"Bomj" kimi yaşayan,iki ali təhsili olan böyrək xəstəsi:“Evtanaziya istəyirəm” - FOTOLAR

11, 07, 19
15:10

"Bomj" kimi yaşayan,iki ali təhsili olan böyrək xəstəsi:“Evtanaziya istəyirəm” - FOTOLAR

“Koroğlu” metrosu yaxınlığındakı körpünün altında yatan şəxs “bomj” olmadığını deyir.

Nədənsə metronun “Koroğlu” metrostansiyasının yaxınlığı bir çox kimsəsizin, evsizin, xəstənin “evinə” çevrilib.

Etibar Əliyev bir neçə gündür ki, metro yaxınlığında məskunlaşıb. 55 yaşlı E. Əliyev böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Dediyinə görə, 6 aydır ki, xəstəliyə düçar olub. Elə bundan sonra da həyatı alt-üst olub.
Etibar Əliyev

Vaxtilə güc strukturlarında çalışdığını deyən Əliyev sonralar əntiq əşyaların satışı ilə məşğul olub: "Əmircanda yaşayırdım. Otaqlarımdan birini də emalatxana etmişdim. Hər şey qaydasında gedirdi. Ta ki, bu xəstəliyə yaxalanana qədər. Sonra dəfələrlə xəstəxanaya getdim. Böyrəyim əməliyyat edilib, çıxarılmalıdır. Qalsa, qanımı zəhərləyə bilər. Amma buna gücüm çatmır".

E. Əliyev deyir ki, bir zamanlar ailəsi, evi-eşiyi olsa da, indi heç nəyi yoxdur. Bütün bunlarda isə özünü günahkar hesab edir.

"Evtanaziya istəyirəm. Mən sınan adam deyiləm. Əməliyyat edilib, yaşaya bilmirsəmsə, evtanaziya etsinlər, canım qutarsın" – deyə Əliyev bildirir.
Etibar Əliyev bir neçə gündür ki, metro yaxınlığında məskunlaşıb

E. Əliyevdən "sığınacaqda yaşaya bilərsənmi" deyə soruşduqda bildirdi ki, aparan olsa gedər.
"Hələ cavanam, əməliyyat olunsam, sonra özümə bir iş də taparam. İndi isə nə işim, nə ailəm, nə evim, nə də sağlamlığım yoxdur. Mənim iki ali təhsilim var. Rusiyada hüquq fakültəsini bitirmişəm. Mən "bomj" deyiləm" – deyir E. Əliyev.

Hazırda o, Koroğlu metrostansiyasının yaxınlığında körpünün altında yaşayır. Kimsə ona ədyal və yastıq verib. Yoldan keçənlər, taksi sürücüləri yeməyini də verir. Amma o, belə həyatı istəmir. Ümidi isə jurnalistlərədir...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın