Tovuzda məktəb layihəsi icra olunur FOTO

03, 10, 19
15:07

Tovuzda məktəb layihəsi icra olunur FOTO


Deməyə sözümüz var” – məktəbli foto və video jurnalistika kursları” layihəsi Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən bu ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi müasir texnologiyalardan istifadə etməklə cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün məktəblilər arasında bilik və bacarıqların artırılmasından ibarətdir.  

Sözügedən layihə 6 ay ərzində həyata keçiriləcəyi planlaşdırılır və bu çərçivədə fəal məktəblilərə foto və video jurnalistikanın əsasları haqqında məlumatın verilməsi, yuxarı sinif şagirdləri arasında müasir texnologiylarla foto işinin və videoçarxların hazırlanması texnikasının öyrədilməsi, seçilmiş məktəblilərin hazırladıqları foto və video materialların sərgisinin təşkil edilməsi, məktəb nəzdində uzunmüddətli foto və video sahəsi üzrə dərnək formatında işləyəcək xüsusi studiyanın yaradılması işinin icrası olacaq. Layihənin icrası müddətində hər qrupda 15 nəfər olmaqla ümumilikdə 2 qrupda 30 nəfər şagird üçün foto və video jurnalistikanın əsasları haqqında, eləcə də foto və video jurnalistika texnikası barədə təlim kursları təşkil olunacaq. Kurslarda dinləyicilərə təqdim edilən prezentasiyalar xüsusi hazırlanmış CD-lərə köçürülərək çoxaldılacaq. Bu materiallar kurs iştirakçılarına paylanılmaqla bərabər, həmçinin layihə üzrə digər tədbir iştirakçılarına təqdim ediləcək. Eyni zamanda onlar kurs keçirilən təhsil müəssisəsindəki kompyuter otaqlarına həddiyə olunacaq. Həmin elektron daşıyıcılardakı məlumatdan orada təhsil alan digər yeniyetmə və gənclər də gələcəkdə yararlana biləcəklər. 

Daha sonra nəzəri cəhətdən əldə edilən biliklərin praktiki tətbiqi üçün təlim iştirakçıları cəmiyyətimizdə müxtəlif  istiqamətlərdə (sosial, idman, təhsil, gənclik, mədəniyyət və s.) mövcud olan uğurlar və problemlər haqqında öz baxışlarını formalaşdırmaqdan ötrü foto və/və ya videoçarx hazırlayacaqlar. Bu işdə müvafiq ekspertlər onlara yaxından kömək edəcəklər. Təlimin məzunları özləri smart qurğular (mobil telefonlar, palnşetlər və s.) ümumilikdə 1 ssenari üzrə videoçarx və 20 fotoşəkil hazırlanması üçün müvafiq fəaliyyətlər həyata keçirəcəkdi. Hazırlanmış və böyük ölçülü yüksək keyfiyyətlə çap edilmiş ümumilikdə 20 fotodan və 1 videoçarxdan ibarət materiallar geniş ictimaiyyətə nümayiş olunmaq üçün Tovuz şəhərində sərgi təşkil olunacaq.

Fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün yekun prezentasiya təşkil olunacaq. Tədbirdə layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onları həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar bölüşəcək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 
Layihə gələn ilin fevralında yekunlaşacaq.

“Deməyə sözümüz var” – məktəbli foto və video jurnalistika kursları” layihəsinin işçi qrupu

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın