Avropada Hacı dayıdan məşhur olan deputat

03, 02, 22
11:00

Avropada Hacı dayıdan məşhur olan deputat


Bir Şəki lətifəsinə görə məşhur Hacı dayı bir nəfərlə mərcə durur ki, Roma Papası onu şəxsən tanıyır və bunu sübut edə bilər. Mərci sona çatdırmaq üçün Hacı dayı ilə həmin şəxs gedirlər Romaya. Papanın məşhur balkon çıxışı zamanı meydana toplaşan əhalinin arasında olan Hacı dayını necə olursa, buraxırlar Papanın yanına, hətta Papa onu özü ilə balkona çıxararaq, əhaliyə Hacı dayı ilə birgə əl də edir. Bu vaxt mərci uduzan yoldaş yaxınlığındakı iki italiyalının söhbətini eşidir. İtalyanlardan biri o birisinə deyir ki, “o əl edənin biri Hacı dayıdır, bəs görəsən onun yanında dayanan kimdir?” 

Yəni şəkililərin təbirincə, Hacı dayı Roma Papasından da məşhur imiş. İndi Milli Məclisdə Şəkini təmsil edən Cavanşir Feyziyev isə Avropada Hacı dayıdan da məşhur olub. Artıq bütün böyük Avropa qəzetləri ondan yazır - amma onun fərasəti yox, fərasətsizliyi haqda, həm Şəkini, həm də bütövlükdə Azərbaycanı, onun dövlətini, parlamentini biabır etməsi barədə!

Azacıq da olsa dövlətçilik anlayışı olana birisi Böyük Britaniya Məhkəməsinin məlum qərarından dərhal sonra deputat mandatından imtina edərdi ki, onun qazandığı bu ləkə parlamentin, dövlətin üzərinə düşməsin. Bu adam isə üzr istəmək əvəzinə ölkənin, xalqın, dövlətin adına vurduğu ləkə, düşmənləri sevindirməsi azmış kimi, qarşısına keçən hər kəsi təhqir edir, yekəxana açıqlamalar verir və s. Adamın siyasi mədəniyyət səviyyəsi (əgər varsa-red.) imkan vermir ki, çıxıb etiraf etsin və üzr istəsin.

İngiltərə məhkəməsinin qarşısında boynu qıldan incədir, Azərbaycanda isə istədiyi adamı təhqir edir, onu tənqid edən mətbu orqanlardan tutmuş ayrı-ayrı fəallara qədər, hamını aşağılayır. Ancaq nə olsun, özününkülərin qarşısında şirə dönsə də, ingilislərin qabağında boynu bükük vəziyyətdə durur, onlar da təpəsinə qapazı vurub pulunu əlindən alırlar...

Faktiki olaraq, dünyanın ən inkişaf etmiş və müstəqil məhkəmə sisteminə malik ölkələrindən biri Azərbaycanın millət vəkilini cinayətdə - saxtakarlıqda, çirkli pulları yumaqda, fırıldaqçılıqda ittiham edir və bunu məhkəmə qaydasında sübuta yetirir. Bu adamsa durub həmin həqiqəti deyən, yazan, söyləyən azərbaycanlıları təhqir edir. Hansı ki, özü sübuta yetirilmiş fırıldağı ilə bütünlükdə ölkəmizə, təmsil olunduğu parlamentə özü boyda ləkə gətirib. Hələ müsahibə də verir ki, onun barəsində deyilənlər, korrupsiya, çirkli pulların yuyulmasında iştirakına dair ittihamlar yalandır. Axı, Britaniya məhkəməsi Yevlax rayon məhkəməsi deyil ki, pulunu basıb işini həll edəsən. O da kiminsə tapşırığı, xahişi, pulu xatirinə ağlına gələn qərarı çıxarsın. 

Biabırçılıq həm də ondadır ki, bu adamı hakimiyyətdə və mətbuatda müdafiə edənlər də var. İş o yerə çatıb ki, hətta rəsmi dövlət agentliyi olan “Azərtac” belə Britaniya məhkəməsinin C.Feyziyevlə bağlı qərarının təhrif olunmuş formasını yayıb, guya onun bəraət aldığını bildirib. Doğrudur, sonradan agentlik bu xəbəri sildi. Lakin bunun özü də göstərdi ki, Feyziyevin əli özünün biabırçı hoqqabazlığını gizlətmək üçün hətta dövlət agentliyini alətə çevirəcək qədər uzundur.

Nədənsə, hakim dairələrdə bu adamdan bir soruşan yoxdur ki, deputat ola-ola bizneslə məşğul olmağın bir yana, Azərbaycanın özünün investisyalara, xaricdən kapital cəlbinə ehtiyacı olan bir vaxtda, sən 10 milyonları, bəlkə də yüz milyonları hara daşıyırsan? Axı, sən sıradan bir iş adamı deyilsən. Niyə deputatı olduğun, səni bəsləyən, milyonçuya çevirən dövlətə yox, hansısa Avropa dövlətinə pul qoyursan ki, o da təpənə vurub, əlindən alır? Bu ölkəni bəyənmirsənsə, onun mandatını niyə gəzdirirsən?...

Bütün bunlardan sonra da hələ parlamentin reputasiyasının qaldırılmasından danışırlar. Milli Məclis belələrinin yeri olmalı deyil axı! Qoyun, getsin saxta iynə-dərmanını gətirib 5 qat qiymətinə millətə sırıyıb pulunu qazansın, vacibdirmi ki, beləsi parlamentdə otursun, hətta Azərbaycan–Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının rəhbəri, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və s. kimi titullar daşısın?

Həmin bu depuatat-oliqarxın təmsil olunduğu 115 saylı Şəki kənd ikinci seçki dairəsindəki bəzi kəndlərə baş çəksəniz görərsiniz ki, məktəblər uçub-dağılır, yollar bərbad vəziyyətdədir, kəndlərdə işsiz, əlil, bir sözlə ehtiyac içində olan xeyli adam var. Bu adamları təmsil edən milyonçu “millət vəkili” isə Avropanın o ölkəsini-bu ölkəsini dolaşa-dolaşa, min hoqqadan çıxaraq, min bir fırıldaqla İngiltərəyə pul yatırmağa, orada mal-mülk sahibi olmağa çalışır. Bütün Azərbaycanda olduğu kimi, Şəkidə də camaatın cavan övladları şəhid, qazi, yaralı olanda, bu, oğlunun adına İngiltərənin hansısa bankına pul dürtüşdürməyə çalışır. Amma buna da fərasəti çatmır və bu çirkli işi həm öz üz-gözünə bulaşdırır, həm də Azərbaycanın adına! Və bir də, görəsən Feyziyev heç özü-özünə düşünür və mənəvi əzab çəkirmi ki, ingilislərə “peşkəş etdiyi” milyonlara Şəkidə neçə məktəb tikə, təmir etdirə, neçə kasıbı sevindirə bilərdi?...

Şəki Azərbaycana böyük mütəfəkkirlər, alimlər, şairlər, yazıçılar, qəhrəmanlar bəxş edən bir diyardır. Həmin diyarı bu gün dünyanın ən nüfuzlu ölkələrindən birində fırıldaqçılığı sübuta yetirilən birisinin təmsil etməsi utancvericidir! Bu gün bütün tanınmış dünya KİV-ləri bu biabırçılıqdan danışır, yazır. Bir şey dəqiqdir ki, Azərbaycanın düşmənlərinin, onu ləkələməyə çalışanların əlinə çox gözəl fürsət verib bu adam. Və təssüf ki, belələri məlum yollarla parlamentə düşməkdə davam etdikcə, hələ Azərbaycanın adına ləkə gətirən bu cür biabırçı məhkəmə qərarları çox olacaq... (Azpolitika.info)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın