Dağların şahı "Şahdağ" Təbiətlə sevişin, onu zorlamayın...

25, 06, 18
19:06

Dağların şahı "Şahdağ" Təbiətlə sevişin, onu zorlamayın...

Bilənlər bilir ki, mən təbiət aşiqi, onun vurğunuyam. Qarlı qışda,  xəzanlı payızda, çiçək qoxuyan, yağışlı baharda uzun yollar qət edib təbiətlə hal-əhval etməyə gedirəm.  Ta uşaqlıqdan təbiətin bir hissəsi olan dağların vurğunuyam. Uşaqlığımın bütün yay tətilləri Laçının, Kəlbəcərin səfalı dağlarında, göylərində ildırımların çaxdığl uca qayalarının başında qartalların süzdüyü yaylaqlarda keçib. Bəlkə də indiyədək dağlara olan sevgim də anamın vətənində keçirdiyim unudulmaz yay tətillərindən başlayıb.  Dağlar, insan ayağı dəyməyən vəhşi təbiət istənilən fəsildə gözəldir, yetər ki, insanlar onu zorlamasınlar, hüsnünə xələl gətirməsinlər...

 Bu ay təbiətlə bağlı səfərlər və proqramlar çox idi, heç birini də əldən buraxmadım... Novbəti səfər təklifi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldi.   "Təbiət evimizdir" adlı ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində ölkə media nümayəndələrinin iştirakı ilə Şahdağ Milli Parkına səfərə yollandıq. Yol boyu həmkarlarımın   haylı-küylü zarafatları ilə Şahdağ Milli Parkına çatdıq. 

Qeyd edim ki,  "Şahdağ" Milli Parkı ərazisinə görə ölkənin 6 rayonun ərazisini əhatə edir və Cənubi Qafqazın ən böyük Milli Parkıdır.  Jurnalistlərin bu səfəri də təsadüfi deyildi. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti tərəfindən Milli parklara mediaturların təşkil edilməsi mütəmadi həyata keçirilir.  Nazirliyin məsul əməkdaşı İradə İbrahimovanın sözlərinə görə, bunda məqsəd  Milli parklardakı ekoturizm potensialını göstərmək, bir-birindən gözəl təbiət abidələrinə gediş-gəliş imkanlarını genişləndirmək və ətraf mühitə sivil münasibəti tam formalaşdırmaqdır.

 Milli Parkin inzibati binasından başlayan səfərdə geniş məlumatlandırıldıq. İnzibati binanın həyətindən başlayan təbiətlə təması sözlə təsvir etmək mümkün deyil. Bunun üçün bağın ərazisində yetişən, qıpqırmizi  meyvələrindən çətir geyinən  albalı ağaclarına edilən "hücumu" gözlə görmək lazım idi. Ağacdan dərib yuyulmamiş xırda albalıları yeyən kim, onu dərib mənim kimi qulağına keçirib, uşaqlığını  yenidən yaşayan kim,   canlı təbiətlə selfi edən kim,  bir sözlə, hər kəs halından məmnun...

 Giənar ağacının səfərimizə qatdığı turşməzə rəngarənglikdən sonra yenidən media nümayəndələri üçün ayrılmış avtobusda yerlərimizi rahatlayıb üz tutduq əsrlərdir yaşı olan Milli Parka. Bələdçiliyimizi  Milli Parkin direktoru Akif müəllim şəxsən həyata keçirdi.

O bildirdi ki, dünya ölkələri hər il ətraf mühitin mühafizəsi gününü qeyd etməklə insanları onları əhatə edən təbiətə, onun varlıqlarına diqqət yetirməyi, gələcək nəsillərə dayanıqlı və sağlam təbii mühit miras qoymağı tövsiyə edir.

Milli Parkla bağlı məlumat verən direktor bildirdi ki,  Azərbaycanda da inkişaf etmiş digər ölkələrdəki kimi ətraf mühitin sağlamlaşdırılması həm ictimaiyyətin, həm də dövlətimizin daimi diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının ilbəil artması isə ölkədə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən səmərəli fəaliyyətin nümunəsi sayıla bilər. Onun sözlərinə görə, xüsusi mühafizə olunan təbiət ərazilərindən biri - Şahdağ Milli Parkı nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən böyük əraziyə malikdir və bu milli park ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. 

Xüsusən Şahdağ Milli Parkının ərazisində turist-rekreasiya zonalarının ölkənin müxtəlif bölgələrini əhatə etməsi, xüsusən Azərbaycanın ən yüksək dağlıq ərazilərinin burada yerləşməsi və turist obyekti kimi maraq dairəsində olması bu boşluqları daha da qabardıb. Həmçinin ərazidə turist marağına səbəb olan əsas zirvələrə gedən marşrutların birbaşa dövlət sərhəddi boyunca yerləşməsi də problemin müvafiq dövlət strukturları arasında razılaşdırılmaqla həllini vacib edərək yeni normativ sənədlərin qəbulu zərurətini yaradıb.


Öyrəndik ki, Milli Parkların yüksək dağlıq ərazilərində turizm fəaliyyətinin tənzimlənməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb. Mövcud Qaydalara əsasən, Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər milli parkın müvafiq giriş və çıxış məntəqələrində qeydiyyatdan keçməli və onların əraziyə birdəfəlik girişi zamanı müvafiq sənədlər təqdim olunmalıdır. Həmçinin turistlər öncədən fərdi anket vərəqələrini doldurmaqla müvafiq marşrutları seçə bilərlər. 

Onların ixtisaslı bələdçilərin müşayiəti altında yüksək dağlıq ərazilərə daxil olması və hərəkət etməsi isə vacib məsələlərdəndir. Qrupun hər hansı idman növü üzrə hazırlıq səviyyəsindən asılı olmayaraq, milli parkların ərazisində xüsusi qaydada akkreditasiyadan keçmiş bələdçilərin müşayiəti altında hərəkət etməsi vacib şərtdir. Bələdçiləri isə hər hansı idman növü üzrə hazırlıq səviyyəsinə görə deyil, kompleks biliklərə və bacarığa malik olan, xüsusi mühafizə olunan təbiət əraziləri barədə bilikli, həmçinin ekstremal şəraitdə fəaliyyət göstərmək bacarığı olan şəxslər sırasından seçilir.

 Əsas hədəf isə təbiətin bütövlüyünün, ayrı-ayrı vəhşi heyvan və bitki növlərinin dayanaqlılığının təmin edilməsi, areallarının qorunması, sonda isə yol verilə bilən həddə, təbiətə minimum ziyan vurmaqla davamlı turizm fəaliyyəti üçün mövcud olan şəraitdən planlı və elmi cəhətdən əsaslandırılmış formada faydalanaraq onun tətbiqidir.  Şahdağ Milli Parki haqqında vacib məlumatları aldıqdan sonra Cağacuğ çayının şırıltısı, sıx meşə ağaclarının çətir kimi səmanın qarşısını alan budaqlarının altıyla parkın dərinliklərinə doğru üz tutduq.  Qəribə bir, hüzn, sakitlik vardı ətrafda. Meşədə quşların xoşbəxt nəğmələri adamı bihuş edirdi.  Qeyd edim ki,  ekoturizmlə məşğul olanlar üçün Xanəgah kəndi əla yerdir. Burada ucuz və sərfəli istirahət etməyə, tarix üçün özünüzü əbədiləşdirmək üçün fotolar çəkdirmək üçün əla imkanlar var. Meşənin dərinliyində xüsusi cığırla Xanəgah şəlaləsinə doğru addımladıqca, hay-küyümüz təbiətin sükutuna rəng qatırdı. Bəs nədir, meşəyə insan gəlib!  Burada istirahət etmək istəyənlər üçün qədim üslubda mütəkkələr, döşəkçələr, rəngbərəg saplardan hörülmüş palazların üzərində dəstgah da qurulub. Buyurub dincinizi alın,  samovar çayı içib, yolunuza davam edin. Bir sozlə, ürəyinizcə dincəlin, təbiətin gözəliyinin dadını çıxarın. 

Hərdən mətbuatda ayı, canavar kəndə hücum elədi,  başlıqlı yazılar dərc olunur.  Təbiətdən xəbəri olmayanlar heyvanların vəhşiləşməsindən qorxuya da düşür. Əzizlərim, axı siz niyə bu dilsiz-ağızsız heyvanların evlərini - meşələri, dağları onların əlindən alırsınız ki, sizə hücum da etsinlər.  İnsanların gözü təbiəti zorlamaqdan doymur sanki... 

Təbiəti sevin, sevişin onun küləyiylə, mehiylə, şır-şır bulaqlarıyla, çaylarıyla, şəlalələriyə.... Dinləyin onları, bihuş olun, ruhunuz dincəlsin, ömrünüz uzansın, sağlamlığınız bərpa olunsun... Həyatınız romantik keçsin... Zorlamayin təbiəti, yaradanın ən böyük əsəridir, təbiət... Milli parkın möhtəşəm füsunkarlığından səmərəli istifadə edin. Dostlarınızı, sevdiklərinizi də qonaq edin... Tələbələr, gənclər üçün yay tətilini yaddaqalan  keçirmək üçün əla fürsətdir. Cəmi 2 AZN-dir parkin ərazisinə girmək.  Burada “Qırmızı Kitab”ına daxil edilmiş  bitkilərlə, ağaclarla yaxından təmasda olacaq, şəhərin hay-küylü, tozlu havasını təmiz dağ havasına dəyişəcəksiniz.

Unudulmaz istirahət anları yaşayacaqsınız... Bir başqadır əsrlərlə yaşı olan  qayaların üzərindəki daş xınalarını əllərinizə çəkmək... Çiçəklərdən çələng hörüb sevdiklərinizin saçlarına düzün... İnanın ki, evə, geri dönmək istəməyəcəksiniz...  Çünki burada ekoturizm üçün bütün şərait var. Yetər ki, istirahətdən sonra tullantıları özünüzdən sonra qoyub getməyəsiniz... Təbiəti sevin, sevişin onunla, zorlamayın onu...

Yadıma uşaqlıqda atamın danışdığı bir əfsanə düşddü. Qədim zamanlarda Non-Madon adlı bir məbəd varmış. Sağlamlıq məbədi... İnsan sağlamlıqlarına qovuşmaq üçün uca dağlar başından, keçilməz meşələrin arasından uzun yol qət edib gedər, məbədə çatıb sağlamlıqlarına qovuşarmışlar. Amma bu məbədə gedib çıxmaq da hər kəsin işi deyilmiş. Məbədin yolunu tapanlar 103 addım sonra ya ona qovuşarmış, ya da həyatlarını itirərdilər... 103 addımı müvəffəqiyyətlə keçib qapıya çatanlara məbəddə qorunan əbədi yaşar bulaq suyundan içməyə icazə verərmişlər kahinlər. Bu kahinlər təbiətin keşiyində təmənnasız dayanar, tanrının əmanətini insanlara çatdırardılar...

 Sizlər də təbiəti qoruyan kahinlərdən olun... Həm qoruyun, həm də ondan zövq alın...

 Gülnaz Qənbərli Azerbaycanrealligi.com sayti üçün

Bizimlə əlaqə saxlayın