Valideyn: ""İdrak" liseyi övladımın təhsil hüququnu pozur”

02, 03, 21
19:58

Valideyn: ""İdrak" liseyi övladımın təhsil hüququnu pozur”


""İdrak" liseyi övladımın təhsil hüququnu pozub. Təhsil Nazirliyindənsə deyirlər ki, biz özəl liseylərə nəzarət edə bilmirik, onların arxasında müəyyən oliqarxlar dayanır. Bu məqamda nazirliyin işinin nə olduğu düşündürücü haldır”.

Azerbaycanrealligi.com xəbər verir ki, Bunu “Toplum TV”-yə valideyn Fikrət Cəfərov deyib.

Onun sözlərinə görə, Mönsüm Alışov rəhbərlik etsə də, təhsil ocağı qeyri-rəsmi olaraq Sumqayıtın icra başçısı Zakir Fərəcova məxsusdur, ona görə də heç bir şikayətə məhəl qoyulmur. 

"Pandemiya dövründə qapalı olan qurum təhsilhaqqının 100% ödənilməsini necə tələb edə bilər?" 

Fikrət Cəfərov

F.Cəfərov bildirir ki, “İdrak” liseyi pandemiya dövründə qapalı olduğu halda, təhsil haqqını 100% ödəməyi tələb edir: “Pandemiya dövründə lisey bizimlə müqaviləsinin şərtlərinin, demək olar ki, heç birini yerinə yetirə bilmədi. Özəl liseylərdə müqavilə şərtlərinin tam yerinə yetirilməsi üçün qurum mütləq fəaliyyət göstərməlidir. Yəni şagird səhər saat 8-dən axşam saat 6-ya kimi liseydə olmalı; əyani dərslər, gündə 4 dəfə yemək, istirahət saatları, ev tapşırıqlarının icrası, 6-a yaxın dərnəkdə fəaliyyət təmin edilməlidir. Bunlar o halda icra oluna bilər ki, lisey açıq olsun və şagird 10 saatını orada keçirsin. Qapalı olan bir qurumun valideynlərdən 100 faiz ödəniş tələb etməsi həm ədalətsizlik, həm də qanun pozuntusudur. Mən 30 faiz ödəniş təklif etmişəm, amma onlar razı deyil. Valideynlər ödəniş etmədiyi üçün “İdrak” liseyi şagirdləri onlayn dərslərdən uzaqlaşdırır və nəticədə onların təhsil hüququ əllərindən alınır”. 

Valideyn məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini də bildirir: “Liseyin təsisçisi hər kəsin bildiyi bir oliqarxdır. Mən qurumun formal rəhbərinə təklif etdim ki, yaranan narazılıq məhkəmədə həll olunsun, amma şagirdin təhsil haqqı əlindən alınmasın. Təəssüf ki, razılaşmadı. Daha sonra Təhsil Nazirliyinə müraciət etdim. Oradan isə bildirdilər ki, biz özəl liseylərə nəzarət edə bilmirik, onların arxasında müəyyən oliqarxlar dayanır. Bu məqamda Təhsil Nazirliyinin işinin nədən ibarət olduğu düşündürücüdür. Şagirdin təhsil hüququ pozulur və buna kimsə cavab verməlidir. Mən Baş prokurorluğa və prezidentə də müraciət etmişəm, çünki fəaliyyət göstərməmiş bir müəssisənin valideynlərdən ödəniş tələb etməsinin adı dələduzluqdur”. 

Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu: "Bu məsələdə valideyn birmənalı olaraq haqlıdır"  

Təhsil eksperti Nabatəli Qulamoğlu isə bu məsələdə valideynin birmənalı olaraq haqlı olduğunu deyir: "Bütün liseylər pandemiya dövründə öz öhdəliklərini tam yerinə yetirə bilməyiblər. Bu durumda valideynin təhsilhaqqı ödəməkdən imtina haqqı var. Burada ortaq fikrə gəlmək, razılıq əldə etmək lazımdır. “İdrak” liseyi valideynin 30 faiz ödəniş təklifini qəbul etməli və şagird təhsilinə davam etməlidir”.

Ekspert bu durumda yeganə tənzimləyici qurumun məhkəmə olduğunu qeyd edib: “Mən tam əminliklə deyə bilərəm ki, məhkəmə birmənalı olaraq valideynin tərəfində olacaq. Təhsil Nazirliyi tərəflər arasında razılıq əldə olunması üçün sadəcə tövsiyə verə bilər, çünki lisey özəl qurumdur, onun maliyyə məsələlərinə qarışmağa haqqı yoxdur”. 

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın