Gəncə Dövlət Universitetində "Açıq Qapı" günü keçirilib

11, 06, 22
12:00

Gəncə Dövlət Universitetində "Açıq Qapı" günü keçirilib


Gəncə Dövlət Universitetində təhsilin hər iki səviyyəsi üzrə yaz imtahan sessiyası başlayıb. İmtahanların yazılı, test, xüsusi qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət, Avropa İttifaqının ERASMUS+ proqramının Azərbaycan Universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı EQAC adlı layihəsi çərçivəsində icra olunacaq yeni kurrikulumun tətbiqi pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında isə şifahi formada keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan Reallığı"
xəbər verir ki, imtahan sessiyasının keçirilməsi üçün təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, imtahan otaqları ayrılmış, test imtahanlarının keçirilməsi üçün otaqlar kompüterlərlə təchiz edilmişdir. Tələbələrin semestr ərzində topladıqları ballar universitetin serverində elektron formada yerləşdirilmişdir.

Fənn müəllimləri tərəfindən yazılı imtahanlar üçün 60, test imtahanları üçün isə 300-500 sual hazırlanmışdır. Test suallarının cavabları “A” variantında əvvəlcədən tələbələrə verilmişdir.

İmtahan sesiyasının mütəşəkkil keçirilməsi, müvafiq metodiki işlərin həyata keçirilməsi və imtahan sessiyasına nəzarət edilməsi məqsədilə Universitet üzrə “İmtahan mərkəzi” və imtahan zamanı ictimai nəzarətin həyata keçirilməsi, habelə şəffaflığın təmin edilməsi məqsədilə Gəncə şəhərinin Respublikada tanınmış ziyalılarından, elm xadimlərindən, millət vəkillərindən, KİV nümayəndələrindən, tələbələrin valideynlərindən və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası” yaradılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə Universitet üzrə “İmtahan qərargahı” fəaliyyət göstərir.

Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün 8 iyun 2022-ci ildə “Açıq qapı” günü keçirilmişdir. Universitetdə təhsil alan tələbələrin valideynlərinin, qeyri hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı" gününün iştirakçıları imtahan otaqlarını gəzmiş, yaradılan şəraitlə yaxından tanış olmuş, valideynlər övladlarının kömpüterdə test suallarına cavab vermələrini müşahidə etmişdir. Müasir texniki vasitələrlə təchiz edilmiş imtahan otaqları, hər tərəfdə hökm sürən sakitlik və nəzarətçilərin obyektiv fəaliyyəti razılıqla qarşılanmışdır.

Universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov “Açıq qapı" gününün iştirakçılarına ali təhsil ocağında imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitlə, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış “Apelyasiya komissiyası”nın və “İmtahan qərargahı”nın fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.

“Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak etmişdir. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş valideynlər Saleh Abbasov, Vasif Verdiyev, Teymur Kərimli, Asif Tağıyev və başqaları imtahanların gedişindən razı qaldıqlarını bildirmiş, burada təhsil alan övladlarının biliklərinin obyektiv qiymətləndirilməsi üçün göstərilən qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Qarabağ qazisi Mehdi Kərimov universitetdə təhsil alan iki övladına göstərilən qayğıdan danışaraq universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Sonra “Açıq qapı” gününün iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş, həm də qazi adını almış universitet tələbələrinin şəkillərindən ibarət guşəyə baxış keçirtmiş, ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.

“Açıq qapı” günündə universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva da iştirak edərək qonaqlara imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat vermişlər. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın