Torpağı əlindən alınmış Xəzəngül Məmmədovanın nümayəndəsi Ələmşah Şükürovun Adil Əliyevə cavabı: "Siz özünüzü kim hesab edirsiniz?"

26, 11, 18
17:33

Torpağı əlindən alınmış Xəzəngül Məmmədovanın nümayəndəsi Ələmşah Şükürovun Adil Əliyevə cavabı: "Siz özünüzü kim hesab edirsiniz?"


Azerbaycanrealligi.com xəbər verir ki, torpağı millət vəkili Adil Əliyev tərəfindən zəbt olunduğu iddia olunan vətəndaş Xəzəngül Məmmədovanın vəkili Adil Əliyevin bu məsələyə bir neçə gün əvvəl saytımız vasitəsi ilə verdiyi cavaba əks-arqumentlər irəli sürüb. Bir sözlə, artıq tərəflər arasında qalmaqal böyüyür. Xəzəngül Məmmədovanın nümayəndəsi Ələmşah Şükürovun Adil Əliyevə cavabını və təqdim etdiyi məhkəmə sənədlərini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.  

          Adil Əliyev “Dələduz şaykası” biz deyilik! “  

Dələduz şaykası” bizim yerimizi zəbt edib tikən və ona havadarlıq edənlərdir. Mən sadə vətəndaşam, o vətəndaş ki, seçki vaxtı bizim qarşımızda min vədlərlə çıxış edirsən və bizi aldadırsan. Adil Əliyev, yazıq biz yox, 50 obyekti olub onunla kifayətlənməyən, sadə vətəndaşın torpağını min bir üsulla ələ keçirib orada obyekt tikməkdən gözü doymayan millət vəkilidir. Bu sənsən. Bizi məhkəməyə verin, biz elə onu istəyirik. Bu məhkəmə saxta yollarla təsir etdiyiniz məhkəmə olmayacaq. Bunu unutmayın, məhkəmədə kim sevinəcək onu da görəcəyik. Bizi hədələmək lazım deyil. Siz məhkəmələri bax belə hədələrlə, şərlərlə “udmusunuz”. Həddini aşan da biz deyilik. Sizsiniz. 5 ildir ki, biz gözləyirik ki, siz gəlib etdiyiniz hərəkətin qarşılığında bizimlə görüşəsiniz. Bəs siz özünüzü kim hesab edirsiniz? Özünüz də tez-tez Allahın adını çəkirsiniz. Allah qabaqcadan danışan insanı sevmir. Məhkəmədə kim kimi süründürər onu da Allah bilər. Adil Əliyev, sizin Bakı şəhərinin müxtəlif rayonlarında çoxlu sayda obyektləriniz var. Bunu bütün insanlar bilir. Lakin yadınıza salıram ki, Azərbaycan Respublikası Konstitutsiyasının 89-cu maddəsinə əsasən Milli Məclisinin deputatı kommersiya fəaliyyəti ilə məşqul ola bilməz. Bu hal sizin mandatınızı itirməyə səbəb ola bilər. Nəyiniz var özünüzə qismət, bizim sizin obyektlərinizdə gözümüz yoxdur. Bizim də torpağımızda sizin gözünüz olmasın. O ki, qaldı məhkəmə hüquq müstəvisində həll etdiyiniz məhkəmə qərarlarına bununla bağlı sizə sualım var:

1. Nəyə görə 7 il mənim mülkiyyətimdə olan torpaq sahəsinin sənədləri sizin həmin yerdə şadlıq sarayı tikmək iddianızdan sonra ləğv edildi?

2. Nəyə görə Binəqədi rayon məhkəməsinin 01 may 2014-cü il tarixli Qətnaməsindən sonra - biz sizinlə razılaşmadıqdan sonra torpaq sahəsinin sənədləri ləğv edildi? 

3. Nəyə görə həmin torpaq sahəsi bizdə olanda dövlət mülkiyyətində olan torpaq sahəsi hesab edilir, siz zəbt edib şadlıq sarayı tikdirəndə isə bələdiyyə torpağı olur? Əgər həmin torpaq sahəsi dövlət mülkiyyətindədirsə, siz necə orada şadlıq sarayı tikdirirsiniz? 

4. Nəyə görə və nə vaxtdan sizə məxsus “Çıraq” şadlıq sarayı Azərbaycan Respublikası Baş Prokrorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası hesab edilir? Buyurub sənədlərlə tanış ola bilərsiniz.

5. Nəyə görə bizim iddiamıza əsasən Binəqədi rayon məhkəməsində mülki işə baxılarkən siz 6 ay ərzində məhkəməni yubatdınız və həmin torpaq sahəsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilmədiniz? Çünki həmin vaxt sizin əlinizdə heç bir sənədiniz yox idi, siz o torpağı zəbt etmişdiniz və qanunsuz tikili aparırdınız. Adil Əliyev, bu ən azından özbaşınalıq deyil, nədir?

Sonda biz ölkə Prezidenti, Ali Baş komandan möhtərəm İlham Əliyev cənablarına müraciət edərək bildiririk ki, mən sadə vətəndaşam, deputat Adil Əliyevin özbaşınalıqları nəticəsində mən yataq xəstəsi olmuşam. Mən deputat Adil Əliyevlə bacarmıram, Sizdən xahiş edirəm ki, mənim mülkiyyətimi Adil Əliyevdən alıb mənə qaytarılmasına göstəriş verəsiniz. Cənab Prezident, sizə əvvəlcədən minnətdarlığımı bildirirəm."




Xəzəngül Məmmədovanın nümayəndəsinin təqdim etdiyi məhkəmə sənədləri 





Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın