Şuşaya getməyi haqq etməyənlər...

12, 07, 21
13:30

Şuşaya getməyi haqq etməyənlər...


İllər boyu bizi ən çox narahat edən mövzulardan biri bilirsiniz nə idi? ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal altındakı Qarabağ torpaqlarına “İrəvan yolu” ilə keçib gəlmələri... Bu haqda sual olanda bəhanələri olurdu ki, bəs Azərbaycan tərəfdən Xankəndiyə getmək risklidir, təmas xətti belə gəldi, mina sahələri elə getdi...

Budur, təmas xətti “cəhənnəmə gedib”, Zəngilanda “ağıllı kənd”, Füzulidə aeroport inşa olunur, şirkətlərimiz Şuşaya aparan Zəfər yolunun asfalt mərhələsinə başlayıb, amma həmsədr ölkələrin Bakıdakı səfirləri Qarabağa getməkdən imtina edirlər. Torpaqlarımızın işğalına son qoyulandan sonra Prezident İlham Əliyevin tövsiyəsi, prezident köməkçisi Hikmək Hacıyevin təşkilatçılığı və iştirakı ilə Azərbaycandakı diplomatik korpusun bir neçə səfəri təşkil olunub, amma həmin bu “trio” “iki ayağını bir başmağa dirəyib”, Qarabağa getməyib?

Təsadüfidirmi? Əlbəttə, yox! Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan qıcıqlı münasibətin “diplomatik ifadəsi”dir. Təəccüblüdürmü? Əsla yox! Uzaqlara, məsələn, 1-2 əsr öncə Azərbaycanın tarixi ərazilərinə qəsdin, İrəvanın, Göyçə-Zəngəzurun ermənilərə peşkəş edilməsinin ideya müəlliflərinin o zamanlar etdiklərinə ekskurs etmək vaxt aparar.

Elə sonuncu Qarabağ davasından xatırlamalar edək: 1992-ci ilin payızında, Ağdərəni düşməndən təmizləyib, Xankəndinin “bir addımlığında” olan Azərbaycana qarşı “907-ci düzəliş” adında sanksiya tətbiq edən “həmsədr”i necə unuda bilərik?

BMT Baş Assambleyasındakı səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qalan həmsədrlər bizi inandırmağa çalışırdılar ki, bu bitərəfliyə əşhədü-ehtiyac var idi, “tərəfsiz” olmalıyıq. Təsəvvür edin, ərazi bütövlüyünə bitərəf qalmaq!

Fransanı bir kənara qoyaq, Ermənistanın “bacısı”dır. Axı, Rusiya və ABŞ arasında illərdir “soyuq müharibə” gedir, hələ SSRİ dönəmini bir kənara qoyuruq.

Vaşinqtonun Moskvaya tətbiq etdiyi sanksiyaların sayı-hesabı itib. Amma Rusiya ABŞ-ı, ABŞ da Rusiyanı düşmən saydığı halda, Qarabağ məsələsinə münasibətdə, daha doğrusu, bu torpaqların işğalının davamı, status-kvonun saxlanması məsələsində düşmənlər dost olublar daim. Hər iki ölkənin rəsmiləri etiraf ediblər ki, Qarabağ məsələsinə münasibətdə onların arasında fikirayrılığı olmayıb. Necə olur ki, ABŞ Rusiyadan, Cənubi Osetiyanı, Abxaziyanı, Krımı dərhal (!) azad etməyə çağırır illər boyu, Dnestryanıdan əl çəkməyə çağırır, hətta Belorusu onun əlindən almağa çalışır, amma Qarabağa gələndə aralarında heç bir fikirayrılığı, konfrantasiya olmur? Demək, 30 il ərzində Azərbaycanın başının altına yastıq qoyublar, torpaqların de-yure Ermənistana verilməsi naminə.

44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı zəfər bu “trio”nun bütün planlarını alt-üst edib. Odur ki, qələbəmizi sinirə bilmirlər, qıcıqlıdırlar. Əks təqdirdə, heç olmasa, Bakıdakı səfirlərinə təlimat verilərdi ki, onlar da korpusun tərkibində Qarabağa getsinlər, Ermənistanın bu bölgəni darmadağın etməsini gözlərilə görsünlər. Təsəvvür edin, Azərbaycan öz torpaqlarını azad etdiyi günlərdə həmin bu “həmsədr”lər BMT Təhlükəsizlik Şurasının xüsusi iclasını çağırıb ölkəmizi cəzalandırmaq, prosesi yarımçıq dayandırmaq istəmişdi, dost ölkə imkan vermədi...


Bəzi müşahidəçilər yazır ki, bu səfirlər utanırlar Qarabağa getməyə. Utanmaq söhbəti deyil. Sadəcə “maya”ları batıb. Məhz onların kölgəsində Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” deyirdi. Baş terrorçu Arutunyan qondarma “parlament”i Şuşaya köçürəcəyini deyəndə həmsədr ölkələrə sığınırdı. Acından ölən Ermənistanın Qarabağdakı rejimə maliyyə, silah-sursat dəstəyi verməsi mümkün deyildi, bunu onların ağaları edib illər boyunca.


İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri “Bu səfərdən çox təsirləndim, bütün ərazilər məhv edilib. Bu, mənə çox acı hisslər yaşatdı” deyib.


Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min “Çin şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər”, söyləyib. Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal Bin Abdullah Hamad Al Hinzabsa “Azərbaycanın tarixi və mədəniyyət paytaxtı Şuşada olmaqdan çox məmnunam. Şuşaya gələrkən yolboyu şahidi olduğumuz tikinti-quruculuq işlərinin sürəti bizi çox sevindirdi”, deyərək münasibətini ifadə edib.


Digər diplomatlar da, Türkiyə, Pakistan, Avstriya, İsveç, Polşa, İsrail, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Əlcəzair kimi ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də Şuşa ziyarətində iştirakdan məmnunluq duyublar. Səfirlərlə Hikmət Hacıyevin çörək kəsməsi səhnəsi möhtəşəm idi. Şuşada bişirilən HALAL ÇÖRƏK kəsdilər! Bəli, halallıq mühüm məsələdir. Bəlkə də ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərdə olmaması məntiqəuyğundur. Halal çörək kəsməyi haqq etmək lazım idi! 

Yenə də xatırlayaqmı? 2016-cı ilin aprel döyüşlərindən sonra üstümüzə necə gəldilər, yadınızdamı? Rusiya rəhbərliyi dedi ən yaxşısı münaqişəni dondurub (!), “həll”ini gələcəyə saxlamaqdır, ardınca Ermənistana “İskəndər-M” hədiyyə etdilər, hansı ki, son savaşda Şuşaya atıldı...ABŞ Ermənistana gecəgörmə cihazları bağışladı, həmin cihazlara görə bizim neçə-neçə oğullarımız həlak oldu. Fransa da gecə-gündüz “bacısı”nın yanındaydı...

Hə, işğal dönəmində “təmas xətti boyunca videokameralar quraşdıraq, atəşkəsi ilk kim pozursa, qeydə alınsın”, deyib əsəblərimizi korlayan həmsədr ölkələr heç indi bu təklifi dilə gətirmir. Hansı ki, bu addıma məhz indi ehtiyac var. Ermənistan ordusu təkcə son günlərdə Kəlbəcər, Tovuz, Goranboy istiqamətindən atəşkəsi davamlı pozmaqdadır. Ancaq həmsəd ölkələr nəinki bu təklifi səsləndirmir, hətta çağırış edirlər ki, sərhədlərin delimitasiya və demarkasiyasını dayandıraq. Yenə də sərhəd bütövlüyümüzün təmin olunmasına qarşıdırlar, belələri Şuşaya necə getsin?!


Şuşa təkcə mədəniyyət paytaxtımız deyil, həm də qürur yerimiz, səcdəgahımızdır!


Bu gün hər bir azərbaycanlının ürəyindən keçən ilk arzu Şuşa ziyarətilə bağlıdır. Odur ki, Şuşaya getməyi haqq etmək lazımdır, həmsədr ölkələrin elçiləri o haqqı etməyiblər! Amma qəti şəkildə boş verib də, faktın üstündən keçmək olmaz! Azərbaycan dövlətinə və xalqına qarşı sayğısızlığın cavabı, hesabı sorulmalıdır! Bizə hörmət etməyənlər bizdən də hörmət görməsinlər! Ermənistan Oxçuçaya zəhər axıdır, reaksiya yox, jurnalistlərimiz minaya düşür, susurlar, İrəvan mina xəritələrini alver pfredmetinə çevirir, yenə reaksiya “0”. Nə Qarabağda törədilən vandalizmi görmək istəyirlər, nə Azərbaycanın başlatdığı bərpa prosesini. Şuşada bərpa edilən kilsəyə yaxından baxmaq istəmirlər, amma ermənilərin haray-həşirinə dərhal reaksiya verib, səs-səsə verirlər. Bakıda erməni terrorçularına qurulan məhkəmə prosesinə də dəvət etmək lazımdır, getsinlər, eşitsinlər müdafiə etdikləri nə qansızlıqlar edib.


Prezident dəfələrlə çağırış edib: sizlər də bərpa prosesinə qatılın, deyə. Hər hansı təşəbbüs yox, sanki dilləri qısadır, ermənilərin yanında. Axı Qarabağdakı separatçı rejimə milyonlarla yardım edənlər həm də bunlardır. Adını da “humanitar” qoyurdular. Separatçılar üçün mina təmizləyənlər indi yoxa çıxıb, ilhaq son veriləndən sonra Azərbaycanla əməkdaşlıq təklifi gəlmir. Nə Qarabağı ziyarətə gedirlər, nə qurub-yaratmaq işinə qatılırlar, nə də...Araik vaxtilə çağıranda tullana-tullana gedirdilər. Elə İrəvandakı Rusiya səfiri, bir müddət əvvəl durub Zəngəzura gəlmişdi, ermənilər narahatdır deyə... Necə olur Sergey Kopırkin Azərbaycanla sərhədə gəlir, amma Mixail Boçarnikov Şuşaya getmir?


Yaxud ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və ya Zakari Qross bununla nə demək istəyirlər? Nəhayət, açıq danışmaq zamanıdır, diplomatlar diplomatiyadan kənar addım atdılar, heysiyyatımızla oynadılar... Daha diplomatik ifadə və yanaşmaya yer qalmadı...Dövlətimizin başçısı “Şuşasız işlərimiz yarımçıq qalar” deməklə hələ savaş günlərində bu şəhərin önəmini ifadə etmişdi. Şuşa səfərindən imtina sıradan məsələ deyil. Milyonlar növbəsini gözləyərkən dövlət adından dəvət alanların imtinası qəbulolunmazdır!


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın