Məcburi köçkünlər: "Boğulmaq üçün bu binada 15 dəqiqə qalmaq kifayət edir. Ölsək də buradan çıxmayacağıq." - FOTOLAR

17, 09, 20
20:00

Məcburi köçkünlər: "Boğulmaq üçün bu binada 15 dəqiqə qalmaq kifayət edir. Ölsək də buradan çıxmayacağıq." - FOTOLAR


Məcburi köçkünlər hazırda yaşadıqları qəzalı binanı tərk etmirlər və deyirlər ki, onlara ev verilməsə, ölsələr də buradan çıxmayacaqlar.

Bir neçə gün öncə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi Qızılqum sanatoriyasının beşmərtəbəli binasında qəzalı vəziyyət yaranıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev, Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri əraziyə gəliblər, binaya baxış keçirilib.

Binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib. Qeyd edilib ki, bina yaşamaq üçün təhlükəlidir. Hətta sakinlərin təxliyə edilməsi ilə bağlı qərar qəbul edilib və onlar çadırlarda məskunlaşdırılıb.

Bina sakinlərinə dövlət hesabına kirayə mənzillərə köçürülmə də təklif edilib. Ancaq sakinlər 30 ildən çox yaşadıqları binanı tərk etmək niyyətində deyillər.

Təbii ki, onların da öz səbəbləri var.

Qızılqum sanatoriyasında Ağdam, Kəlbəcər, Şuşa, Xocalı və s. işğal altında olan ərazilərdən qaçqın düşmüş 98 ailə məskunlaşıb. Uzun illərdir ki, sanatoriyada yaşayan köçkünlər binanın qəzalı olduğunu və həyatlarının təhlükə altında qaldığını deyirlər.

Qızılqum sanatoriyasının binası 1969-cu ildə inşa edilib. Amma binanın istismar müddəti çoxdan başa çatıb. Sakinlərin fikrincə, buna səbəb binanın zirzəmisinə yığılan sudur. İllərlə bina aşınmaya uğrayıb, divarları, tavan və döşəmələr sıradan çıxıb, qapı-pəncərələr çürüyüb.

Binanın zirzəmisinə yığılan su, oranın üfunət qoxumasına da səbəb olub. İçəridən gələn çirkab, kif və kanalizasiya qoxusu nəfəs almağa imkan vermir. Boğulmaq üçün binada 15 dəqiqə qalmaq kifayət edir.

Kirli divarlar, dağılan tavan, kif qoxusu və burada böyüyən körpələr...

Bina sakini Xatirə Rzayevanın sözlərinə görə, ayın 14-ü binaya baxış keçirilib və qəzalı olduğuna dair qərar verilib:

"Gəlib baxdılar. Dedilər, burada yaşamaq olmaz, çıxın. Çadırlar qurdular. Bir dəfə bizə çay, yemək də verdilər və dedilər ki, istəsəz kirayəyə çıxın, yeni bina hazır olanda köçəcəksiniz. Çadırlar iki gün qaldı, sonra yığıb apardılar".

Bina sakini bildirir ki, binaya baxış keçirilən zaman əvvəlcə zirzəmidə olan su boşaldılıb. Sonradan qərar veriblər ki, su boşalsa, bina çökər və zirzəmiyə yenidən su vurulub.

Kəlbəcər rayonundan köçkün düşən Mehriban Qaraşovanın sözlərinə görə, binada yaşamaq, uşaq böyütmək əzabdır:

"Bizim uşaqlarımızdan başqa heç nəyimiz yoxdur. Onlar da bu rütubət dolu, iyli-qoxulu binada məhv olur. Gəldilər, maraqlandılar, dedilər kirayə çıxın. Biz kirayə çıxmağa qorxuruq".

Bina sakinlərini qorxudan əsas məsələ sonda evsiz-eşiksiz qalma ehtimalıdır. Onların fikrincə, kirayə pulları vaxtında verilməyə, onlar gələcəkdə evlə təmin edilməyə bilərlər.

Elə bu səbəbdən də onlar yaşadıqları binanı tərk etmirlər və deyirlər ki, onlara ev verilməsə, ölsələr də binadan çıxmayacaqlar.

İndi havalar isti olduğu üçün axşamlar həyətdə yatdıqlarını deyən köçkünləri narahat edən qışın gəlməsidir: "İndi həyətdə yatmaq olur. Bəs qarda-qışda nə edəcəyik?!"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev açıqlamasında bildirib ki, sentyabrın 14-də binaya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib. Bu zaman binanın beton konstruksiyalarında qüsurlar qeydə alınıb. Bundan sonra sakinlər üçün çadırlar və yeməkxana qurulub. Sentyabrın 16-da FHN-nin mütəxəssisləri sakinlərin binadan təxliyəsinin vacibliyini bildirib.

Hazırda binada yaşayan 98 köçkün ailəsinin kirayə köçürülməsi üçün tədbirlər görülür.

İ.Mirəzyev qeyd edib ki, Dövlət Komitəsi həmin ailələri Bakı şəhərinin Sabunçu rayonu ərazisində məcburi köçkünlər üçün tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.

Azerbaycanrealligi.com



























Bizimlə əlaqə saxlayın