Fəzail Ağamalı: “Artıq erməni dərk edir ki, burda yaşaya bilməyəcək”

01, 05, 21
15:00

Fəzail Ağamalı: “Artıq erməni dərk edir ki, burda yaşaya bilməyəcək”


Azərbaycan Prezidentinin Zəngilan rayonuna son səfəri zamanı işğaldan azad olunmuş ərazilərimiz, həmçinin Ermənistan adlı qondarma dövlətin yaradıldığı tarixi torpaqlarımızla bağlı səsləndirdiyi bəyanatlar gec-tez Zəngəzur, Göyçə, İrəvana da qayıdışımıza böyük bir inam yaradıb. Bu mövzuda əslən Zəngəzurdan olan deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı “Yeni Müsavat”ın suallarını cavablandırıb. İlginc fikirlərin yer aldığı müsahibəni diqqətinizə təqdim edirik.

- Fəzail bəy, zamanında sizinlə Zəngəzur, ümumilikdə Qərbi Azərbaycan torpaqları ilə bağlı çox danışmışıq. Zəngəzura bağlı olan bir insan və siyasətçi olaraq siz necə hesab edirsiniz, Zəngəzura qayıdışa çoxmu qalır?

- Məncə, çox az qalıb. Ölkə prezidentinin qətiyyətli və son dərəcə inamlı fikirlərindən sonra məndə tam əminlik yarandı ki, biz yaxın zaman kəsiyində həqiqətən Şərqi Zəngəzurdan Qərbi Zəngəzura getməyə başlayacağıq. Əslində mən Şuşa və Laçın qəhrəman Silahlı Qüvvələrimiz tərəfindən azad olunduqdan sonra bir status yazdım və o, KİV-də dərc olundu. Orada hər bir azərbaycanlını təbrik etdim və eyni zamanda qeyd etdim ki, digərlərindən fərqli olaraq mən ikiqat sevinirəm. Həm ona görə sevinirəm ki, Şuşa, Laçın nəhayət, azad olundu. Həm də doğulduğum, böyüdüyüm Zəngəzurun dağları qoynunda məskən salan kəndimizə gedən yol məhz Şuşa-Laçından keçir və tezliklə Zəngəzura, öz doğma kəndimə getməyim çox da uzaqda deyil. Bu fikirlərdən 5-6 ay keçib. Həqiqətən bizim tarixi torpaqlarımıza qayıdışımızın başlanmasına çox az qalıb. Ölkə prezidentinin Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli iradəsi ortalıqdadır. Həm də nə gözəl ki, bu dəhlizin adını elə cənab prezident vermiş oldu: Azərbaycanın tarixi torpaqları olan Zəngəzur dəhlizi. Necə deyərlər, adıyla yaşasın! Prezidentimizin ayağı çox düşərlidir. Onun demiş olduğu sözdən çox keçməyəcək ki, o torpaqların sahibi olaraq Zəngəzura qayıdacağıq. Burda mənim içimdə böyük bir inam var. Yadınıza gəlirsə, cənab prezident eyni zamanda İrəvan şəhərinin də adını çəkdi və söylədi ki, Zəngəzura qayıdırıqsa, İrəvana da qayıdacağıq, çünki bizim tarixi torpaqlarımızdır və orada mənim ulu babalarım yaşayıblar. Bu fikrin arxasında çox böyük məna yatır. Biz İrəvana da, Göyçəyə də qayıdacağıq. Ancaq onlardan daha əvvəl Zəngəzurqa qayıdacağıq və Zəngəzurda, qədim Azərbaycan torpağının büllur çeşmələrindən su içəcəyik, onun təmiz havasını udacağıq. Bir daha o yurdlara bizim ayağımızın dəyməsi o torpaqları da sözün həqiqi mənasında dirçəldəcək. Orada uyuyan ulu babalarımızın, nənələrimizin də ruhu şad olacaq. Elşad bəy, gün o gün olsun ki, çox böyük məmnuniyyətlə doğulub-böyüdüyüm Şıxlar kəndinə səninlə bərabər gedək! O gün çox da uzaqda deyil.

“Ola bilsin Zəngəzura daha tez qayıdacağıq”


- İnşallah, Fəzail bəy! Bu günlərdə belə fikirlər də səslənir ki, əgər Qarabağda ermənilərin yaşaması müzakirə mövzusudursa, paralel olaraq azərbaycanlıların Zəngəzura, digər tarixi torpaqlarına qayıdışı da Ermənistanla aparılan danışıqlarda masada olmalıdır. Bu məsələyə sizin yanaşmanız necədir?

- Bilmirəm bu, nə dərəcədə müzakirə predmetinə çevrilə bilər və çevrilsə belə, indiki zaman kəsiyində nə dərəcədə bunu razılaşdırmaq mümkün olar. Bu, mənimçün birmənalı cavabı olmayan məsələdir. Əvvəla, ermənilər bizə qarşı çox qəzəblidirlər. Əldə etdiyimiz qələbəni və onların məruz qaldığı məğlubiyyəti həzm edə bilmirlər. Həm də onların incə yerində şeytan barmağı var. Bu şeytan barmağı bu gün həm Fransa, həm Amerika, həm də Rusiyadadır. Həmin dairələr bu şeytan barmağı ilə erməni cəmiyyətini hərəkətə keçirir, onların barışmazlığının üzərinə əlavə yük gətirirlər, kini, qəzəbi daha da şiddətləndirirlər. Onlar ermənilərin məğlubiyyətinin acısını ermənilərdən daha çox çəkən kimi görünürlər və erməniləri qızışdırırlar. Ancaq bir daha əminliklə təkrar edirəm, biz o tarixi torpaqlara qayıdacağıq. Ola bilsin Zəngəzura daha tez qayıdacağıq. Ancaq bütövlükdə biz əzəli və əbədi ərazilərimizin sahibi olaraq o yerlərə dönəcəyik. Bu qayıdış ola bilsin ki, bir az zaman çəkəcək. Mən bu inamdayam ki, bir neçə ildən sonra Ermənistan dövləti dövlət kimi çökəcək. Ermənilərin az-çox psixologiyasını, onların tarixini bir az dərindən araşdırarkən bəlli olur ki, onlar bütün imperiyaların zamanında özlərinin layiq olduğu satqınlıq, riyakarlıq, hiylədən, məkrdən doğan davranışlarına görə zərbə alıblar və həmin imperiyaların ərazisini mütləq əksəriyyəti tərk edib, dünyaya səpələniblər. İndi son olaraq belə bir zərbəni Azərbaycanda aldılar. Xalq olaraq, cəmiyyət olaraq elə bir zərbə alıblar ki, bundan sonra o zərbənin təsiri altında heç bir şəkildə çıxa bilməyəcəklər. Artıq onlar öz körpələrinə “türk sənin düşmənindir” deyə, onu aqressivləşdirməyə çalışsa da, bunu əvvəlki illərdə olduğu kimi, cəsarətlə deyə bilməyəcəklər. Çünki onların hər birinin gözünün önündə artıq Azərbaycanın şanlı ordusu dayanacaq. Çünki bizim bununla bağlı hazırladığımız videoçarxlar, ayrı-ayrı sənədlər, obyektiv görüntülər yayımlanacaq. Dünya indi çox açıqdır. Erməni istəsə də, istəməsə də, onun uşaqları, gəncləri bu görüntüləri izləməli olacaq. Belə olanda onlarda böyük vahimə əmələ gələcək, necə ki, indi var. Belə olan təqdirdə biz Laçın, Kəlbəcər, Ağdamda şəhid vermədiyimiz kimi, Zəngəzura da heç bir itki vermədən qayıdacağıq.

- Amma bu günlərdə Qarabağdakı ermənilər məskunlaşma ilə bağlı hərəkətə keçiblər, evlər tikirlər. Təbii ki, öz ağalarından təlimat alıblar. Amma buna göz yummaq, güzəştə getmək növbəti problemlərə səbəb ola bilər. Elə deyilmi?

- Onları bizim torpaqlarda saxlayan, Xankəndi, Xocavənd, Xocalıda saxlayan Rusiyadır, Rusiyanın hakim dairələridir. Bunu da reallaşdıran orada yerləşdirən sülhməramlı qüvvələrdir. Məncə, bütün bunların hamısı görüntülərdir, heç bir yeni evlərin, tikintisi, ayrı-ayrı məskən salma, yaxud müxtəlif şoularla bağlı məsələlər reallığı əks etdirmir. Hər halda bunu Rusiyada olan dostlarımızın ətrafındakı ermənilərdən eşidiblər və mənə deyiblər və Ermənistan mətbuatında da bu haqda  açıq-aydın yazılıb ki, ermənilərin Azərbaycan ərazisindən kütləvi şəkildə getmək istədiklərini təsdiq edən faktlar mövcuddur. Bizim mediamızda da erməni KİV-lərinə istinadən məlumat getdi ki, ermənilərin daha çox məskunlaşdığı Xankəndi, Ağdərə və digər yerlərdəki müəllimlər, həkimlər həmin əraziləri tərk edirlər. Çünki orda yaşamaq və fəaliyyət göstərmək imkanları və perspektivi yoxdur. Əslində Rusiya erməniləri orda saxlamaq  üçün bütün vasitələrə əl atır, onlara hərtərəfli yardımdan tutmuş, evlərinin bərpasına, həm də ərzaq paylamasına qədər. Artıq erməni dərk edir ki, o, burda yaşaya bilməyəcək. Hətta adi insanlar arasında keçirilən sorğularda həmin ermənilərin mütləq əksəriyyəti, hardasa yüzdə doxsanı,  doxsan beşi azərbaycanlılarla birgə yaşamağın qeyri-mümkünlüyünü dilə gətirir. Az-çox peşəsi olan, ağlı kəsən erməni çoxdan özünün çamadanını yığışdırıb. Orda qalan olmayacaq, bu, birmənalıdır. Biz yaxın 1-2 il ərzində görəcəyik ki, Qarabağda erməni deyilən bir nəfər də qalmayıb. Ən uzağı, qalan əlsiz-ayaqsız qocalar və imkan tapıb gedə bilməyənlər olacaq, hansı ki, belələri hər zaman onun-bunun həyətində nökər kimi işləyiblər.

Eyni zamanda, müşahidələr göstərir ki, Ermənistanda pandemiyanın bitməsini gözləyən və ölkəni tərk etmək üçün hazır dayanan çoxsaylı insanlar var. 200-300 min insanın ölkəni tərk etməsinin qaçılmaz olduğu açıqlanır. Unutmaq olmaz ki, bu, 200-300 min Ermənistanın fəal işçi qüvvəsidir. Onların yaşı hardasa 20-50 arasıdır. 1 milyon-1,5 əhalinin fəal işçi qüvvəsi elə 200-300 min edər. Bunlar gedəndən sonra Ermənistan bir dövlət kimi çökəcək. Ancaq unutmayaq ki, Rusiya indiyə qədər olduğu kimi, Ermənistanı özünün forpostu kimi salmaq üçün sona qədər cəhd edəcək.

“Sülhməramlılar öz səlahiyyətləri çərçivəsindən çıxır və haqlı olaraq bu, Azərbaycan cəmiyyətində qıcıq yaradır”


- Həm də ABŞ və Fransa da Ermənistan uğrunda mübarizə aparırlar.

- Bəli, mübarizə gedir. Ancaq bu, özü də əslində ermənilərin Ermənistanda qalmasını stimullaşdırmayacaq. Əksinə, məncə, onu daha da sürətləndirəcək və həmin insanlar məhz bu üç ölkəyə, Rusiya, Fransa və ABŞ-a yol alacaqlar. Ən müxtəlif  adlarla o ölkələrə yaxınlıqlarını göstərməyə çalışacaqlar. Həmin ölkələrdəki diaspora nə qədər çalışsa da, bu köçün qarşısını almaq mümkün deyil. Çünki Ermənistanda dövlət, cəmiyyət çat verib. Bu çat səbəbindən insanlar kütləvi şəkildə Ermənistanı tərk edib, dünyanın ayrı-ayrı yerlərinə səpələnəcəkər, buna heç kəsin şübhəsi olmasın. Biz əvvəlki illərdə etdiyimiz söhbətlərimizin reallaşmasının şahidi olmuşuq. Sağlıq olsun, bir neçə ildən sonra yenə də sizinlə bölgədəki söhbətimiz olarkən bu prosesləri birgə xatırlayarıq və o zaman görərik ki, Ermənistanda erməni qalmayıb. Əgər belədirsə, onda azərbaycanlılar çox sakit şəkildə öz dədə-baba torpaqlarına qayıdacaq. İndi Rusiya buna imkan verəcək, verməyəcək, bu, məsələlərin sonrakı gedişindən xeyli dərəcədə asılıdır.  Eyni zamanda gələcəkdə Azərbaycan-Rusiya münasibətlərinin nə dərəcədə yaxın və uzaq olmasından qaynaqlanacaq.

- Ancaq Rusiya sülhməramlıların davranışları, Qarabağın dağlıq bölgəsində erməni hərbçilərin olması narahatlıq və narazılıq yaradır. Bəziləri ehtiyatlı davranmağı faydalı sayır. Siz bu məsələlərlə bağlı hansı addımların atılmasının tərəfdarısınız?   

- Sülhməramlılar öz səlahiyyətləri çərçivəsindən çıxırlar və haqlı olaraq bu, Azərbaycan cəmiyyətində qıcıq yaradır. Faktiki olaraq Azərbaycanlıların tarixi ərazisində, ermənilərin nisbətən çox yaşadığı yerlərdə sülhməramlılar özlərini “xozeyn” kimi aparırlar. Onlar erməniləri inandırmağa çalışırlar ki, nə qədər Rusiya var, biz varıq, sizə heç bir təhlükə yoxdur, burada yaşayacaqsınız. Onlar ayrı-ayrı sahələrdə ermənilərə kömək etsələr də, mayın 9-da şou göstərib parad keçirmək cəhdi etsələr də, Azərbaycan torpaqlarında müvəqqətidirlər, qonaqdırlar. Azərbaycan xalqı 2 min, bəlkə bir qədər də çox sülhməramlıları bir anın içərisində, ayağını yerə dirəyərək ölkəmizdən çıxara bilər. Vaxtilə SSRİ-nin Zaqafqaziyada ən böyük hərbi qüvvəsi Azərbaycanda idi. Qala bilmədilər və qala da bilməzdilər! Nə edəcəklər, Azərbaycana qarşı müharibə elan edəcəklər? Mümkün deyil. Onlar Azərbaycana qarşı müharibə elan etsələr, qarşılarında nəhəng Türkiyə və Azərbaycan hərbi ittifaqının qəhrəman, igid əsgər var zabitlərini görəcəklər. Dünya da bunu bilir və təsdiq edir ki, canlı qüvvə və döyüş qabiliyyətinə görə Türk ordusu dünyada birincidir. İndi Türkiyənin hərbi texnologiyası da çox sürətlə ən yüksək səviyyədə artmaqdadır. Bizim İsraillə çox yüksək əlaqələrimiz, münasibətlərimiz mövcuddur. Onun hərbi texnologiyasının üstünlükləri Azərbaycanın ixtiyarındadır. Qardaş Pakistan nüvə dövləti kimi, hər zaman bizimlədir. Mən bunu ona görə sadalayıram ki, bilsinlər: rusdan qorxmaq lazım deyil! Azərbaycan dövləti rusdan çəkinmir də. Sadəcə olaraq, indiki kövrək zaman kəsiyində bütün məsələlər doğru olaraq diplomatik və siyasi müstəvidə həll edilir və buna daha çox cəhd göstərilir.

Yəqin siz mənimlə razılaşarsınız, sülhməramlıların əvvəlki günlər və aylarla indiki arasında xeyli fərqlər də var. Onlar özlərini yığışdırıblar, Azərbaycan dövlətinin və xalqının təpkisi nəticəsində. Ancaq Rusiya özünü başqa cür aparsa, imzalanmış bəyanata görə, maksimum 5 ildən sonra Azərbaycan deyəcək “sizə yaxşı yol!” Bu da olacaq, qətiyyən heç kəs şübhə etməsin!

- Bəs, Xankəndidəki parad şousuna cavabımız necə olmalıdır?

- Əlbəttə, faşizmlə müharibədə bizim xalqımız da qurban verib. Onlar bütün dünyanı böyük fəlakətə düçar edən Hitler faşizminə qarşı aparılmış müharibənin müsbət nəticələrini, qələbə əzmini ifadə etmək üçün keçid edə bilərlər. Amma bunu Azərbaycanın nə Xocalı, nə Xankəndi meydanında deyil, özlərinin dislokasiya olunduğu yerdə keçirə bilərlər. Başqa yerdə belə bir paradı keçirmək Azərbaycanın suveren hüquqlarına ciddi təhdiddir, təzyiqdir və belə də qəbul edəcəyik!

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın