İranın azərbaycanlılar yaşayan şəhərlərində İlham Əliyevin şəkilləri evlərdən asılır

29, 11, 22
18:00

İranın azərbaycanlılar yaşayan şəhərlərində İlham Əliyevin şəkilləri evlərdən asılır


“İran illərdir ki, cənubi azərbaycanlılara qarşı kütləvi repressiya və assimilyasiya siyasəti yürüdür. Bunun nəticəsidir ki, İranda ildən-ilə azərbaycanlı kimliyi itməyə başlayıb. Prezident İlham Əliyevin son çıxışlarında Cənubi Azərbaycan məsələsini qabartması faktiki olaraq İrandakı azərbaycanlıları tam himayə etdiyini göstərdi”.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edən Prezident İlham Əliyevin “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident bu sözləri ilə İrana açıq mesaj verir:

“Bu gün Güneyin Azərbaycanın dəstəyinə çox ehtiyacı var. Ana dilində təhsil almaq və bir sıra digər haqlardan məhrum olan azərbaycanlılar molla rejiminin əsarətində işgəncələrə məruz qalırlar. Təəssüf ki, bu gün milli kimliyini itirən minlərlə azərbaycanlı var. Onların bir çoxu özünü fars olaraq görür.

Bu gün İran azərbaycanlılarının təşkilatlanmağa ehtiyacı çoxdur. İranda bir müddətdir davam edən etiraz aksiyaları inqilab kontekstinə keçməkdədir. İranın fars rejimi etiraz aksiyalarını fürsət bilərək onlarla azərbaycanlı soydaşımızı qətlə yetirib. Yüzlərlə şəxs həbsxanalarda işgəncə görərək həyatını itirir.

Hesab edirəm cənab Prezidentin son sözləri həm də bu zülmə bir etiraz idi. Verilən mesaj isə açıq aydındır: Bakı soydaşlarının müqəddəratına biganə qalmayacaq”.

Politoloqun sözlərinə görə, İranın azərbaycanlılar yaşayan şəhərlərində Prezident İlham Əliyevin şəkilləri evlərdən asılır, küçələrə Azərbaycan bayraqları vurulur:

“Güneyli soydaşlarımız açıq şəkildə deyir ki, İlham Əliyev bizim milli liderimizdir. Hesab edirəm, bu tendensiya artan tempdə davam edəcək. İranda cənubi azərbaycanlılar faktiki olaraq inqilab ərəfəsindədir. Bu prosesdə Bakı onları tək qoymamalı, bütün dəstəyi göstərməlidir”.

Turan Rzayev

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın