Keçmiş prokurordan Tahir Kərimliyə tövsiyə: “Silahla gəzsin...”

17, 02, 22
18:00

Keçmiş prokurordan Tahir Kərimliyə tövsiyə: “Silahla gəzsin...”


Deputat Tahir Kərimlinin videomüraciəti sosial şəbəkələrdə ciddi ajiotaj doğurub. Hər kəs onun qeyri-peşəkar davrandığını düşünür, tənqid edir. Belə bir rəy formalaşıb ki, Tahir Kərimli video çəkməməli bir başa Baş Prokurora və DİN-ə müraciət etməli idi.

Ümumiyyətlə deputat həyatının təhlükədə olduğunu hiss edən zaman nə etməli, hansı addımlar atmalıdır?

Hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, Tahir Kərimlinin video çəkmək yerinə hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu bildirib:

“Deputat qanunverici hakimiyyət nümayəndəsidir. Qanunverici hakimiyyət nümayəndəsinin həyatı təhlükədə olduqda bununla bağlı tədbir görülməsi üçün dövlətin digər qurumları müəyyən addım atmalıdır. Təbii ki, söhbət real təhlükədən gedirsə. Hətta əvvəllər deputatlara silah gəzdirmə icazə verilirdi. Sonradan bu icazə ləğv olundu.

Tahir Kərimlinin həyatı üçün real təhlükə varsa, hüquq-mühafizə orqanlarına aid olan xüsusi silahı götürüb üzərində gəzdirə bilər. Eyni zamanda, bu məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Onun həyatı üçün hansı formada təhdidlər varmı, realdırmı? Həqiqətən təhlükə varsa, o mühafizəçi ilə təmin oluna bilər. Evinin qarşısına polis nəzarəti qoyula bilər.

Məncə, Tahir Kərimli bu videonu paylaşmamalı idi. Sanki uşaq oyununa bənzəyən videodur. Hakimiyyətdə təmsil olunan şəxsin bu formada video çəkib paylaşması başa düşülən deyil. Tahir müəllimi olduqca savadlı və vətənpərvər şəxs kimi tanıyıram. Lakin son dövrlər Tahir Kərimlinin ziddiyətli, yersiz, mənasız çıxışları məndə narahatlıq doğurur. Tahir Kərimli son dövrlər emosional görünür. Bu onun şəxsi, siyasi problemləri ilə bağlı ola bilər. Lakin deputat bu formada videonu çəkib paylaşmaqda haqlı deyil. O, qınaq obyektinə çevriləcəyini əvvəldən bilməli idi.
Tahir Kərimliyə gələcək çıxışlarında emosiyadan uzaq olmağı və məntiqli çıxışlar etməyi arzu edirəm”.

Mehri QURBAN

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın