Ukraynaya silah tədarükü artırılır - G7 ölkələri Zelenskiyə daha nələr vəd edəcək?

08, 05, 22
15:00

Ukraynaya silah tədarükü artırılır - G7 ölkələri Zelenskiyə daha nələr vəd edəcək?


Böyük Britaniya hökuməti Ukraynaya daha 1,3 milyard funt-sterlinq (1,60 milyard dollar) hərbi dəstək verəcəyini bildirib.

"Azərbaycan Reallığı" "Reuters"ə istinadla xəbər verir ki, artıq Ukraynaya tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərilib.

Yeni öhdəlik Böyük Britaniyanın Ukrayna ilə bağlı əvvəlki öhdəliyindən təxminən iki dəfə çoxdur. Ölkə hökuməti bu hesablamanın təfərrüatlarını açıqlamasa da, bunun İraq və Əfqanıstandakı müharibələrdən bəri münaqişəyə ayrılan ən yüksək xərc olduğunu açıqlayıb.

Ukraynaya əlavə xərclər hökumətin fövqəladə hallar üçün istifadə etdiyi ehtiyat hesabına həyata keçiriləcək.

Hökumət həmçinin bildirib ki, Böyük Britaniyanın Baş naziri Boris Conson bu ayın sonunda aparıcı müdafiə şirkətləri ilə görüş keçirərək, Ukrayna ətrafındakı vəziyyətin yaratdığı artan tələbə cavab olaraq istehsalın artırılmasını müzakirə edəcək.

Xatırladaq ki, G7 ölkələrinin - Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə virtual görüş keçirəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın