Deputat Sumqayıtda qaçqınlara ev tikir! – Torpaqların azad olunmasından xəbəri yoxdur?

02, 11, 21
21:00

Deputat Sumqayıtda qaçqınlara ev tikir! – Torpaqların azad olunmasından xəbəri yoxdur?


Noyabrın 9-da Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazandığı 44 günlük müharibənin bitməsinin ildönümüdür. Ötən müddətdə işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri gündəmdə olub. “Yeni Sabah” bildirir ki, büdcədən bu məqsədlə 2.2 milyard manat vəsait cəlb olunub. Xarici və yerli şirkətlər kommunikasiyaların, yeni yolların, körpülərin, tunellərin çəkilişi ilə məşğuldur. Ağdam şəhərinin təməli atılıb, Zəngilanda "Ağıllı kənd" layihəsinə start verilib. Füzuli beynəlxalq hava limanı artıq fəaliyyətə başlayıb. Hökumətin planlarına görə yaxın iki ildə işğaldan azad edilmiş bölgələrə köç başlayacaq.

Azpolitika.info-nun yaydığı məlumata görə, bugünlərdə məlum oldu ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) tamamilə fərqli prioritetləri var və bu planlar hökumətin hədəfləri ilə heç də üst-üstə düşmür. Belə ki, sözügedən Fond ötən ay Sumqayıt şəhəri ərazisində birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin tikintisini nəzərdə tutan layihə üzrə «Diadem» QSC ilə 43 milyon manat məbləğində müqavilə bağlayıb. Müqavilə üzrə tikinti işləri 21 sentyabr 2022-ci ildə başa çatacaq...

Xəbərdən belə məlum olur ki, məcburi köçkünlər üçün ev tikintisi davam edir və bu məqsədlə böyük vəsaitlər xərclənəcək. Hansı ki, həmin pulların hər qəpiyinə Qarabağda və işğaldan azad edilmiş ətraf rayonlarda ciddi ehtiyac var. Nəyə görə, bu vəsait Ağdamda, Cəbrayılda, Füzulidə xərclənmir, bu rayonların sakinləri üçün öz yurd-yuvalarında evlərin tikilməsinə sərf olunmur? Qarabağ işğaldan azad olunduqdan sonra Abşeronun boz çöllərində külli miqdarda dövlət vəsaitini sərf edərək, yan-yana binalar ucaltmağa nə ehtiyac var? Həmin vəsaitin şəhid ailələrinin, qazilərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunması daha məntiqli olmazmı?

Bu sualları MKSİF-in rəhbəri, deputat Mahir Abbaszadəyə ünvanlamaq istəsək də o, gün ərzində zənglərimizi cavabsız qoydu. 

İqtisadçı Qubad İbadoğlunun qeydlərindən məlum olur ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əksər sifarişlərini 4 il bundan əvvəl yaranmış «Diadem» QSC icra edir: "Belə ki, MKSİF «Diadem»lə 13 mart 2020-ci il tarixdə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 saylı yaşayış binasının tikintisin satınalması üzrə 28,36 milyon manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 saylı yaşayış binasının tikintisinin satınalması üzrə 28,36 milyon manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 saylı yaşayış binasının tikintisinin satınalması üzrə 30,92 milyon manat, 15 aprel 2020-ci il tarixində Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə isə 70 milyon manat məbləğində müqavilə bağlayıb. Sonuncu müqavilə üzrə 1 köçkün ailəsi üçün mənzil tikintisinə 60 764 manat xərclənib".

Beləliklə, ötən ilin 2 ayında MKSİF «Diadem»ə 151 milyon manat, bu il isə 43 milyon manat dəyərində sifariş verib. Şübhəsiz ki, Fondun adıçəkilən şirkətlə mərhəm münasibətləri təsadüfi deyil. Azərbaycanda tenderlərin necə keçirildiyi, "otkatlardan" alınan faizin məbləği sirr sayılmır. Amma burada diqqətçəkən məqam təkcə şübhəli tender, işbirliyi deyil, MKSİF-in milyonlarla büdcə vəsaitini dövlət ehtiyacından kənar fəaliyyətlərə yönəltməsidir. Bu gün məcburi köçkünlərin Abşeronda, Sumqayıtda tikilən evlərə ehtiyacı yoxdur, onlara öz evlərini tikib vermək lazımdır...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın