TƏCİLİ: Azərbaycanda da çörək bahalaşa bilər – BÖHRAN

19, 07, 21
17:00

TƏCİLİ: Azərbaycanda da çörək bahalaşa bilər – BÖHRAN


Gürcüstanda çörəyin qiyməti təqribən 15 tetri artıb. Buna səbəb hökumətin buğda unu ilə bağlı altı aylıq subsidiya proqramının başa çatmasıdır. Çörəkbişirmə müəssisələri qiyməti 10 tetri, mağazalar isə əlavə 5 tetri qaldırıb.

Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib ki, qiymət artımı qaçılmaz olub. Buna əsas səbəb xammalın bahalaşmasıdır. İstehsal üçün tələb olunan digər köməkçi materiallar və kommunal xidmətlərin də qiymətinin artmasıdır. Bəs ölkəmizdə yaxın vaxtlarda çörəyin qiymətində artım gözlənilə bilərmi?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Nazim Bəydəmirli “Şərq”ə açıqlaması zamanı diqqətə çatdırıb ki, regionumuzda əsas buğda istehsalçıları olan ölkələr Ukrayna, Rusiya, Qazaxıstandır. Ekspert vurğulayıb ki, Azərbaycan çörəkbişirmədə istifadə olunan buğdanı əsasən Rusiyadan alır:

“Çünki yüksək keyfiyyətli, yəni ərzaq üçün yararlı olan buğda Azərbaycanda az yetişdirilir. Həmçinin, qeyd edim ki, keçən ilin sonunda Rusiya hökuməti öz ölkəsində bahalaşmanın qarşısını almaq üçün ixraca aksiz vergisi tətbiq etmişdi. Həmçinin elan etmişdi ki, bunu yeni məhsul sezonu zamanı, yəni iyulun 1-nə götürəcək. Ancaq görünən odur ki, bugünə qədər götürməyib və bu aylar ərzində buğdanın ixracı Rusiyadan kəskin azalıb. Qeyd edim ki, Azərbaycana idxal olunan əsas buğda üçüncü klass ərzaq buğdasıdır. Daha yüksək keyfiyyətli buğda ikinci və birinci klassdır. Rusiyadan ümumiyyətlə, o növdən az istehsal olunur. Azərbaycanda isə makaron, vermişelin istehsalında ondan geniş istifadə olunur”.

N.Bəydəmirli bildirib ki, Azərbaycanda Nazirlər Kabineti tərəfindən buğdanın gətirilməsinə əlavə dəyər vergisi götürülsə də, çox təəssüflər olsun ki, una əlavə dəyər vergisi götürülməyib: “Məhz bu səbəbdən də qiymətlərin bahalaşması davam edir. Təbii ki, Gürcüstanda və Türkiyədə bazar iqtisadiyyatı olduğuna görə orda biz bunu hiss edirik. Ancaq Azərbaycanda müxtəlif bəhanələrlə çörəkbişirmə sexlərinə və digərlərini təzyiq altında saxlayaraq qiymətin artırılmasına yol verməmək üçün inzibati yollarla müəyyən müdaxilələr olur. Zaman-zaman biz bunu telereportajlarda da görürük. Guya, süni qiymət artımı var. Bu adla sahibkarlara təzyiq tətbiq edilir. Onlarda təbii ki, maya dəyəri yüksək olduğuna görə, ya çörəyin çəkisini azaldırlar, ya da keyfiyyətini aşağı edirlər. Eyni zamanda taxıl fonduna yığılmış və keyfiyyətsiz buğdadan da çörəkbişirmədə və un istehsalında istifadə olunur. Buna da müxtəlif kimyəvi qatqılar qataraq keyfiyyəti artırmağa cəhd göstərirlər. Təbii ki, Rusiya hökumətinin apardığı siyasət davam etsə Azərbaycanda da bahalaşma ehtimalı var. Əlbəttə, obyektiv səbəblərdən bahallaşma olmalıdır. Amma dediyim kimi, hökumət bunu inzibati yollarla “tənzimləməyə” çalışır. Ancaq bu da sahibkarlara, eyni zamanda əhaliyə ziyan vurur”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın