlamağıni xahiş edib. Mərkəz olaraq ictimai fəal Ceyhun Nəbiyə qarşı olan təzyiqləri izləməkdə davam edəcəyik.

27.05.2022. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə əfv sərəncamı imzalayıb. Həmin sərəncama əsasən hüquq müdafiə təşkilatlarının siyahısında yer alan siyasi məhbusların 24 nəfəri azadlığa çıxmışdır. 

28.05.2022. AXCP Gəncə şəhər şöbəsinin üzvü Razi Alışova qurama (CM-nin 234.2 narkotika ) cinaytət işi açılaraq həbs edilib. Məhkəmə tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

29.05.2022. Vətəndaş şikayəti əsasında Abşeron rayonu Masazır qəsəbəsində peşə fəaliyyətini yerinə yetirən, çəkiliş aparan Talk Tv-nin əməkdaşı, jurnalist Təbriz Mirzə Abşeron rayon İcra Hakimiyyətinin və həmin rayonun polis əməkdaşlarının zorakılığına məruz qalıb. Polis əməkdaşları jurnalistə zor tətbiq edərək onu polis maşınına mindirərək rayon Polis İdarəsinə aparıblar. 4 saata yaxın Abşeron rayon Polis İdarəsində saxlandıqdan sonra sərbəst buraxılıb. Jurnalist Təbriz Mirzə xəsarət alıb və bununla bağlı aidiyyəti hərəkətlər, müraciətlər edib.

31.05.2022. Gəncə məhbusu, ictimai fəal Fəqan Məmmədov 2021-ci ilin sentyabr ayının 2-də Bakı şəhərindən Gəncəyə gedərkən yolda Baş Mütəşşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ona cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə cinayət işi açılaraq həbs edilib. Mərkəz olaraq Fəqan Məmmədovun indiyə qədər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərini izləmişik. Fəqan Məmmədov məhkəmə proseslərində bildirir ki, ona verilən ittiham saxtadır və siyasi mövqeyimə görə həbs olunmuşam. Dövlət ittihamçısı prokuror Məhkəmədən Fəqan Məmmədovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə prosesi 7 iyuna təyin edilib. 

31.05.2022. Heyvan hüquqları müdafiəçiləri Əli Məlikov və Kamran Mammadli Göyçay rayonunda icra hakimiyyətinin əməkdaşları tərəfindən sahibsiz itlərin güllələnməsinə və Bakıda Toplan Mərkəzi tərəfindən itlərin kütləvi öldürülməsinə etiraz etmək üçün Prezident Administrasiyası qarşısında etiraz aksiyasi keçirərkən Polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıblar. Polis bölməsində qəddar rəftara, təcavüz edilmələriylə təhdid edilərək, sərbəst buraxılıblar.

Qeyd: Mərkəz bundan sonrada resursları daxilində aylıq hesabatlar yaymağa çalışacaq.

Mərkəzin FB səhifəsində gündəlik baş verən hadisələrlə bağlı məlumatlar da yayılır https://www.facebook.com/Camiyyet

AZƏRBAYCANREALLIĞI.COM   


 


 





Bizimlə əlaqə saxlayın