Şəhidləri ziyarət etməyi özünə rəva bilməyən Əli Kərimli: Çatlaq səslərin daxilində - XAOS

30, 09, 21
19:00

Şəhidləri ziyarət etməyi özünə rəva bilməyən Əli Kərimli: Çatlaq səslərin daxilində - XAOS


Sentyabr ayının 27-də Azərbaycan xalqı müasir tariximizə “Anım Günü” kimi düşmüş Vətən Müharibəsinin başlanmasının ildönümünü qeyd etdi. Həmin gün xalqımız şəhidlərin dəfn edildiyi xiyabanlara üz tutub, vətən uğrunda canlarından keçmiş igidlərimizin xatirəsini yad edib, ruhlarına dualar oxuyub.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra partiya rəhbərləri və üzvləri də keçirilən anım tədbirlərində iştirakçı olub, xalqla birlikdə şəhidlərimizi yad ediblər.

Ancaq AXCP sədri Əli Kərimli xalqımız üçün belə həssas gündə şəhərin mərkəzində yerləşən xiyabanı ziyarət etməyi özünə rəva bilmədi.
"Anım Günü"nün sonunda isə “qonşu arvadı” adlandırılan bu siyasi fiqurun əsl fəaliyyəti üzə çıxdı. Sən demə AXCP sədri əlamətdar bir gündə “Azad Söz” kanalına müsahibə verməklə məşğul imiş. Demək olar ki, hər həftə müxtəlif efirlərdən eyni sözləri təkrar edən Əli Kərimli yenə də iqtidara qarşı nifrət püskürməyə, real hərbi vəziyyət haqqında həqiqətə uyğun olmayan kontekstdə çıxış etməyə davam edirdi. Sadəcə sosial şəbəkələrdən əldə etdiyi məlumatları öz aləmində təhlil edib fikirlər səsləndirən AXCP sədrinin reallıqda baş verən proseslərdən və real vəziyyətdən xəbəri yoxdur. Bunu əlbət ki, zaman özü sübut edəcək.

Əli Kərimli özünə rəva bilmədiyi ziyarəti partiyanın rəhbər heyətində təmsil olunan 2 şəxsin idarə etdiyi qrupla gerçəkləşdirdi. Belə ki, müavini Seymur Həzi son dövrlər ətrafında topladığı gənclərlə birliklə ayrı qrup halında, keçmiş müavini Fuad Qəhrəmanlı isə öz tərəfdarları ilə ayrı qrup halında xiyabanları ziyarət etdilər.

Görünür, Fuad Qəhrəmanlı Seymur Həzinin partiyada liderliyi ələ almaq cəhdlərini həzm edə bilmir. Əslində isə bu proseslərin arxasında başqa məqamlar da yer alır.

Belə ki, məlumatlara görə yaxın zamanlarda planlaşdırılan AXCP-nin növbəti qurultayında müəyyən postlara və bəlkə də rəhbərliyə iddialı olan fiqurlar mövcuddur. “Cəbhəçi”lər arasında gəzən məlumatlara görə Fuad Qəhrəmanlı Ali Məclisin rəhbəri postuna yiyələnməklə sədrdən sonra ikinci şəxs olmaq niyyətindədir. Seymur Həzi isə bu reallıqla barışmaq istəmir və özünü nəinki müavin, hətta partiyanın yeni sədri görmək niyyətindədir. Etiraf etmək lazımdır ki, Seymur Həzi Əli Kərimlinin 21 illik səriştəsiz sədrliyindən bezməkdə haqlıdır.

Sentyabrın 27-də ölkədə anım günü qeyd edilən vaxt Əli Kərimlinin göstərişi ilə Məmməd İbrahimin rəhbərlik etdiyi qadınlardan ibarət dəstə şəhərin mərkəzində “qışqır-bağır” saldı. Bu da çoxları tərəfindən xalqa qarşı hörmətsizlik kimi qiymətləndirildi. Bütün bunların yekununda partiyanın bir günlük fəaliyyətinə kənardan nəzər salsaq, onların əslində hansı maraqlara xidmət etdiklərini aşkar görə bilərik.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın