Hüquq müdafiəçisi haqqında şikayət icraata götürülüb

09, 07, 25
07:45

Hüquq müdafiəçisi haqqında şikayət icraata götürülüb

Vəkillər Kollegiyasının üzvü onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə təqsirləndirilən şəxs qismində tanınıb.

Bu barədə İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” hesabında məlumat yayılıb.

İyulun 7-də Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Elvin Əliyevin şikayəti əsasında iddianın icraata götürülməsi barədə qərar qəbul edilib.

Vəkil Elvin Əliyev Fikrət Cəfərlinin ona qarşı böhtan yaydığını, bununla da işgüzar nüfuzuna zərər vurduğunu iddia edib.

O, hüquq müdafiəçisinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb olunmasını tələb edib.

İddiaya səbəb hazırda həbsdə olan Elvin Allahverdiyevin keçmiş vəkilindən şikayətinin İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində yayılmasıdır.

Məhbusun şikayətində vəkilin ondan 10.500 manat pul aldığı, lakin vəd etdiyi hüquqi nəticəni təmin etmədiyi və sonradan hədələyici davranışlara yol verdiyi qeyd olunub.

Fikrət Cəfərli bildirib ki, yayımlanan məlumat onun şəxsi mövqeyi deyil və sosial şəbəkədə jurnalist tərəfindən paylaşılan müraciətə istinadla təqdim edilib:

“Məhbusun dövlət başçısına ünvanladığı şikayətdir. Biz sadəcə, həmin məlumatı jurnalistin paylaşımına istinadla yaymışıq. Bu halda niyə biz ittiham olunur və məhkəməyə verilirik?”.

Hüquq müdafiəçisi ona qarşı qaldırılan iddianı və təqsirləndirilən şəxs qismində tanınmasını siyasi sifariş adlandırıb.

Onun fikrincə, Vəkillər Kollegiyasını tənqid etdiyi üçün təşkilat rəhbərliyi onu cəzalandırmağa çalışır.

Hazırlıq iclasında dövlət hesabına təyin olunmuş müdafiəçi Fikrət Cəfərlinin mövqeyini bölüşməyərək, şikayətin icraata götürülüb-götürülməməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirib.

Bu isə hüquq müdafiəçisinin narazılığına səbəb olub.

Məhkəmə baxışı iyulun 14-nə təyin edilib.

Fikrət Cəfərli “Facebook” vasitəsilə ictimaiyyətə, dövlət qurumlarının və beynəlxalq təşkilatların, diplomatik korpuslarına müraciətlə bildirib ki, peşə fəaliyyətinə görə siyasi sifariş əsasında xüsusi ittiham qaydasında məhkəməyə verilib:

“Məhkəməyə verilməyimdə məqsəd hüquq müdafiəçisi olaraq məni susdurmaq, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzini isə bağlatdırmaqdır. Xüsusi olaraq vurğulayıram ki, Mərkəz insan hüquqları təşkilatı olaraq, əsasən insan hüquq və əsas azadlıqların müdafiəsi, hüquqları pozulmuş insanların müdafiəsi, siyasi motivlərlə həbs edilmiş fəalların məhkəmə proseslərinin monitorinqini həyata keçirir. Mərkəz il ərzində yüzlərlə həssas qruplarla aid olan insanlara hüquqi yardım göstərir, onların pozulmuş hüquqlarının bərpa olunmasını dövlət orqanları qarşısında qaldırır”.

Cinayət Məcəlləsinin 147.1 maddəsində cərimə, ictimai işlər, islah işləri kimi alternativ cəzalarla yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın