“44 günlük müharibə İran və Rusiyanın bölgədəki ağalığına son qoydu“

02, 08, 21
19:30

“44 günlük müharibə İran və Rusiyanın bölgədəki ağalığına son qoydu“


Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə Azərbaycan hakimiyyəti ilə bağlı sərsəm bəyanatla çıxış edib. Buna adekvat olaraq Azərbaycan Xarici İşlər Nazirliyi dərhal Rusiyaya nota verib. Jirinovskinin mövqeyi ictimaiyyətə bəlli olsa da, hadisənin maraq doğuran məqamları da az deyil. Bəzi ekspertlər hesab edir ki, Jirinovski Kremlin sözünü deyir.
Maraqlıdır, görəsən, bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, rusiyalı deputatın məlum açıqlaması iki ölkə arasındakı münasibətlərə zərər verə bilərmi?

Məsələni şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri, DİA - nın baş müəllimi Zaur Məmmədov Jirinovski bəyənatları boş - boşuna vermədiyini vurğulayıb:

“Rusiyadakı prosesləri izləyən hər kəs bilir ki, Jirinovski bəyənatları boş - boşuna vermir. Liberal partiya hakimiyyətin MDB dövlətlərinə olan təzyiqində və ismarıclarında əsas rolu oynayır. Siyasi təlxək rolunu daşıyan Jirinovski sülhməramlılar məsələsinə toxunaraq "müvəqqəti sülhməramlılar" dediyimiz rus əsgərlərinin bölgədə Moskvanın istədiyi qədər qalacağına eyham vurur. Gürcüstanda 2008-ci ildə baş verənlər, bu mövzuda çağırışlara bir azdan start veriləcəyindən xəbər verir. Hələlik Rusiyada hakimiyyətdə Putindir və onun Azərbaycana və Türkiyəyə olan münasibəti tarixən bu ölkənin ənənəvi siyasətçilərindən fərqlənir. Lakin vəziyyət dəyişəndə avrasiyaçılıqdan uzaqlaşacaq siyasi hakimiyyətin və generalların Qarabağ, ümumillikdə, Cənubi Qafqazla bağlı hansı yolu tutacaqları hər kəsə məlumdur”.

Həmsöhbətimiz hesab edir ki, hər dəfə rəqibləri ilə geosiyasi mübarizədə məğlubiyyət astanasında olan Rusiya ən son variant kimi güc resursundan istifadə edir:

“Son zamanlar baş verənlər də bunu bir daha göstərdi. Əfsuslar olsun kı, Rusiyanın Ukrayna və Gürcüstanda güc resursundan istifadə etməsi bu ölkələrin ərazi bütövlüyünün pozulmasına və Qərbin Moskva ilə alver etməsi ilə nəticələndi. Qafqazda 200 il vaxtın keçməsindən sonra ilk dəfədir ki, geosiyasi mənzərə dəyişməkdədir, uzun əsrlərdən sonra, nəhayət, bölgədə azərbaycanlılar və türklər ortaq hərbi-siyasi orqanizm kimi çıxış etmək şansını əldə ediblər. 44 günlük müharibə İran və Rusiyanın ikili şəkildə bölgədəki ağalığına son qoydu, Türkiyə və Azərbaycan kimi aktorları da bu sıraya daxil etdi”.

Politoloq hazırda Moskvanın istəyinin bəlli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhəd problemlərində Moskva Bakının qışa qədər atacağı addımlara səssiz qalacaq:

“Lakin Qarabağın dağlıq hissəsində ermənilərin kompakt yaşadığı rus sülhməramlılarının nəzarəti altındakı ərazilər məsələsi Bakı və İrəvan arasında müzakirə predmeti olmayacaq. Rusiyadakı bəzi qüvvələr Xankəndini və ətraf rayonları siyasi statusu dondurulmuş, məhz sülhməramlıların idarə edəcəyi nöqtə sayır. Aydın məsələdir ki, hazırkı bu ərazilərlə bağlı gələcəkdə Azərbaycana qarşı aparılacaq pressinq məhz Rusiya və Fransa tərəfindən həyata keçiriləcək. Bu isə o deməkdir ki, Xankəndi məsələsi de-fakto Ermənistansız cərəyan edəcək, Bakı - Moskva münasibətlərindəki havadan asılı olacaq. Jirinovskinin çıxışındakı ikinci məqam: Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dövlətlərlə apardığı effektiv əməkdaşlıq şimaldakı bəzi dairələrdə ciddi narahatlıq doğurmaqdadır. Prezident İlham Əliyev təkcə Azərbaycanın tarixinə deyil, regionun tarixində kifayət qədər ciddi dəyişikliklərin əsasını qoydu. Nəticədə, bu gün Avrasiyanın orta xəttində yeni geosiyasi ox yaranmaqdadır. Jirinovski ölkəsində olan siyasi mənzərəni Azərbaycana şamil etməyə çalışsa da, bu onda uğursuz alındı. Siyasi təlxək başa düşməlidir ki, Azərbaycanda bu gün xalq - iqtidar birliyi var və 1920-ci ildən fərqli olaraq indi biz istənilən xarici aqressiyaya qarşı xalq və dövlət kimi sinə gəlməyə hazırıq. Xarici dövlətlərin Qafqazlarda maraqlarının reallaşmasının bir yolu var. Azərbaycanın bugünkü gücü ilə barışmaq”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın