TƏHSİL NAZİRLİYİNİN ALA-YARIMÇIQ “ƏDALƏTİ - Nə üçün yalnız iyulun 23-də baş tutan imtahanlar təkrar keçiriləcək?

29, 07, 21
18:00

TƏHSİL NAZİRLİYİNİN ALA-YARIMÇIQ “ƏDALƏTİ - Nə üçün yalnız iyulun 23-də baş tutan imtahanlar təkrar keçiriləcək?


Bir neçə gün əvvəl “Hürriyyət” qəzetində müəllimlərin işə qəbulu imtahanında baş verən biabırçılıqlarla bağlı yazı dərc olunmuşdu. “TƏHSİLƏ AİDİYYƏTİ OLMAYAN SUALLARI İMTAHANA KİMLƏR SALIR? – Müəllimlərin işə qəbulunda biabırçı mənzərə…” sərlövhəli yazıda problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyinə müraciət etmişdik. Ümid edirdik ki, müəllimlərin mövqeyi ifadə olunan və onların səsi yetkililərə çatdırılan yazımızdan sonra məsələylə bağlı ədalətli, narazılığın çözülməsini təmin edəcək qərar veriləcək. Amma çox şey dəyişmədi...

Öncə onu qeyd edək ki, hazırda sözügedən məsələ ilə bağlı müəllimlərin narazılığı davam edir. Doğrudur, təhsil naziri Emin Əmrullayev narazılıqlara operativ reaksiya verdi və tədbir görüləcəyini bildirdi. Amma görülən tədbir deyəsən yalnız filoloqlara aid olundu. Təhsil Nazirliyi həm də filoloqların bir hissəsinin yenidən imtahan verməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarda, riyaziyyatçılar başda olmaqla, digər fənnlərə aid olan imtahanların təkrar keçirilməsi nəzərə alınmadı. Eləcə də 23 iyul tarixindən əvvəl baş tutan imtahanların təkrar keçirilməsi yox, yalnız həmin günkü imtahanların təkrar keçirilməsinə qərar verildi.

Maraqlıdır, hörmətli nazir fənnlər arasında ayrı-seçkiliyi nəyə əsasən müəyyən və təsbit edir?

Əlbəttə, təhsil nazirinin bu qərarının əsasında nə dayandığı maraqlıdır. Milli kino salnaməmizin misilsiz nümunələrindən olan “O olmasın, bu olsun” filmindəki sualı fərqli formada ifadə edərək, təhsil sahəmzin rəhbəri Emin Əmrullayevdən soruşaq: “Sizi məhz 2021-ci il 23 iyul tarixli imtahanın təkrar keçirilməsinə qərar verməyə nə yönəltdi? Yoxsa, düşünürsünüz ki, ondan əvvəlki tarixlərdə təşkil olunmuş imtahanlar daha yüksək səviyyəli, daha qüsursuz, daha mükəmməl idi? Hər halda, elə olmadığını siz də yaxşı bilirsiniz. O halda müəllim “həmkarlarınız” arasında hansı səbəbdən ayrı-seçkiliyə yol verirsiniz?” (Hurriyyet.az)

Ülviyyə ŞÜKÜROVA,

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın