Vasif Talıbovun qudası həbs oluna bilər – Nazir olanda görün, nələr edib...

12, 01, 23
11:00

Vasif Talıbovun qudası həbs oluna bilər – Nazir olanda görün, nələr edib...


Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “vurulması” onun özünün və yaxın ətrafının fəaliyyətindəki qaranlıq məqamların gün işığına çıxmasına səbəb oldu.  Talıbovların xanədanı çökəndən sonra məlum oldu ki, onlar Naxçıvanda hakimi-mütləq olduqları təxminən 27 il ərzində ağlasığmaz qanunsuzluqlara, hətta ağır cinayətlərə yol veriblər.  

Vasif Talıbovun könüllü istefaya getməsindən sonra onun ən yaxın adamlarından biri - qudası Fazil Ələkbərovun da başının üstünü qara buludlar alıb. Qızını Seymur Talıbova verəndən sonra bu ailə ilə qohum olan Fazil Ələkbərov qısa müddət ərzində Naxçıvanda əsas söz sahiblərindən birinə çevrilmişdi. 

1992-ci ildə sıravi polis çavuşu olan F.Ələkbərov Talıbovlarla qohumluğu sayəsində general-leytenant rütbəsinə yüksələ bilib. 

Maraqlıdır ki, F.Ələkbərov V.Talıbovun xalası oğlu olsa da, karyerasındakı irəliləyiş ikinci dəfə qohum olandan sonra baş verib. O, Vasif Talıbovun sərəncamı ilə 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. 5 il bu vəzifədə çalışan F.Ələkbərov qudasının “mübarək imza”sı ilə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. 

Perspektivli qudanın karyera nərdivanlarında sıçrayışı bununla da yekunlaşmayıb.  V.Talıbov 25 avqust 2017-ci ildə 80 - VFR nömrəli fərmanı ilə F.Ələkbərovu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edib. 

Vasif Talıbovun himayəsi ilə 2016-cı ildə general-mayor rütbəsinə yiyələnən qudası 2018-ci ildən etibarən general-leytenant ali-hərbi rütbəsi ilə təltif edilib. 

General F.Ələkbərovun fəaliyyəti həmişə Naxçıvanda ciddi narazılıq doğurub. Onunla bağlı Bakıya yüzlərlə şikayət məktubu, teleqram göndərilib.

Narazılığın pik həddə çatması Ali Məclis Sədrini öz qudası ilə bağlı ciddi tədbir görmək məcburiyyəti qarşısında qoyub. Nazirin fəaliyyətindən narazı qalanların sırasının genişləndiyini görən V.Talıbov 2021-ci il noyabr ayının 4-də onu istefaya göndərib.

Qeyd edək ki, Talıbovların zərərsizləşdirilməsi vaxtilə bu ailənin özbaşınalıqlarından əziyyət çəkən insanların öz hüquqları uğrunda mübarizəyə başlamasına səbəb olub. Sahibkarlardan tutmuş, ən müxtəlif peşə sahiblərinə kimi hüquqları pozulan naxçıvanlılar qanuni yollarla öz haqlarını geri almağa çalışırlar. Bu sırada vaxtilə F.Ələkbərov tərəfindən haqsızlığa düçar olmuş, incidilmiş, qeyri-qanuni işdən çıxarılmış, əmlakı əlindən alınmış adamlar da var. 

Naxçıvan sakinlərindən birinin saytımıza bildirdiyinə görə, bu günə kimi 100-dən çox insan  F.Ələkbərovun qanunsuz əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Hazırda Bakıda yaşayan generalın bir neçə dəfə ifadəsinin alındığı bildirilir. Hüquqi müstəvidə aparılan araşdırma nəticəsində onun həm Bakıda, həm də Naxçıvanda dindirildiyinə dair məlumatlar var. Naxçıvanda baş verən qanunsuzluqlarla bağlı aparılan istintaq tədbirlərinin F.Ələkbərovu həbs təhlükəsi ilə üz-üzə qoyduğu vurğulanıb. 

Hazırda təqaüddə olan general-leytnant F.Ələkbərovun gələcək taleyi daha çox qudası V.Talıbovun aqibətindən asılı olacaq. V.Talıbovun aqibətinin necə olacağı isə indi ən çox maraq doğuran məsələlərdən biridir...

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın