"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ - Rövşən Rzayevin yaxası təzəcə medal görmüşdü

21, 01, 22
12:00

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ - Rövşən Rzayevin yaxası təzəcə medal görmüşdü


Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin Prezident sərəncamı ilə “Qaçqınkom”un balansından çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi özü ilə ciddi problemlər də gətirib.

Əslən Xocalı rayonundan olan məcburi köçkün və şəhid ailənin üzvü Elmira Əzizova redaksiyamıza müraciət edərək bildirib ki, bir neçə ildir “Qaçqınkom”da mənzil növbəsinə dursa da, ona hər dəfə müxtəlif bəhanələr gətirilir, müraciətinə başdansovdu, laqeyd şəkildə yanaşılır. Bir sözlə, “Qaçqınkom” Xocalı sakini olan xanımın müraciətlərini və ünvanladığı şikayətlərini bir qulağından alıb, o biri qulağından ötürür: “İllərdir birotaqlı, şəraitsiz evdə dörd nəfər ailə üzvümlə yaşayıram. Xocalı rayonu İcra Hakimiyyətindən gəlib yaşadığım evi, şəraitini çəkiblər, görüblər. Xəbərləri var. Bizə də demişdilər ki, sizə “Qaçqınkom”dan ev düşür. Yəni ki, haqqınızdır. Biz də ev növbəsinə durduq, gözlədik, vaxtımız gəldi çatdı. İndi gəlib, haqqım olanı tələb edirəm, deyirlər: “Bizdə ev yoxdur, Əmək Nazirliyinə müraciət et”. Ora müraciət edirəm, deyirlər: “Sənədlərin “Qaçqınkom”un tabeliyindədir, biz heç nə edə bilmərik”.

Yaxşı, indi mən nə edim? Deyirlər, torpaqlar alınıb, hal-hazırda orda tikinti işləri gedir, yaxın zamanlarda bizləri o torpaqlara köçürəcəklər. İndi mənim sualıma cavab versinlər görüm, Xocalı alınıbmı? Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Hər il də bu barədə geniş, silsilə tədbirlər keçirilir, soyqırım qurbanları yad edilir. Amma bir Xocalı sakini kimi, məcburi köçkün kimi, şəhid ailəsi kimi illərdir bu Komitədə növbə gözləyirəm, neçə dəfə gəlib-gedirəm, müraciət edirəm, qəbula yazılıram, nə qədər sənəd-sübut gətirirəm, baxmırlar, laqeyd yanaşırlar, həll etməkdən boyun qaçırırlar. Halbuki, haqqı çatmayan, aidiyyatı olmayan nə qədər insan var ki, onlara mənzillər verilib. Biz isə illərdir qəzalı vəziyyətdə olan bir otaqda evdə yaşayırıq”.

“Qaçqınkom”dan Elmira xanıma, eləcə də redaksiyamıza bildirilib ki, hal-hazırda komitənin balansında olan evlər Prezident sərəncamı ilə balansdan çıxarılıb və ƏƏSMN-nin balansına verilib. İllərdir birotaqlı şəraitsiz və qəzalı mənzildə dörd nəfər ailə üzvü ilə birgə yaşayan xanıma isə ya Kürdəmirdən, ya da Pirallahı qəsəbəsindən birotaqlı mənzil təklif edilir: “Komitəmizin balansında artıq ev yoxdur. Hal-hazırda bizə müraciət edən məcburi köçkünləri isə rayonlarda olan evlərlə təmin edə bilərik. Müharibədən sonra sərəncamla paytaxtda məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər ƏƏSMN-nin balansına keçdi, həmin Nazirlik də o evlərin satışını həyata keçirir”,– deyə komitənin mətbuat xidmətindən bildirilib.

Müraciət əsasında Elmira xanımla Komitənin qəbul otağında olduq. Burada Laçından, Füzulidən, Cəbrayıldan olan məcburi köçkünlər də gəlmişdi və onlar da anфloji problemi yaşadıqlarını qeyd edirdilər.

Füzuli sakini olan şəxs bildirir ki, Qobu qəsəbəsində məcburi köçkünlərə verilən evlərin əksəriyyəti ya boşdur, ya da evlərin verildiyi adamlar həmin evləri kimlərəsə kirayə verib, öz adına olan başqa evlərə köçürlər: “Yaxşı bir üsul tapıblar: cütlüklərə zəng edib, deyirlər ki, boşanın, sizi evlə təmin edək. Deməli, proses nədir – cütlüklər öncə boşanmaları ilə bağlı komitəyə sənəd təqdim edirlər, komitə də onun əsasında adamlara bir otaqlı evlər verir. Sonra bu adamlar həmin evləri kirayə verib özləri başqa evə çıxırlar. Gedin, Qobu qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş binanı yoxlayın. Düşüb, bir-bir qapıları döyün. Görün, nə qədər kirayəçi çıxacaq o evlərdən? O evlərdə çox az sayda məcburi köçkün yaşayır. Binadakı evlərin çoxu ya kirayə verilib, ya da ki, boşdur. Mənim anam dializ xəstəsidir. Onu maşında qoyub, dönmüşəm bura. Hələ də nala-mıxa vururlar. Aidiyyatı strukturlardan bu məsələni araşdıracaq komissiya təşkil olunsun, gedib, həmin o evləri bir-bir yoxlasınlar. O binalara yerləşdirilən məcburi köçkünlərin Bakının mərkəzində, ətraf bölgələrində ən azı bir evi var. Bu evləri kirayə verib, çıxırlar. Əgər bu fırıldağın üstünü bunlar açmasa, mən özüm şəxsən gedib o binadakı evlərin qapısını döyəcəm, özüm ordakı kirayə qalanları, boş qalan evləri üzə çıxaracam. Artıq bezmişəm, boğaza yığılmışam”?– deyə Füzulidən olan məcburi köçkün bildirib.

Yaranmış problemlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Bizimyol.info-ya bildirilib ki, həqiqətən də həmin evlər müvafiq sərəncamla artıq Nazirliyin balansına köçürülüb və evlə təmin olunan şəhid ailələrinin ardından, boş qalan mənzillər satışa çıxarılır: “Şəhid ailələri, müharibə əlilləri evlə təmin edildikdən sonra istifadəsiz qalan mənzillərin satışı yolu ilə əldə olunan gəlirlər digər rayon və şəhərlərdə şəhid ailələri və müharibə əlilləri üçün evlərin tikintisinə sərf olunacaq. Bu evlərin də satış qaydaları haqqında hökumətin qərarından sonra icra prosesinə başlanılacaq. Mənzillər isə qeydiyyat prinsipi ilə icra olunur. Yəni hazırda Bakı şəhərində qeydiyyatda olan şəhid ailələri və müharibə əlilləri Bakı şəhərində mənzillə təmin edilir. O cümlədən, Sumqayıt və digər şəhər, rayonlarda. Burada qeydiyyat prinsipi əsas götürülür. İşğaldan azad edilmiş ərazilərimizdə də həmin vətəndaşlarımız üçün quruculuq-infrastruktur işləri gedir. Onların yaşayış yerləri ilə təmin edilmələri üçün işlər həyata keçirilir. Yenə qeyd edirik ki, bütün bu proseslər qeydiyyat prinsipi çərçivəsində aparılır”,– deyə ƏƏSMN-nin Mətbuat Xidməti rəhbəri Fazil Talıbov bildirib.

Yaranmış problemlə bağlı prosesləri növbəti mərhələlərdə də yaxından izləyəcək və nəticəsi barədə oxuculara məlumat verəcəyik.
(Bizimyol.info)


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın