Eks nazirin cinayətkar dəstəsi

10, 07, 21
19:05

Eks nazirin cinayətkar dəstəsi


Xalq hərəkatının fəallarından olan Fərəməz Novruzov AXC hakimiyyəti dönəmində olan polis qanunsuzluqları haqda yazıb. 

Yazını tam ixtisarsız təqdim edirik

İsgəndər Həmidov cəbhə hakimiyyətinin ən böyük dayağıydı - bu fikir bu günün özündə belə bilərəkdən və ya bilməyərəkdən tirajlanır. Bu təbliğatı quranların əksəriyyəti vaxtilə Həmidovdan bəhrələnənlər və ona yaxın olan insanlardı. Əsil həqiqətdə isə, AXC hakimiyyətinin nüfuzdan düşməsi və qısa müddətdə iflasa uğramasının ən böyük səbəbkarı məhz İsgəndər Həmidov və onun rəhbərlik etdiyi o vaxtkı polis sistemi olub. 

Həmidovun yersiz siyasi açıqlamaları (Klintonla görüş məsələsi, atom bombası barədə açıqlaması və s.), davranışları (telestudiyada dövrün dövlət katibinin də iştirak etdiyi canlı verilişə hücum çəkməsi kimi), reketçiliyi (onu tənqid edən jurnalistlərin üzərinə şəxsən getməsi və onları maşınının baqajına qoyaraq nazirliyə gətirib döyməsi və s.), rüşvətxorluğu (o vaxt nazirin kabinetində pulsayan maşın olduğunu hər kəs bilir), ən başlıcası da, cəzadan sığortalanmış quldur dəstəsi formalaşdırması əhalidə qorxu mühiti yaratmaqla bərabər AXC elektoratının getdikcə azalmasına və son nəticədə böyük məqsədlər üçün yaradılan bu əfsanə təşkilatın Surət Hüseynovun bir qrup çapulcu dəstəsinin önündə aciz qalaraq pərən-pərən düşməsinə gətirib çıxardı.

Bir sözlə İsgəndər Həmidov AXC hakimiyyətinin ən məsuliyyətsiz kadrıydı və ali hakimiyyəti heçə sayan bu adam əsil dərəbəyiydi. Hakimiyyət daxilində onun qurduğu dərəbəylik ilk əvvəl öz başında çatladı (omonçularla münasibəti) və sonda Elçibəy iqtidarının süqutuna səbəb oldu. Mən yazımın bu hissəsində İsgəndər Həmidovun quldur dəstəsinin törətdiyi və qanla sonuclanan bir qətl hadisəsindən bəhs etmək istəyirəm. Söhbət əfsanə cəbhəçi, naxçıvanlı hərəkatçıların sevimlisi Mehman Məmmədovun qətlə yetirilməsindən gedir.

İlk olaraq, Mehman Məmmədov barəsində oxuculara az da olsa, məlumat vermək istəyirəm. Cəmi 35 il ömür sürən Mehman bəy gənc yaşlarından öldürüldüyü günə qədər aktiv fəaliyyət göstərib. İsgəndər Həmidov Sovet milis sistemində OBXSS işçisi kimi rüşvət aldığı illərdə Mehman gizli dərnəkdə gənc bir şair kimi müstəqil Azərbaycan uğrunda mübarizəyə qoşulanlardan idi. Ötən əsrin 70-ci illərinin sonlarından etibarən təmsil olunduğu dərnəkdə onunla yol yoldaşı olmuş bütün hərəkatçılardan - İnqilab Orxan, Elçin Səlcuq, Qəzənfər Oğuzbəy, Asəf Quliyev, Asif Kələntərli, Fəxrəddin Məmmədov, Oktay Daşoğuz, Arif Rəhimov, Əsgər, Fazil Mustafa və digərlərindən hər zaman Mehman Məmmədov barəsində yalnız xoş sözlər və müsbət fikir eşitmişəm. 1989-cu ildə Mehmanla şəxsən tanış olduqdan sonra mən özüm də onun işıqlı insan, prinsiplərindən dönməyən fədakar və mübariz olaraq görmüşəm. 

Mehman Məmmədov professional siyasi mübariz olmaqla bərabər, həm də "Qarağac" imzasıyla lirik, vətənpərvər şeirlər yazan bir şair idi. İşıqlı Azərbaycan eşqiylə yola çıxan bu gənc siyasətçi-şair dostumuz müstəqil Azərbaycanı görsə də, müstəqilliyimizi doğru-düzgün yaşaya bilmədən ömrü yarı yolda qırıldı. Onu həyat və yaşam eşqindən məhrum edən İsgəndər Həmidovun yan-yörəsində cilit atan vəhşi qatillər oldu.

Mehman Məmmədovun qətli baş verərkən AXC yenicə hakimiyyətə gəlmişdi. Ancaq qısa müddətdə baş polis şefi, qolu zorlu, amma kafası boş gənclərdən ibarət ətrafa qorxu saçan güclü bir quldur dəstəsi formalaşdıra bilmişdi. Həmidov bu gəncləri əsasən qanunsuz olaraq yaratdığı və heç kəslə hesablaşmayan gömrük və bələdiyyə polisləri kimi qurumlara yerləşdirmişdi.

Yeri gəlmişkən, qanunsuz yaradılan bu polis orqanlarının tasviyə edilməsi və silahlarının təhvil verilməsi üçün geniş arayış hazırlayıb, parlamentə və şəxsən prezidentə təqdim edən Fazil Mustafa quldur dəstələrinin ləğvinə nail olsa da, onların sui-qəsdinə məruz qaldı. AXC-nin qərargahı önündə, günün günorta çağı İsgəndərin quldurları Fazil bəyin üzərinə hücum çəkdilər. Həm o, həm də onun müdafiəsinə qalxan dövrün Saatlı rayon İcra Hakimiyyətinin başçısı və rayon cəbhəsinin sədri sırf təsadüf nəticəsində ölümdən yaxa qurtara bildilər. Mövzudan kənara çıxmamaq üçün bircə onu deyə bilərəm ki, bu hadisə barədə ətraflı məlumat əldə etmək istəyənlər şəxsən Fazil bəyin özüylə əlaqə saxlaya bilərlər.

Qeyd etdiyim kimi, Mehmanın qətli 1992-ci ilin yayında baş verib. Qətli İsgəndər Həmidovun İsa adlı yaxın adamı törətmişdi. Hadisə "Abşeron" mehmanxanasında baş vermişdi. Hadisənin qısa təfsilatı belə olub. Yenicə Bakıya gələn Mehman "Abşeron" mehmanxanasında yerləşibmiş. Bir gün axşamüstü o, şəhərdən qayıdarkən mehmanxananın foyesində İsgəndərin polislərinin bir nəfəri şiddətli şəkildə döydüyünün şahidi olur. Fiziki təcavüzə məruz qalan adam Mehmanın tanıdığı iş adamıymış. Quldur İsa və yanındakılar həmin iş adamını "tasa" oturdubmuşlar.

Onu "xəracını" vaxtında ödəmədiyinə görə döyürmüşlər. Xarakter etibarilə haqsızlığa dözümsüz olan Mehman məsələyə müdaxilə edir və polislərin bu hərəkətinin qanunsuz olduğunu, AXC hakimiyyətini nüfuzdan saldığını bildirir. İsa qəzəblənir və əlindəki silahı Mehmana doğruldur. Təbii ki, Mehman İsanın bu hərəkətini blef hesab edir və etirazını davam etdirir. Gözü dönmüş İsa silahı işə salır, bütün mərmilərini onun bədəninə boşaldır. Hələ bu azmış kimi, silahını yenidən doldurur və artıq həyata gözlərini yummuş Mehmanın başına "kontrol" atəşi açır. Təsəvvür edirsiniz qəddarlığın, gözüdönmüşlüyün həddini?

 Mən hadisəni ilk dəfə eşitdiyimdə inana bilmədim, minbir əziyyətlə qurduğumuz hakimiyyətimizin bu qədər qəddar, insanlıq düşməni ola biləcəyinə ehtimal belə vermədim. Mütləq bir yanlışlıq var, ola bilməz ki, AXC hakimiyyətinin polisi ömrünü bu təşkilatın ideyalarına həsr edən birini bu cür qəddarlıqla qətlə yetirsin deyə düşündüm. Amma mənim şübhələrim əbəsmiş, sən demə, "bütün inqilablar öz övladlarını yeyir" aforizmi AXC hərəkatı üçün də keçərliymiş.

Mehmanın dəfn və yas mərasimi bitər-bitməz Bakıya gəldim. İlk görüşdüyüm şəxs hadisənin baş verdiyi Səbayıl rayonunun prokuroru general Hüseyn Hüseynovla oldu. Hüseyn müəllimi Naxçıvan MR prokuroru olduğu vaxtlardan tanıyırdım, həm də deputat yoldaşı idik. Kommunist rejiminin yetirməsi olsa da, o, son dərəcə milli düşüncə sahibi, vətənpərvər biriydi. Hüseyn müəllim dedi ki, nəyin bahasına olursa olsun, Mehmanın qatilinin haqq etdiyi cəzanı almasına çalışacaq. Ancaq eyni zamanda məndən yardım da istədi, "Elçibəy səni tanıyır, xətrini də çox istəyir. Çalış onunla görüş və İsgəndərin bu işə mane olduğunu bildir", - dedi. 

Hüseyn müəllimlə söhbətdən məlum oldu ki, İsgəndər Həmidov İsanın həbsinə mane olur, hətta ona dəlilik kağızı da düzəldiblər. Nə qədər qəribə olsa da, "Dəli" İsa əynində polis mundiri, belində silah ortalarda gəzirdi. Mehman mənim hərəkat yoldaşım olmaqdan ziyadə, bir böyük qardaşım qədər sevdiyim yaxın dostum idi. Onun qatilinin layiqli cəza almasına nail olmaq üçün əlimdən nə gəlirsə etmək mənimçün ödənilməsi gərəkən bir borc idi - vəfa borcu!

Mən bir həftə ərzində bəlkə də 20 dəfə prezident aparatına getdim, lakin Elçibəylə görüşməyimə sanki görünməz bir əl mane olurdu. O vaxt çox gənc idim, xaraktercə daha çox çılğınıydım. Axırda dözmədim və uca səslə hakimiyyətin "məmə deyənindən" "pəpə yeyəninə" hamısını söydüm.

"İnturist" mehmanxanasında qalırdım. Axşam mehmanxanaya qayıdarkən, APİ-nin əsas korpusunun yanında - "qluxoy" bir yerdə qarşımı polis maşını kəsdi. Maşından düşənlərdən biri silahını başıma dayayıb, "səs çıxarma" dedi. Məni nazirliyə gətirib, səhərə qədər orada saxladılar, ertəsi gün də hava limanına gətirib, Naxçıvana uçan təyyarələrdən birinə otuzdurub, Bakıdan qovdular.

Mən Bakıya bir də 5 ay sonra gəldim. 1992-ci ilin dekabr ayının əvvəllərində AXC-nin Ümumrespublika Konfransı keçirilirdi. O vaxt məni AXC MNTK-nın qərarıyla artıq Xalq Cəbhəsindən çıxarmışdılar. Qüdrət Həsənquliyevin sədrliyi ilə keçirilən toplantıda mənimlə bərabər naxçıvanlı olan daha 12 nəfəri cəbhədən çıxarmışdılar. Səbəb olaraq həm də deputat olan bu 13 nəfərin Naxçıvan MR Ali Məclisinin sessiyasında iştirak etməsini göstərmişdilər. Onlar bunu Heydər Əliyevlə iş birliyi və AXC prinsiplərinə xəyanət kimi dəyərləndirmişdilər. Taleyin hökmünə bax ki, əliyevçi kimi günahlandırılan mən onun və oğlunun hakimiyyətləri dönəmində 10 ildən çox siyasi düşüncələrimə görə həbs həyatı yaşayacaq, bizi əliyevçi kimi cəbhədən qovan Qüdrət Həsənquliyev isə... nə isə, mövzudan uzaqlaşmayaq.

Cəbhədən uzaqlaşdırılan 12 deputat sessiyada iştirak etdikləri üçün sonradan peşmançılıq ərizəsi yazıb, təşkilata bərpa oldular. Mən isə "bir deputatın ən başlıca işi Ali Məclisin sessiyasında iştirak edib, seçicilərinin sözünü deməlidi" deyib, ərizə yazmaqdan imtina etdim. 

AXC üzvü olmasam da, Ümumrespublika Konfransında iştirak etməyim problem olmadı. Çünki hamı məni tanıyırdı və içəri keçməyimə kimsə mane olmadı. Mənim orada iştirak etməkdə bir məqsədim vardı - Mehmanın qətliylə bağlı cinayət işinin qaldırılmasına nail olmaq. Bu barədə Şərur cəbhəçiləri arasında təbliğat apardım. Nəticədə İsgəndər Həmidov bizimlə görüşmək məcburiyyətində qaldı. Şərur cəbhəçilərindən birinin Həmidova xitabən "bəy, Mehmanın qatili niyə həbs olunmur? Deyilənə görə, onu siz müdafiə edirsiniz" sorusuna polis generalı, ölkənin daxili işlər naziri bilirsiniz nə cavab verdi? İsgəndər elə beləcə də dedi:

- Bir qeyrətli oğlan vurub digər qeyrətli oğlanı öldürüb. Allah rəhmət eləsin, Mehman yaxşı oğlanıydı, amma onun yazısı da ora qədəriydi. İndi nə edək, digər qeyrətli oğlanı da həbslərdə çürüdək?

Hamı susdu, heç kim heç nə demədi. Mən də susdum, heç nə demədim. Ona görə yox ki, qorxdum. Ona görə ki, artıq anlayırdım ki, sözün bitdiyi yerdə susarlar. Mən artıq anlayırdım ki, AXC hakimiyyəti sözün bitdiyi bir hakimiyyətdi. Onu da anlayırdım ki, görüş zamanı məni tərs-tərs süzən İsgəndər Həmidov şəxsimə qarşı hansısa planı həyata keçirəcək. Düşüncələrimdə yanılmamışdım. Gecənin gec saatlarında məni qaldığım "İnturist" mehmanxanasından oğurladılar. Bəli, məhz oğurladılar. Əvvəlcə nazirliyə aparıb vəhşicə döydülər, sonra da guya fövqəladə vəziyyət rejimini pozmuşam bəhanəsiylə Səbail Rayon Polis İdarəsinə apardılar. Gecəni orda qaldım. 

Səhər məni polis rəisi, polis polkovniki Fərhad Aslanovun kabinetinə gətirdilər. Bəxtim onda gətirdi ki, Aslanov insan adamıydı. Başıma gələnlər barədə dərhal prokuror Hüseyn Hüseynova və rayon İcra Hakimiyyətinin başçısı Həsən Kərimova məlumat verdi. Yarım saat sonra hər ikisi polis idarəsinə gəldilər. Rəhmətlik Həsən bəy hamının yanında Elçibəylə telefonla danışdı. Dövlət başçısının işə müdaxiləsindən sonra mən İsgəndər Həmidovun labüd terrorundan xilas oldum. Ancaq məni Xalq Cəbhəsiylə bağlayan son bağlar da artıq qopmuşdu. Elə o gün Bakını tərk etdim. Həsən bəy öz maşınında məni hava limanına qədər müşayiət etdi. Ayrıldığımızda ona dedim:

- Həsən bəy, sən yaxşı adamsan, təmiz adamsan. Bunu səmimi deyirəm. Onu da bilirəm ki, bu hakimiyyətdə sənin kimilər az da olsa var. Ancaq əmin olun ki, hakimiyyətiniz çürüyüb. Çox keçməz bu hakimiyyəti başınıza uçuracaqlar!

Rəhmətlik yalnız başını buladı və heç nə demədi. Cəmi 6 ay sonra AXC iqtidarı çökdü. Ancaq bu müddət ərzində İsgəndər Həmidov və onun quldur dəstəsi xeyli cinayətlər törətdilər. Konkret olaraq, Mehmanı öldürən İsa ikinci bir cinayət törətdi və daha bir ailəni başsız və gözü yaşlı qoydu. Onu yalnız AXC devrildikdən sonra həbs etdilər...

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın