“Azərbaycan ora ordu göndərməli, Xankəndidəki separatçıları həbs etməli idi”

21, 02, 22
12:00

“Azərbaycan ora ordu göndərməli, Xankəndidəki separatçıları həbs etməli idi”


“Kəlbəcər istiqamətində gedən Azərbaycana məxsus avtomobillərin ermənilər tərəfindən dayandırılması hansısa yerli erməni aksiyası deyil, bir ssenaridir. Ehtimal edirəm ki, onlar nəbz yoxlaması aparırlar. Müxtəlif dövrlərdə onlar Azərbaycanın suverenliyinə qarşı addımlar atırlar. Gah Qarabağı erməni ərazisi kimi təqdim edirlər, gah Rusiya sülhməramlılarının qərargahında heykəllər qururlar, gah da hansısa qanunsuz tədbirlər keçirirlər. Bu addımlarla Azərbaycanın reaksiyasını yoxlayırlar”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ötən gün Azərbaycan avtomobil karvanının Kəlbəcərə gedərkən ermənilər tərəfindən geri qaytmasını şərh edərkən deyib.

S. Cəlaloğlu əlavə edib ki, bu, ermənilərin nəbz yoxlamasıdır: “Əgər sülhməramlılar bu məsələdə sakit dayanırsa, yolu açmırsa və bizim avtomobilləri geri qaytarırsa, deməli, prosesdə onlar da var, sadəcə, icraçı tərəf ermənilərdir. Əlbəttə, bu, qətiyyən yolverilməzdir. Azərbaycan tərəfi belə hadisələrə sərt reaksiya verməlidir. Lazım gəlsə, ora ordu göndərməli, yolu kəsənləri saxlamalı, müqavimət göstərənləri zərərləşdirməli idi. Azərbaycan öz ərazisində suverenliyini həyata keçirilməlidir. Nə olsun ki, orada rus sülhməramlı qüvvələri var? Sülhməramlılar yalınız silahlı qüvvələr arasında münasibətləri nizama salır. Əgər bizim avtomobillərin qarşısı kəsilirsə və bunu edən Azərbaycan vətəndaşlarıdırsa, bu halda sülhməramlılar müdaxilə edə bilməz”.

S. Cəlaloğlunun fikrincə, belə hallarda Azərbaycan elə sərt reaksiya verməlidir ki, nə ermənilərin, nə də sülhməramlıların ağlına ikinci dəfə belə bir iş görmək gəlməsin: “Yoxsa, sabah həmin yolda maneə tikəcəklər və avtomobillərimizi ümumiyyətlə əraziyə buraxmayacaqlar. Məqsədləri də odur ki, Xankəndi şəhərində olan 5-10 separatçının qurduğu dılğır mexanizmin “dövlət” olduğunu isbat etsinlər. Öz aləmlərində oranı özlərininki sayırlar. Məncə, ehtiyac yarandığı zaman Azərbaycan Xankəndidəki separatçıları da həbs etməlidir”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın