İlqar İsmayılov: "Bu məhkəmə tamamilə Cahangir Əsgərovun təsiri altındadır, onun tapşırıqlarını icra edəcəyinə zərrə qədər şübhəm yoxdur"

07, 12, 21
13:00

İlqar İsmayılov: "Bu məhkəmə tamamilə Cahangir Əsgərovun təsiri altındadır, onun tapşırıqlarını icra edəcəyinə zərrə qədər şübhəm yoxdur"


Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Proses məhkəmə istintaqı sənədlərin sübutlarının elanı və tədqiq edilməsiylə davam etdirilib.

Hakim Ə.Məmmədov bildirib ki, ötən proseslərdə sənədlərin sübutlarının elanı və tədqiq edilməsiylə  bağlı kifayət qədər vaxt ayrıldığına görə, bu gün iş yekinlaşdırılacaq.

Müdafiə tərəfi isə təkidlə bildirib ki, İ.İsmayılovun saxta ittihamla həbs olunması gün kimi ortada aydın olsa da, məhkəmə ədalətin bərqərar olmasında maraqlı deyil. Belə ki, yalnız məhkəməyə bununla bağlı edilən etirazlardan sonra müdafiə tərəfinin vəsatətinə əsasən, cinayət işinin  cild 3, səh. 171-dəki sübut elan edilib. Sözügedən sübut, İ.İsmayılovun Zərifə Həmzəyevanın nümayəndəsi Fuad Əliyevə  yazdığı məktubdan ibarət idi. 

Məktubda  İ.İsmayılov  F.Əliyevə bildirib ki, 5 il 2 ay müddətində "İdeal" Şirkətinin bütün maliyyə  təsərüffat fəaliyyətinin mədaxil və məxaricləri barəsində Z.Həmzəyevaya  hesabat verib. Məktubun məzmunundan bəlli olub ki,  A.Həmzəyevanın "İdeal" Company MMC-nin faktiki idarəetməsini   icra etməsi  öz təsdiqini tapıb.

Vəsatətin verilməsindən sonra ittiham tərəfi və zərərçəkənin nümayəndəsi vəkil Samir İsayev  həmin məktubun hansı yolla cinayət işi materiallarına əlavə olunmasının araşdırılmasını  məhkəmədən xahiş edib. İttiham tərəfi bununla bağlı  öz mövqeyini  belə sərgiləyib ki, əgər həmin məktub müdafiə tərəfindən təqdim edilibsə, deməli, bu o qədər də mötəbər sübut  hesab edilməməlidir.

İ.İsmayılovun vəkilləri İlhamə Həsənova, Gülnar Quluzadə və Rəşad Əliyev  ittiham tərəfinə öz etirazlarını bildiriblər. Bundan sonra proses yenidən sübutların tədqiqi ilə davam etdirilib. İ.ismayılovun hüquqlarını müdafiə edən İ.Həsənova  müəyyən sübutların elan edilməsini  məhkəmədən xahiş etsə də, prosesə sədrlik edən hakim Ə.Məmmədov bildirib ki,  artıq məhkəmə sənədlərin sübutlarını elan etmək istəmir, hesab edir ki, sənədlərin elan edilməsinə zərurət yoxdur:

"Məhkəmə hesab edir ki, qaldırılan vəsatətlərlə bağlı  sənədlərin tədqiqini davam etməyə lüzum olmadığına görə, sənədlərin  subutlarının elan edilməsinə zərurət yoxdur".

 İ.İsmayılovun müdafiəsini təşkil edən vəkilləri İ.Həsənova, Rəşad Əliyev və Gülnar Quluzadə  vəsatətlə şıxış edərək, Z.Həmzəyevanın nümayəndəsi F.Əliyevin  məhkəməyə dəvət edilib, dindirilməsini xahiş ediblər. İ.Həsənova Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi barədə vəsatətlə çıxış edib:

"Hüquqlarını müdafiə etdiyimiz İsmayılov İlqar İsmayıl oğluna qarşı təsisçilərin Ümumi Yığıncağının qərarı olmadan “İdeal Kompani”nin xəzinəsindən 680 min manat götürərək öz şəxsi məqsədlərinə xərcləməsi barədə ittiham irəli sürülüb. Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, “İdeal Kompani”nin təsisçiləri arasında mənfəətin bölüşdürülməsi barədə razılaşma olub və 2013-2016-cı illər ərzində mənfəət bölüşdürülən zaman İlqar İsmayılova verilməsə də, digər təsisçi Zərifə Həmzəyevaya çatası pay mütəmadi olaraq onun “İdeal Kompani”dəki nümayəndəsi Fuad Əliyev vasitəsilə ona verilmiş. Məhkəmə araşdırması zamanı təqsirləndirilən İlqar İsmayılov, şahidlər Samirə Quliyeva və Həbib Qarayevin ifadələrindən və iş materiallarından da görünür ki, “İdeal Kompani”yə faktiki rəhbərliyi Fuad Əliyev vasitəsilə Zərifə Həmzəyeva həyata keçirmiş, bütün məsələlər barədə ona hesabatlar verilmişdir.

Həmçinin cinayət işinin 3-cildinin 171-ci səhifəsində yer alan Fuad Əliyevlə İlqar İsmayılovun arasında 13.01.2017-ci il tarixdə yazışmadan görünür ki, İlqar İsmayılov şirkətin bütün maliyyə hesabatlarının 5 illik  dövrünü Fuad Əliyevə göndərdiyini bildirir, eyni zamanda digər məsələlərin Zərifə Həmzəyevanın nümayəndəsi olaraq onunla birlikdə dəqiqləşdirilməsini xahiş edir. Bu yazışma da Fuad Əliyevin “İdeal Kompani”də Zərifə Əliyevanın nümayəndəsi olduğunu göstərir.

Qeyd edilənləri nəzərə alaraq, Fuad Əliyevin dindirilməsi çox vacibdir. Çünki məhz ittihamın istinad etdiyi halların aydınlaşdırılması Fuad Əliyevin dindirilməsi ilə ortaya çıxacaq. Fuad Əliyev aşağıdakı məsələlərə aydınlıq gətirə bilər:

1.Təsisçilər arasında mənfəət bölgüsünə dair razılaşma olubmu?


2.Təsisçilər arasında mənfəət bölüşdürülmü və Zərifə Həmzəyevasya çatası mənfəət ona çatdırılıbmı?


3.Zərifə Həmzəyeva şirkətin faktiki idarəetməsini həyata keçirirdimi?


4.Fiziki şəxs olaraq İlqar İsmayılovun adına olan kreditlər “İdeal Kompani”niyə mədaxil olaarq bzinesinin genişləndirilməsinə xərclənibmi? (İlqar İsmayılova məhz həmin kreditlərin ödənilməsi üçün şirkətin xəzinəsindən vəsaitlər məxaric etməsi ilə bağlı ittiham verilib).


Qeyd edilən məsələlərin və digər vacib nüansların aydınlaşdırılması üçün Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi ilə bağlı təkrar vəsatət veririk. Diqqətinizə çatdırırıq ki, Fuad Əliyevin mobil telefon nömrəsini də məhkməəyə təqdim edə bilərik.

Hesab edirik ki, Fuad Əliyevin məhkəmə iclasına dəvət edilərək dindirilməsi işin hərtərəfli və obyektiv həlli baxımından çox zəruridir. Ona görə də, Fuad Əliyevin əlavə şahid qismində məhkəmədə dindirilməsini təmin etməyinizi xahiş edirik".

Vəkil İlhamə Həsənova vəsatətini bununla əsaslandırıb ki,  F.Əliyev beş il iki ay müddətində  A.Həmzəyevanın nümayəndəsi olub, məhkəmə istintaqında ifadə  verən şahidlər Həbib Qarayev, samirə Quliyeva, həmçinin İ.İsmayılov  ifadələrində göstəriblər ki, bu müddət ərzində  "İdeal" Company MMC mənfəətlə  işləyib və gəlirdən   Z.Həmzəyevaya çatası pay hər ay ona  F.Əliyev vasitəsiylə göndərilmişdir. Şahid qismində ifadə verən H.Qarayev məhkəmə istintaqında  bildirib ki,  hər dəfə sözügedən payı F.Əliyevə o apararaq şəxsən verib və bu məbləğ ən azı 500  min AZN olub.

Müdafiə tərəfi öz vəsatətlərini əsaslandıraraq, göstərib ki,  F.Əliyev məhkəməyə 3 əsas məsələyə görə çağırılmalıdır:

1. F.Əliyev  Z.Həmzəyevanın nümayəndəsidir. Bütün mədaxil və məxariclərə o şəxsən sərəncam verirdi.

2. F.Əliyev gəlirin Z,Həmzəyevayla  İ.İsmayılov arasında  bölüşdürülüb-bölüşdürülməməsinə dair,  məlumat verə bilər.


3. F.Əliyev məlumat verə bilər ki, həqiqətən də İ.İsmayılova  elan olunmuş ittihamda  göstərilən məbləğlər mənimsənilib, yoxsa Z.Həmzəyevanın göstərişi ilə həmin  təyinatlar üzrə xərclənib.


Vəkil İ.Həsənova qeyd edib ki, çünki məhkəmə istintaqında müəyyən edilib ki,   İ.İsmayılovun adına götürülmüş  kreditlər  "İdeal" Company-yə mədaxil edilib:

 "Bunu məhkəmə iclasında dindirilən şahidlər  - "İdeal" Company MMC-nin  müsahibi S.Quliyeva,  inkassatoru H.Qarayev öz ifadələrində təsdiqləyiblər. Həmçinin müdafiə tərəfinin məhkəməyə təqfim etdiyi mötəbər sübutlar olan kassa mədaxil qəbzlərinin əsliylə sübuta yetirilir ki, həmin kreditlər  Z.Həmzəyevanın tək  təsisşiçi olduğu  "Premium" Bankdan götürülən  günü də mədaxil qəbzləriylə  "İdeal" Company-yə mədaxil edilib. Bu  sənədlərin əsli  müdafiə tərəfindən  məhkəməyə təqdim edilib".

Məhkəmə yerindəcə müşavirə edərək qərara alıb ki, F.Əliyevin  məhkəməyə çağırılıb  dindirilməsiylə bağlı vəsatət təmin edilməməlidir.
İ.İsmayılovun müdafiəçilərindən vəkil R.Əliyev buna etiraz edib:

"Möhtərəm hakim, əgər məhkəmə ədalətin bərqərar olunmasını istəyirsə, nəyə görə F.Əliyevin şahid qismində çağırılmasını və dindirilməsini təmin etmir. İttiham tərəfi F.Əliyevin prosesə  çağırılmasından niyə narahatdır? Həqiqətlər üzə çıxacaqsa, burada pis nə var ki?".

İttiham tərəfi və zərərçəkmişin nümayəndəsi vəkil Samir İsayev F.Əliyevin  məhkəmədə çağırılıb, dindirilməsiylə bağlı  vəsatətə münasibət bildirərkən deyib ki,  təsisçilər arasında   gəlirin bölünməsiylə bağlı məsələ mülki xarakterlidir. Ona görə də, bu məsələyə mülki qaydada baxılıb, həll olunmalıdır. Buna etiraz edərək,   müdafiə tərəfin vəkilləri bildirib ki,  sözügedən məsələ mülki yox cinayət  xarakterli müzakirə olunduğuna görə,  həmin şəxs çağrılıb dindirilməlidir.

İ.İsmayılovun digər müdafiəçisi vəkil Gülnar Quluzadə Zərifə Həmzəyevanın özünün çağrılıb dindirilməsi məsələsini qaldırıb: “Bütün məsələlər gəlib Zərifə Həmzəyevaya dirənir. Amma onu nə istintaqda dindirən olub, nə də məhkəmədə. Bəs onun əvəzinə kim aydınlıq gətirməlidir bu məsələlərə?”
Digər vəkil Rəşad Əliyev də onun dindirilməsinin vacibliyini diqqətə çatdırıb: “İlqar İsmayılova öz şirkətindən mənimsəmə ittihamı irəli sürülüb. Əgər mənimsəmə varsa, deməli, özgə əmlakının mənimsənilməsindən söhbət gedə bilər. Bu şirkətdə özgə – digər təsisçi də Zərifə Həmzəyeva olub. Gəlsin, görək ki, nə mənimsənilib, necə mənimsənilib?”.

 Müdafiə tərəfi bunun ardınca eyni əsaslarla Z.Həmzəyevanın məhkəməyə çağırılıb, dindirilməsiylə bağlı ikinci vəsatəti qaldırıb:

"Hüquqlarını müdafiə etdiyimiz İsmayılov İlqar İsmayıl oğlu barəsində olan cinayət işi üzrə məhkəmə istintaq zamanı bir sıra sənədlər tədqiq olunub. İş materiallarından (5-ci cild səhifə 284) görünür ki, ittihamda İlqar İsmayılova mənimsəməsi ittiham olunan 280 min manatlıq qəbz rəngli formada təqdim olunmuşdur. Həmin qəbzə diqqətlə baxdıqda qəbzin rəngli ksero-surət olduğu aydın şəkildə görünür. Lakin həmin qəbz əsli olan sənəd kimi istintaqa təqdim edilmiş və mötəbər sənəd kimi qəbul edilmişdir.  Eyni zamanda əsli olan sənəd kimi xəttşünaslıq ekspertizasına təqdim edilmişdir. Lakin xəttşünaslıq ekspertizasına təqdim edilərkən yalnız imzanın İlqar İsmayılova aid olub-olmadığı məzələsi aydınlaşdırılmış, qəbzin əsli və ya surət olması məsələsi isə aydınlaşdırılmamışdır.

Məlumdir ki, məhkəməyə sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri təqdim oluna bilər.

Qeyd edilənləri nəzərə alaraq, xahiş edirik ki, həmin sübutun mötəbərliyi baxımından qiymətləndirilməsi üçün məhkəmə texniki ekspertizası təyin edilməsi və ekspertiza qarşısında aşağıdakı sual qoyulsun:

Cinayət işi materiallarının 5-cild səhifə 284-də olan 280 min manat vəsaitin “İdeal Kompani”dən məxaric olunması barədə əsil, yoxsa surətdir?

İşin hərtərəfli və obyektiv həlli baxımından bu ekspertizanın keçirilməsi çox zəruridir".


 Vəsatətdə göstərilib ki, Z.Həmzəyeva  şirkətin həm 50 faiz  pay təsisçisi, həm də faktiki direktorluq fəaliyyətini həyata keçirib.  Həmçinin dolayısıyla irttiham Z.Həmzəyevanı zərərçəkmiş  qismində tanıyıb. Ona görə də onun məhkəmədə  dindirilməsi və göstərilən məsələrlə bağlı, o cümlədən  doğurdan da, İ.ismayılovla onun arasında gəlirin bölüşdürülüb-bölüşdürülməməsiylə bağlı, İ.İsmayılovun ittiham olunduğu məbləğlərin  onun razılığıyla  və  xəbəriylə məxaric olunub-olunmaması, həmçinin  onun tək təsisçisi olduğu bankdan çıxan kredit vəsaitlərinin  İ.İsmayılova, yoxsa "İdeal" Company MMC-yə verilməsi və ya veilməməsi,  "İdeal"a mədaxil olunub-olunmaması  və bu kimi məsələlər barəsində öz ifadəsini verməlidir.

Müdafiə tərəfinin təmsilçisi İ.Həsənova məhkəmənin nəzərinə çatdırıb ki,  müdafiənin işin obyektiv həllinə yönələn vəsatətləri məhkəmə tərəfindən təmin edilməlidir: "Bu müdafiə tərəfinin deyil, AR CPM-in 121-ci maddəsinin tələbidir".

Lakin müdafiə tərəfinin təkidli iradlarına baxmayaraq, məhkəmə  yerindəcə müşavirə edib,  qərara alıb ki, vəsatət təmin edilməsin.

 Müdafiə tərəfi buna da öz etirazını bildirərək göstərib ki,  məhkəmə müdafiə  tərəfinin vəsatətlərinə laqeyd yanaşır və təmin etmir.

 Məhkəmə prosesinə sədrlik edən hakim Ə.Məmmədov  israrla məhkəmə istintaqının yekunlaşdırılmalı olması məsələsini müzakirəyə çıxarmaq istəsə də, İ.İsmayılov məhkəmə tərkibinə  etiraz etmək üçün vaxt istəyib. Hakim Ə.Məmmədov İ.İsmayılovun erirazınl hazırlaması üçün 5 dəqiqə fasilə elan edib.

 Fasilədən sonra İ.İsmayılov məhkəmə tərkibinə öz etirazını təqdim edib.  İ.İsmayılov bildirib ki, baxmayaraq ki, məhkəmə prosesində onun təqsirsizliyi tamı-tamına sübuta yetirilib, lakin  o, bu məhkəmənin obyektiv və ədalətli qərar çıxarmasına  inanmır.  Buna görə də həmin vəsatət  bütünlükdə Bakı Ağır Cinayətlər Məhkəməsinə şamil olunduğuna görə, AR CPM-in 109.3-cü maddəsinin tələbinə görə,  vəsatət Bakı Apellyasiya Məhkəməsi tərəfindən müzakirə olunmalıdır.

Etirazda deyilir:

"Mən - İsmayılov İlqar İsmayıl oğlu, 2017-ci ildə olduğu kimi, tərkrarən eyni epizodla, eyni sübuta yetirilməmiş əmələ görə, sifarişlə ittiham olunuram. 2017-ci ildən gücü məndən qat-qat çox olan Cahangir Əsgərov məni sifarişlə həbs etdirdi. Şərt qoydu. Bütün malımı-mülkümü  əlindən alan sənədə imza atdırıb, azad etdirdi. Dedi ki, səsini kəs, sakit otur. Səsimi kəsmədim. Yenə də "sehirli çubuğu"nu qaldırıb məni həbs etdirdi. 

Yenə də eyni dövr üzrə, eyni ittihamla. Amma deyirlər ki, bir şəxs eyni ittihamla iki dəfə cinayət təqibinə məruz qala bilməz. Görünür, şəxsin nüfuzu və pulu çox olanda onun əmri qanundan daha keçərli olur. Odur ki, həbsimi sifariş verənlərin əmri bu gün  qanundan keçərlidir.

Səkkiz aydır ki, günahsız, sübutsuz, qanunsuz həbsdəyəm. Həbs yerinə xəbərlər   gəlir. "Hər şeydən əl çək. Səsini kəs, tabe ol, azad edək". Mənə xəbər göndərdilər ki, onsuz da ittiham hökmün hazırdır. Sənə 8 il iş veriləcək. 

Mən Bakı Ağır Cinayətlər Məhkəməsinin bu işdə obyektiv və ədalətli olacağına inanmıram.

Mənə xəbər göndəriblər ki, bu məhkəmə mənim ittiham hökmüm üçün sifarişi qəbul edib. Bu məhkəmə tamamilə Cahangir Əsgərovun təsiri altındadır. Onun tapşırıqlarını icra edəcəyinə zərrə qədər şübhəm yoxdur.

Ona görə də,  Bakı Ağır Cinayətlər Məhkəməsinə bütünlüklə etiraz edirəm.

AR CM-in 109.3.3 maddəsinə əsasən, etirazımın baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini və barəmdə olan işin Bakı Ağır Cinayətlər Məhkəməsindən alınaraq, başqa məhkəməyə verilməsini xahiş edirəm."

Məhkəmə istintaqı  İ.İsmayılovun təqdim etdiyi  vəsatəti müzakirə edib  qərar vermək üçün prosesi təxirə salıb.
 
Proses dekabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham edilir. 

Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.(Azadmediatv.com)
 
Gülnaz Qənbərli

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın