Qərbin iflasa uğrayan planları: Türkiyənin siyasi iradəsinin önü açıldı

25, 06, 18
23:00

Qərbin iflasa uğrayan planları: Türkiyənin siyasi iradəsinin önü açıldı

Qərbin iflasa uğrayan planları: Türkiyənin siyasi iradəsinin önü açıldı

Qərbin birləşdirdiyi siyasi müxalifəti isə xaos mərhələsi gözləyir

Türkiyədə daha bir siyasi mərhələ arxada qaldı. Seçkidən bir neçə gün öncə ikinci turun qaçılmaz olduğu iddia edilirdi. Ancaq bu iddialar elə iddia olaraq da qaldı. Belə ki, həm prezident, həm də parlament seçkiləri elə birinci turdaca yekunlaşdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (52,37 faiz) da, AKP (42,55 faiz) də öz rəqiblərinə böyük fərqlə qalib gəldilər. İkinci nəticə göstərən CXP-nin (CHP) prezidentliyə namizədi Muharrem İnce 30,78 faiz, onun mənsub olduğu partiya isə 22,63 faizlə kifayətləndilər.
Təbii ki, bu seçkilərdə maraq doğuran əsas məsələ yalnız ikinci tur iddialarının özünü doğrultmaması deyil. Maraq doğuran daha önəm məqamlar da var.
Məsələ ondadır ki, prezidentliyə namizədlərdən olan millətçi siyasi qanadı təmsil edən Doğu Perinçek seçkidən bir neçə gün öncə “Qərb Türkiyə müxalifətini birləşdirməyi bacardı” deyə qalmaqallı açıqlama vermişdi. Türkiyənin bəzi siyasi ekspertləri də bu açıqlamada həqiqət payının olduğuna əminliklərini qətiyyən gizlətmirlər.
Son məlumata görə, MİT (Türkiyə kəşfiyyatı) Doğu Perinçekin bu iddiasını ciddiyə alıb və bu açıqlama üzərindən araşdırmalara başlayıb. Və buna əlavə olaraq, hüquq-mühafizə orqanlarından bəzi xarici ölkə vətəndaşlarının seçki prosesinə müdaxilə cəhdləri ilə bağlı qeydə alınmış faktların təqdim edilməsi tələb olunub.
Maraq doğuran daha bir məqam odur ki, Doğu Perinçekin iddiasına həqiqət payı qatan məsələ müxalif siyasi blokun seçkiqabağı platformasında və vədlərində də ortaya çıxırdı. Belə ki, müxalif prezidentliyə namizəd Muharrem İnce qalib gələcəyi təqdirdə, Anayasanı yenidən dəyişdirəcəyini və prezident üsul-idarəsini ləğv edəcəyini deyirdi. Və bu, Qərbin maraqlarına uyğun vəd hesab olunur.
erdogan-a-yeni-tebrikler-geliyor-iran-dan-mesaj-geldi-11781791.Jpeg (45 KB)
Məsələ ondadır ki, Türkiyənin prezident üsul-idarəsinə keçməsi Qərb siyasi dairələrində narahatlıqla qarşılanıb. Çünki bu üsul-idarə sayəsində Qərbin Türkiyəyə qarşı təzyiqləri ciddi şəkildə öz əhəmiyyətini itirmiş olur. Hər halda, prezident R.T.Ərdoğan kimi dövlət liderini xarici təzyiqlərlə Qərbin maraqlarının ifadəçisinə çevirmək o qədər də asan məsələ deyil.
Ancaq Türkiyədə parlament üsul-idarəsi hökm sürəndə Qərbə bağlı hansısa partiyanı qalib çıxartmaq və yeni yaradılacaq hökuməti təsir altına almaq şansları daha yüksək olurdu. İndisə Türkiyə prezident tərəfindən idarə edildiyindən bu şanslar demək olar ki, öz əhəmiyyətini itirib. Qərbə isə öz siyasi iradəsini yeridən deyil, idarə olunan Türkiyə lazımdır.
ssssssss.JPG (35 KB)
Müxalif blokun Türkiyənin maraqlarına zərbə sayılacaq vədləri bununla məhdudlaşmır. Onların sırasına İstanbulda 3-cü hava limanının tikintisinin dayandırılması, hərbi-sənaye kompleksinin yenicə reallaşdırmağa başladığı savaş təyyarələrinin, helikopterlərin, tankların istehsalı ilə bağlı layihənin ləğvi, Rusiyanın tikəcəyi AES layihəsindən imtina kimi dövlət əhəmiyyətli məsələlər də daxildir. Üstəlik, bu sıraya HDP-nin “azadlıq uğrunda silahlı mübarizə təşkilatı” kimi təqdim edilməyə cəhd göstərilən PKK ilə danışıqlar masasına oturulması tələbləri də əlavə etmək olar.
Göründüyü kimi, Türkiyənin dövlət maraqları baxımından, olduqca təhlükəli vədlər və tələblərdir. Və birmənalı şəkildə Qərbin Türkiyə qarşısındakı tələblərlə üst-üstə düşür.
Məsələ ondadır ki, İstanbulda nəhəng 3-cü hava limanının tikintisi Türkiyəni Avropanın, hətta dünyanın hava nəqliyyatı mərkəzinə çevirə bilər. Qərb siyasi-iqtisadi dairələri bundan nəinki narahatdırlar, hətta bu layihəni qıcıqla qarşılayırlar.
ÐоÑожее изобÑажение
Döyüş texnikasının istehsalına gəldikdə isə, NATO dövlətləri bu hərbi layihələri Türkiyənin tam şəkildə nəzarətdən çıxma projesi kimi qəbul edirlər. Çünki bu layihələr reallaşacağı təqdirdə, Türkiyə digər NATO ölkələrinə on milyardlarla dollar vəsait ödəməklə silah almaq məcburiyyətində qalmayacaq və öz ordusunu döyüş texnikası ilə təmin etməklə onlardan asılılığını minimuma endirmiş olacaq.
Ancaq seçkinin nəticələrindən belə anlamaq olar ki, ABŞ və Qərbin Türkiyəni yenidən nəzarət altına almaq planları hələlik iflasa uğrayıb. Rəsmi Ankara indiki situasiyada yenə də Suriyada və Şimali İraqda ABŞ və Qərbə Türkiyənin milli maraqları üzərindən meydan oxumaqda davam etmək şansına sahibdir. Türkiyə Membicdə ABŞ-a öz hərbi-siyasi iradəsini qəbul etdirib. YPG terror təşkilatı həmin bölgəni tərk etmək məcburiyyətindədir. PKK-ya gəldikdə isə, Türkiyə ordusu Kandil dağını terrorçuların başına uçurtmağa başlayıb.
Maraqlıdır ki, əgər Türkiyə ordusu Kandildə PKK-nı sıradan çıxararsa, bu, həm də terrorçuların siyasi qanadı sayılan HDP-nin də öz əhəmiyyətini itirməsi anlamına gələcək. Və hazırda son proseslər elə bu istiqamətdə inkişaf edir.
ÐоÑожее изобÑажение
Seçkinin nəticələri həm də Qərbin birləşdirdiyi Türkiyə müxalifətinin daxilində çalxalanmalara səbəb ola bilər. Belə ki, Muharrem İncenin 30,78 faizə yaxın səs toplaması CXP lideri Kamal Qılıcdaroğlunun siyasi sonunu gətirə biləcək qədər ciddi faktordur. Çünki Muharrem İnce sonuncu qurultayda partiya başqanlığı seçkisində Kamal Qılıcdaroğluna məğlub olmuşdu. Və onların arasında ciddi ziddiyyətlərin olduğu bildirilir.
CXP-nin seçkilərdə 22,63 faiz səs toplaması, təkbaşına partiyasından daha çox səs alan Muharrem İncenin (30,78 faiz) mövqelərini möhkəmləndirmiş oldu. Yəqin ki, prezidentliyə namizədlə partiya lideri arasındakı siyasi güc tarazlığının pozulmasının ilkin nəticələri CXP daxilində tezliklə müşahidə edilməyə başlayacaq.
Göründüyü kimi, bu seçkilər Türkiyənin gələcəyi baxımından kifayət qədər ciddi nəticələr ortaya çıxartdı. Xüsusilə də, ABŞ və Qərbin Ərdoğan hakimiyyətini kənarlaşdıraraq, Türkiyəni yenidən ram etmək planlarının iflasa uğraması beynəlxalq siyasət məkanında rəsmi Ankaranı yeni həbi-siyasi mərkəzi kimi ön plana çıxara bilər. Dünyada sürətlə dəyişməkdə olan müəyyənləşdirici faktorların fonunda bu reallığın hansı nəticələr doğuracağı yaxın gələcəkdə aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Musavat.com

Bizimlə əlaqə saxlayın