" Kamal Abdullanın "Sehirbazlar dərəsinin" "sehirsizliyi"- Orxan Saffari yazır...

20, 05, 21
09:06

" Kamal Abdullanın "Sehirbazlar dərəsinin" "sehirsizliyi"- Orxan Saffari yazır...


İndi Azərbaycanda hansısa məmur yazıçı-şair haqqında nəsə yazmaq, olduqca çətin məsələdir. Əsərini bəyənib təqdir etsən bir dərd, tənqid etsən iki dərd. Dərd də gələndə batmanla gəlir, axı. Bu yazı prosesində özünü qorumaq isə artıq az qala tale yüklü bir məsələdir. Çünki ölkədə gedən ictimai-siyasi proseslər, ədəbiyyatla vəhdətində mütləq şəkildə ədəbiyyatı kölgədə qoyur. 

Səd-əfsus.

Məhz ona görə də bu məsələlərdə şəxsiyyəti bir kənara qoyub, ancaq mətn üzərində danışmalısan. Yalnız bu halda ləkələməyə bilərsən. Amma gərək, burda da mətnə düzgün şərh verib, nələrəsə görə pisə yaxşı, yaxşıya da pis deməyəsən. 

Əl-qərəz. 

Haqqında, daha doğrusu, əsəri, əsərləri haqqında danışmaq istədiyim Kamal Abdulla da məhz yuxarıda dediyim kateqoriyaya aiddir. Açığı, ədəbi mühitdə Kamal Abdulla haqqında gedən on yazının doqquzundan narazıyam. Ona görə narazıyam ki, yazılar dozadan artıq pafos yüklü və ədəbiyyatdan başqa hər şeyə hesablanmış yazılardır. Görəsən, dünyanın hər yerində belədir? Nə bilim, əşşi. Nə sirri-xudadırsa...

Sirr demişkən, məncə, elə yazıya da buradan başlamaq daha məqbuldur. Kamal Abdullanın "Sehirbazlar dərəsi" əsərindən. 

Əsəri bəyəndinmi? Açığı, elə də yox. Əsərdə bəyənmədiyim, bəyənməyə əsas olmayan bəzi məqamlar var idi ki, onu da indi deməyə çalışacam. Kamal Abdulla haqqında ilk tənqidim ondan ibarətdir ki, demək olar, heç bir yazısında poetika yoxdur. Bəs, buna məcburdurmu? Bax, burası da mübahisəli məsələdir. Yəni, müəllifdən "sən mütləq belə yazmalısan, belə olmalısan da" tələb etmək oxucu etikasına ziddir. Düzdü, mətndən mətnə də fərq var. Məsələn, bir akademik yazı ilə bədii mətn arasında fərq olsa da, bütün hallarda poetika məsələləri Kamal Abdulladan olduqca uzaq bir yerdə dayanıb. Amma nədənsə, poetik olduğunu çox vurğulayırlar. Bu səbəbə görə dedim bunu, and olsun, yoxsa yaxın getməzdim... 

Oxuyanlar bilir ki, "Dastan" mövzusu Kamal Abdullanın prialitet mövzusudur. Mən ona görə poetika yoxdur deyirəm ki, onun bədii təsvirlərində belə bir quruluq, elmilik var. Məncə, bu, əsəri dolğunluqdan salır. Amma əsərə təkcə bu yöndən baxmaq da allahsızlıq olar deyə, başqa yerlərə də nəzər edək. 

Bu əsəri mövzu və struktur baxımından postmodern əsər kimi təqdim edə bilərik. Həm də süjet xətti bir az qarışıqdır. Amma əsər və ideya olaraq maraqlıdır, mövzu köhnə, texnika yenidir. Bu əsəri mənim üçün maraqlı edən məsələ də budur. Köhnə mövzular, klassika üzərinə yeni nəfəs vermək. 

Romana müəyyən cür şərh vermək olar. Mən "magik" deyərdim ki, bunu da oxuduqca görmək olar. Azərbaycan ədəbiyyatında "magizm" az hallarda işlədiyinə görə, bu tərəfdən əsəri yaxşı əsər, alınmış əsər sayardım. Dünya ədəbiyyatında olan magik əsərlərlə bir sıraya qoyduqda, məncə, bu əsər bir az arxa sıralarda dayanır. Daha bilmirəm qabağa gəlməyə növbə çatar, yoxsa yox...

Amma Azərbaycan ədəbiyyatında yazılan magik əsərlərlə müqayisə etdikdə isə heç də geri qalan əsər deyil. Məsələn, Yusif Səmədoğlunun da magik çalarda bir əsərini oxumuşdum. Düzü, onu da bəyənməmişdim, amma sevmişdim. "Deyilənlər gəldi başa" əsərində lal və kar Səməndər mistik bir dünya ilə əlaqədə olur və orada folklordan gələn bir obraz da olur, hal anası. Bu obraz, həm də Mövlud Süleymanlının "Köç" əsərində keçir. Digər bəzi müəlliflərdə də var. Məsələn, Elçində, Anarda. "Sehirbazlar dərəsi" əsəri bu iki müəllifin əsərləri-Anarın və Elçinin əsərləri ilə yanaşı qoyduqda çox yuxarıdadır. 

Əsəri oxuyanlar əsərin necə başladığını bilir. Bir karvanbaşı ulduzlara baxır və elə bilir ki, əlini atıb həmin ulduzları bir-bir toplayacaq. Nə bilim, bir çox şəkildə yozmaq olar bu hissəni. Gəlin, yerlə-göy arasında var-gəl etmək deyək, bitsin. Amma yaxşı olardı ki, romanı sona qədər oxuyub bitirəndə ayaqların quş kimi yerdən üzülsün...

Məsələn, əsərdəki "Görükməz təpə" kimi. Allahyarın öz şəhərinə gələndə yol üstündə olan həmin o təpəni deyirəm. Hansı ki, həqiqətən görülməyən, qalxdıqdan sonra da "Sehirbazlar dərəsinin" başladığı o magik məkan. Sonrakı məsələlərdə də romanın struktur hissələri başlayır.
 
Sehirbazlar yaşayan bu dərədə adamlar işlərini asan, tez yoluna qoymaq üçün onlara deyir və buna cadu adı verər, işlərini yoluna qoyarlar.

Karvanbaşı Allahyarın da sehirbazlara işi düşür, beləki, o atasının ruhu ilə görüşüb danışmaq istəyir. Xacə İbrahimi belə bir sehirbaz tapması üçün yollayır və Xacə də onu tapır. Tapılan sehirbazın adı da "Hacı Mirhəsən ağa Səyyah"-dır. Amma əsərdə mənə qaranlıq qalan, məntiq xətası bildiyim bir məqam da məhz buradadır. Bir neçə dəfə düşünsəm də, bu məsələdə heç bir işarə, heç bir fərqlilik duya bilmədim. Sehirbaz deyir ki, hava isti olanda mən öz adımı soyunuram və indi də isti olduğuna görə sən mənə sadəcə Səyyah sehirbaz denən. Məsələnin havada qalan hissəsi də budur ki, hadisələrin cərəyan etdiyi vaxt qış ayına təsadüf edir və sonunda da qar yağdığını görürük. Amma sehirbaz əynini geyinmir. Nəysə. Gördüm anlamadım, çox da düşünmədim. Kiçik bir yumorla "yəqin altdan finka geyinib" dedim.  
 
Nağıl dili yüyrək olar. Daha bütün əsəri təfsilatı ilə danışmıram. Yəqin ki, bura qədər olan hissə əsəri oxumayan üçün də oxucuda maraq doğura bilər. 

Son olaraq onu da deyim ki, əsər biraz da mənə "Ölülər" əsərini xatırlatdı. Yəni bütünlükdə yox, müəyyən hissələri. O da elə yazdığım yer. Sehirbaza ölü ilə görüşmək istədiyini demək, yəni ölünü diriltmək məsələsi, ruh çağırmaq(nekromantiya). 

Bunu da deyim, lap son olsun. Bununla bağlı başqa bir əsər də oxumuşdum. Yəni, ruh söhbətləri olan. Təəssüf ki, nə müəllifin, nə də əsərin adı yadımda qalıb. Amma yadıma düşənləri deyim, bu yazını oxuyanlardan kimsə oxumuş olarsa, mənə də xatırladar. Əsərdə bir həkim ölürdü və onun ruhu evə qayıdırdı. Hadisələr bu cür cərəyan edir, sosial şəbəkə vasitəsi ilə yaxınları ilə yazışdı. Xahiş edirəm, kimsə bilsə, mənə də desin. Mütailəsi çox olan oxuculardan kömək gözləyirəm. 

Müəllifin heç bəyənmədiyim əsəri isə "Yarımçıq əlyazmadır". Heç deyəndə, elə iki əsəri oxumuşam. Sehirbaza nisbətən bunu heç bəyəndim. Digər oxuduğum esse və.s yazılarla da müqayisə etmirəm daha. Məsələn, digər əsərlərdə bu kitabda olan problemlər demək olar ki, yoxdur. Həmin əsərdən elə cümlələr seçmək olar ki, bu qədər məşhur bir yazıçı o cümlələri yazmamalıdır. 

Dastanlardan da müəyyən qədər məlumatım var. Hətta öz dastanlarımızdan əlavə digər bəzi xalqların da dastanlarından da. Mifologiyalar, əfsanələr, rəvayətlər, dastanlar maraq dairəmdir. Aşağı-yuxarı eyni qəhrəman və qəhrəmanlıqlar olan dastanlar çoxdur. Dədə-Qorduq dastanından yetəri qədər məlumatım olduğu üçün də bu əsər mənə çox zəif gəldi. Əsərdə həm də məntiqi xətalar da var deyə bilərik. Yəni ən azından dastanla müqayisə də mən belə gördüm. 

Bu əsərdə Beyrək mənfi bir obrazda verilib. Amma Dastandan bilirik ki, Beyrək müsbət bir obrazdır. Müəllifinin bunu nə üçün belə etməsi mənə də müəmmalıdır. Bilə-bilə belə edibsə, postmodern deyərəm, yox, bilmirsə, bağışlamıram. 

Başqa bir məsələ isə Beyrəkin eyş-işrət məsələləridir ki, bunun da dastanla heç bir  əlaqəsini görmədim. Bir azca da dərinə gedilsə, "kamasutranı" xatırladacaqdı. Beyrək babamız bu əsərdə "nəvələrinin" xoşuna gəlməyə bilər. Yaxud da, övladdan da şirin olan nəvələr, babalarını belə görmək istəməzdi. 

Hələki, müəllifdən əsər olaraq oxuduğum bu qədərdir. Ümid edirəm, bu əsərlərdə sevmədiyim məsələləri növbəti əsərlərdə görməyəcəm. Ən azından oxucu kimi bunu istəyərdim.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın