Əli Kərimli İranın sifarişi ilə ölkədə çaxnaşma salmağa çalşır - Mitinq sifarişini kim verib?

Siyasət / Manşet
 12-11-2022, 11:00     533


Ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərdi. Türk Dövlətləri Təşkilatının Səmrqənddə toplantı keçirdiyi, türk dövlətlərinin birliyinin dünyaya ciddi mesajlar verdiyi bir gündə, gündəmimizdə Cənubi Azərbaycan olduğu bir vaxtda belə bir aksiyanın keçirilməsi suallar doğurmaya bilmir.  

Regional məsələlərin aktual olduğu məqamda sərbəst toplaşmaq azadlığının təmin edilməsi, quru sərhədlərin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər keçirilməsi və demokratik islahatlar aparılması tələbi kimi daxili məsələləri qabartmaq, paytaxtın mərkəzində iğtişaş yaratmaq nəyə xidmət edir? Bundan kim faydalana bilər? Mitinq sifarişi kimdən gəlib?

Ramiz Mehdiyevin hakimi-mütləq olduğu vaxt belə aksiya sifarişinin hakimiyyətə təzyiq məqsədi ilə verildiyini bilirik. Rusiyanın 5-ci kolonu bu xidməti məhz Milli Şura vasitəsi ilə göstərirdi. İndi Mehdiyev yoxdur. Əli Kərimli bu dəfə kimə xidmət göstərir?

Son 10 günün xronologiyasına diqqət yetirək.


AXCP sədri Əli Kərimli Bakıda mitinq keçirməklə bağlı qərarını Avropada mühacir olan Müsavat Partiyasının keçmiş üzvü Tural Sadıqlının rəhbərlik və aparıcılıq etdiyi “Azad söz” yutub kanalında elan etdi.

Bu kanalda çıxış edən Əli Kərimli aksiyanın vacibliyi haqda arqumentlər səsləndirməyə çalışdı və insanları bu aksiyaya dəstək verməyə çağırdı. Bu həmin vaxt baş vermişdi ki, Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirmiş və İran agenturasına xidmət etməkdə şübhəli bilinən 19 nəfər saxlanılmışdı. Əli Kərimlinin hazırda həbsdə olan Taleh Bağırzadəyə dəstək verdiyi kimsəyə sirr deyil. Eyni zamanda Taleh Bağırzadənin və İranla yaxın olan bir qrup şəxsin də hazırda Kərimlinin ətrafında olduğu müşahidə edilməkdədir. Rus ya fars, onlar üçün nə fərqi var?! 

Amma indi axı fərqli situasiya yaranıb: İran daxildən sarsılıb, Azərbaycana açıq diş qıcayır, təhdid edir, şantaja əl atır.

DTX-nın əməliyyatından sonra Əli Kərimlinin ruporu olan Tural Sadıqlı öz kanalında həmin həbs olunan İran agentlərinin açıq müdafiəsinə qalxır. DTX haqqında ən sərt ifadələr işlədir, illərlə Azərbaycan gənclərinin beynini yuyan və İran mollalarının əlaltısına çevirilən bu şəxsləri qəhrəman kimi təqdim edir. Tam Əli Kərimli ritorikası ilə. İndi AXCP-nin mitinq keçirmək niyyətinin haradan qaynaqlanması haqda sizdə hansısa təəssürat yarandımı? 

Yaranmadısa, davam edək...

İrandakı soydaşlarımıza dəstək olaraq Müsavat Partiyası İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək qərarı verib. Qərarın məntiqi və tələbi gün kimi aydındır. Bunu Azərbaycanlı olan hər kəs edərdi. İqtidar, müxalifət olmasından asılı olmayaraq. Bəs bundan sonra nə oldu? 
Yenə eyni ritorika, yenə eyni şantaj, yenə eyni qaralama. Əli Kərimlinin ruporu olan Müsavat Partiyasının keçmiş üzvü Tural Sadıqlı bu dəfə Müsavat Partiyasını, onun liderlərini açıq hədəfə aldı. Partiya mitinq qərarı verəndən sonra. Hansı ki, qeyd etdiyimiz kimi, bu aksiya İran mollakratiyasına qarşı elan olunub.

O, Müsavat Partiyasının rəhbərliyini - Arif Hacılı, İsa Qəmbəri Azərbaycan hakimiyyətinə satılmaqda ittiham etdi. Müsavat liderlərini küçə jarqonu ilə təhqir edən Tural Arif Hacılının oğlunun, qızının, eləcə də İsa Qəmbərin övladlarının xaricdə yaşadığını deyir, onların hakimiyyətdən aylıq paket alaraq övladlarına transfer etdiklərini bildirir. Bütün bunların fonunda isə deyir: AXCP-nin fəaliyyətində nöqsanlar olsa da, hakimiyyəti satmayıb...
Belə.

İrana qarşı çıxış edənlər Əli Kərimlinin adamları tərəfindən bax, beləcə şantaj olunur.


Əbülfəz Elçibəy hər zaman İranı və Rusiyanı Azərbaycan üçün nəinki təhlükə hesab edirdi, bu dövlətləri açıq şəkildə düşmən adlandırırdı. İndi onun yaratdığı təşkilatın bu iki dövlətin troluna çevirilməsində komediya elementləri olsa da, əslində, faciədir. 

AZƏRBAYCANREALLIĞI.COM