Hacıbala Abutalıbovun adı keçən məhkəmə başlayır - TƏFƏRRÜAT

08, 01, 22
20:00

Hacıbala Abutalıbovun adı keçən məhkəmə başlayır - TƏFƏRRÜAT


Bu gün, yanvarın 7-də Nizami Rayon Məhkəməsində hakim Həqiqət Əhmədovanın sədrliyi ilə Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasının icarəyə verilməsinin qanunsuz hesab edilməsi ilə bağlı iddiaya baxılacaq. Xalqxeber.az-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, 20 ildən artıqdır ki, bu məsələ Azərbaycan məhkəmələrində çözülmək bilmir.

İddiaçı Bahadur Əli deyir ki, 2013-cü ildə “Azərsu” ASC cavabdehlər Cəlal Əli oğlu Həmidova və Tamara Əliyevna (Əli qızına) Həmidovaya qarşı magistral su kəmərlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi, magistral su kəmərlərinin sanitar-mühafizə rejiminin təmin edilməsi, texniki pasportun və reyestrdən çıxarışın tikilinin magistral su kəmərinin sanitar mühafizə rejimini pozan hissəsində etibarsız hesab edilməsinə dair iddia ərizəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib. Eyni zamanda Cəlal Əli oğlu Həmidov da “Azərsu” ASC-yə qarşı törədilmiş hərəkətlərin qanunsuz hesab edilməklə qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və hüquq şöbəsinin əməkdaşı Famil Məmmədov Tamara Həmidova ilə əlbir olaraq Tamara Həmidovanın verdiyi pul müqabilində 19 aprel 2013-cü il tarixli barışıq sazişi haqqında müqavilə bağlayıblar. Müqavilənin şərtlərinə əsasən, “Azərsu” ASC Tamara Həmidovaya qarşı iddialarından imtina edib və onun Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində magistral su kəmərlərinin üzərində və sanitar mühafizə zonasında fərdi yaşayış evinin inşasına etiraz etməməyi öz öhdəsinə götürüb:

"Bizim barışıq sazişinin bağlanmasında korrupsiya faktlarının olması ilə bağlı müxtəlif dövlət orqanlarına şikayətlərimizdən sonra “Azərsu” ASC barışıq sazişindən imtina etmək məcburiyyətində qalıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli qətnaməsi ilə “Azərsu” ASC-nin iddiası qismən təmin edilib, Cəlal Əli oğlu Həmidov və onun qəyyumu Tamara Əliyevna (Əli qızı) Həmidova tərəfindən Bakı şəhərini içməli su ilə təchiz edən magistral su kəmərinin yanında və sanitar-mühafizə zonasında, yəni Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 30 C ünvanında inşa edilmiş tikililərin, o cümlədən ümumi sahəsi 105 kv.m. olan fərdi yaşayış evinin sökülməsi qət edilib. Həmin qətnamə qüvvəyə mindiyindən icra edilib və qeyd edilən tikililər sökülüb".

İddiaçı deyir ki, bundan hiddətlənən Tamara Həmidova Teyyub Cabbarovdan və Famil Məmmədovdan müxtəlif dövlət orqanlarına şikayətlər edərək barışıq sazişinin bağlanması üçün onlara 50 min manat rüşvət verdiyini iddia edib. Məhz bu şikayətlər nəticəsində Famil Məmmədov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Bahadur Əli deyir ki, Tamara Həmidova daim “Azərsu” ASC-nin vəzifəli şəxslərini məngənəsinə salaraq, onlardan öz maraqlarına uyğun istifadə etməsi üçün həmin şəxsləri müxtəlif məbləğlərdə vəsaitlərlə şirnikləndirir. Məqsədinə nail olmadıqda isə şantaj yolu ilə istədiklərinə nail olmağa çalışır.

2014-cü ildə “Azərsu” ASC Nizami Bələdiyyəsinə, Cəlal Əli oğlu Həmidova, Bakı Şəhər İcra Hakimiyyətinə və başqalarına qarşı Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarın etibarsız hesab edilməsi, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə haqda 7-129/7q nömrəli 07.03.2003-cü il tarixli Sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2-1(82)-635/2015 saylı qərarı ilə iddia “Azərsu” ASC-nin iddiası qismən təmin edilib, Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarı etibarsız hesab edilib. Yuxarı instansiya məhkəmələri qərarı qüvvəsində saxlayıb.

Sonradan məlum oldu ki, magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi təyinatı ilə Həmidov Cəlal Əli oğlunun icarəsinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə Tamara Həmidova arasında 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi bağlanıb. Biz həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etdik.

Məhkəmə araşdırması zamanı məhkəmənin icarə müqaviləsinin ləğv edilməsindən yayınmaq məqsədilə Tamara Həmidova 20 aprel 2018-ci il tarixində 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdi. Bu müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyəti 20 aprel 2018-ci il tarixində 7-183/10q saylı ləğv etməyə dair bildirişlə qarşılıqlı razılıq əsasında 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləğv edildi. İşə baxan məhkəmə mübahisə predmeti olan müqavilənin artıq ləğv edilməsi səbəbindən işin icraatına xitam verdi:

"Tamara Həmidova kimi birinin bu qədər tez, asan və öz təşəbbüsü ilə icarə müqaviləsinə xitam verdirməsi bizdə əsaslı şübhələr yaratdı. Çox təəssüf ki, sonradan məlum oldu ki, bizim şübhələrimiz tam əsaslıdır. Çünki Tamara Həmidova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla eyni məzmunda 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi bağlayıb! Tamara Həmidovanın dələduzluğunun kuliminasiyası odur ki, icarə müqaviləsinin ləğv edilməsi barədə müraciət, icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bağlanması ilə bağlı bütün bu 3 iş eyni gündə baş verib. 20 aprel 2018-ci il tarixi isə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi son iş günü olub!

Ona görə də biz Hacıbala Abutalıbov işdən çıxarılan gün - 2018-ci il aprelin 20-də Tamara Həmidovanın maraqlarına uyğun icarə müqaviləsi imzalayıb-imzalamamasının hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını istəyirik. Bu gün də bəlli deyil ki, Hacıbala Abutalıbovun həmin müqavilədəki imzadan xəbəri olub və ya əksinə, olmayıb".

İddiaçı Bahadur Əli Nizami rayonu, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Əli oğlu Həmidovun qanuni nümayəndəsi Tamara Əliyevna (Əli qızı) Həmidova arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cəlal Əli oğlu Həmidovun həmin torpaq sahəsindən çıxarılmasını tələb edir.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın