Fikrət Cəfərli: “Bakıda XXI, Əmircanda isə XVIII əsrdir”

22, 01, 20
22:26

Fikrət Cəfərli: “Bakıda XXI, Əmircanda isə XVIII əsrdir”

Azerbaycanrealligi.com 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli ilə müsahibəni təqdim edir: 

- Fikrət bəy, seçkiyə hazırlaşırsınız, amma tez-tez görüşlərinizdə Qarabağ problemini də qabardırsınız. Qarabağ problemini seçkidə qabartmağınız nədən qaynaqlanır?  

- Dağlıq Qarabağ problemi artıq beynəlxalq miqyaslı problemdir və Azərbaycan xarici siyasətində əsas istiqamətlərdən biridir. Yəni bu problemin əsas həll variantlarından biri də ölkənin demokratikləşməsindən keçir. Demokratiyanın da əsas şərtlərindən biri azad və şəffaf seçkilərdir. Biz uzun müddətdir ki, torpaqlarımızın işğalına qarşı mübarizə aparırıq, təpkilər göstəririk. Həmçinin regiona təsir edən böyük dövlətlərin Qarabağ məsələsində mövqeyini neytrallaşdırmaq üçün uzun müddətdir iş aparırıq.  Ümid edək ki, bunun bir nəticəsi olacaq. Amma nəticə verməyəcəyi təqdirdə biz daha 30 il bu ölkələrin Qarabağla bağlı mövqeyini neytrallaşdırmaq siyasəti apara bilmərik. Çünki regionda da vəziyyət olduqca mürəkkəbdir... 

- Deyirsiniz ki, regionda vəziyyət mürəkkəbdir. Belə bir vəziyyətdə Azərbaycanda seçkilərin şəffaf keçirilməsi  ehtimalı nə qədərdir? 

- Əslində son 25-30 ildə ölkədə keçirilən seçkilərdə yeni bir şey olmayıb. Eyni seçki, eyni taktikadır. Sadəcə, son seçkilərdə hakimiyyətin dəyişdiyi bir taktika var. Əvvəllər bizim partiya liderlərinə 2-3 mandat təklif edilirdi. Onlar da seçkiyə gedirdi və olurdu seçki mübarizəsi. Onlara təklif olmayanda isə seçkidə iştirak edənlər "satqın” obrazında təqdim edilirdi.  Hesab edirəm ki, bu, yolverilməzdir.Bu nə siyasi, nə də ki əxlaqi baxımdan doğru hal deyil. Mənim şəxsi fikrim belədir ki, seçkidə iştirak etmək lazımdır. Kimsə düşünürsə ki, ölkəyə demokratiya mübarizəsiz gələcək və ya beynəlxalq təzyiqlər ölkəyə demokratiya gətirəcək, belə insanlar yanılır. Bizdə demokratiyanı xalq gətirə bilər və gətirəcək. Bəzən deyirlər ki, seçkilərdə saxtakarlıq olacaq. Mən də deyirəm ki, bəli, olacaq. Onda gəlin, saxtakarlığın qarşısını alaq. Məsələn, mən 32 saylı Surxanı III seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Görürəm ki, icra başçısının xanım müavini namizədliyini irəli sürüb, bütün inzibati resurs onun xeyrinə işləməyə başlayıb. Amma bütün hallarda mən mübarizə aparacağam ki, seçki institutu inkişaf etsin. Məsələn, mən seçkilərdə iştirak edənləri satqın kimi qələmə verən partiyaları dəvət edirəm ki, seçkilərdə ciddi müşahidəçilik institutunu həyata keçirsinlər, seçki günü qüsurları tutsunlar və elan etsinlər ki, filan dairədə seçki saxtakarlığı olub. 

- Siz də parlamentin buraxılmasını və növbədənkənar seçkiləri "islahatların tərkib hissəsi" hesab edənlərdənsiniz? 

- İslahatlar geniş anlayışdır. Bura siyasi, iqtisadi, hüquqi islahatlar daxildir. Məsələn, uzun zamandır ki, hüquq sahəsində islahatlarıın getdiyini deyirlər, amma bizdə hələ də tutan və istintaq aparan eyni orqandır. Baxmayaraq ki, bizə qonşu ölkələrdə şəxsi həbs edən və istintaqı aparan bir-birindən fərqli orqandır. Təklif edərdim ki, müstəqil istintaq komitəsi yaradılsın.  

Məsələn, Azərbaycan prezidenti 10 min dollara qədər olan kreditlərlə bağlı qərar verdi, bu qərarla dövlət 10 min dollara qədər olan kreditlərə görə insanlara dəymiş kompensasiyanı banklar vasitəsilə ödədi. Bax, bunu insanlar real həyatlarında hiss etdilər. Demək istəyirəm ki, aparılan islahatlar yaxşı haldır, amma insanlarımız bunu öz həyatlarında hiss etməlidir. Baxın, Bakı gözəl şəhərdir, şəhərə böyük pullar xərclənib və paytaxtımızın siması dəyişib, böyük abadlıq işləri həyata keçirilib və s. Mənim namizəd olduğum 32 saylı Suraxanı III seçki dairəsi Bülbülə, Əmircan, Yeni Suraxanı və Köhnə Suraxanını əhatə edir. Əmircan qəsəbəsinə getsəniz, görərsiniz ki, sanki orada XVIII əsrdir. 

- Bəs XVIII əsrdə qaldığını dediyiniz Əmircan "gözəlləşən Bakı”nın qəsəbəsi deyil?..

- Demək istəyirəm ki, rayonlara ayrılan maliyyə vəsaitləri təyinatı üzrə xərclənməyib. Necə ola bilər ki, Bakı XXI əsr tələblərinə uyğun gözəl bir şəhərdir, amma onun içində olan kənd sanki 3 əsr geridə qalıb. Bu qədər abadlıq aparılır, niyə gedib bu qəsəbəyə çatmayıb? Bu onu deməyə əsas verir ki, ayrılan pullar dağıdılıb, indiyə qədər orada vəzifədə olan icra başçısı bir iş görməyib. İctimai nəzarəti həyata keçirməli olan deputat da seçildiyi dairənin problemlərini işıqlandırmayıb. Ölkə başçısı  qeyd edir ki, deputat ictimai nəzarətin həyata keçirilməsində mühüm fiqurdur. Əgər icra başçısı çalışırsa ki, hansısa şəxs deputat olsun, bu halda həmin deputat ictimai nəzarəti necə həyata keçirəcək? Əslində Azərbaycan parlamentində müəyyən sayda insan azad seçkilər nəticəsində ora düşsə, bundan heç kim itirməz. Deputatın vəzifəsi, funksiyası təkcə qanunvericilik bazasını hazırlamaqdan, təkminləşdirməkdən ibarət olmamalı və seçildiyi ərazinin probilemlərinin həllində də yaxından iştirak etməlidir. Hesab edirəm ki, xalqımız deyilən islahatı real həyatında görməlidir. Əgər onu yaşam tərzində hiss etmirsə, demək, bu, islahat deyil.

- Maraqlıdır, problemləri qaldırdınız, bəs onların həlli ilə bağlı nələri təklif edirsiniz?

- Bəzən müxtəlif situasiyalarla rastlaşırıq. Bir seçici deyir, yol çək, digəri deyir, boru xəttim partlayıb. Mən insanlara açıq deyirəm ki, deputat yol çəkən, sıradan çıxan boruları yamayan biri deyil. Deputat məmurları öz üzərinə düşən vəzifələri icra etməyə dəvət edən şəxsdir. Yəni məmuru məcbur edəcək ki, boru xəttini təmir etdirsin, yolları qaydaya salsın. Mən bu dairədə əraziləri gəzib özüm üçün sosialoji sorğu keçirmişəm. Orada yaşayanların 15-20 faizi ünvanlı sosial yardım alan biləcək şəxslər kateqoriyasına aiddir. Amma bunu ala bilmirlər. Axı bizim dövlət varlı dövlətdir. Niyə belə insanlara sosial yardım verilməsin? Onlar bunun üçün müraciət edirlər, amma rədd cavabı alırlar. Oranın keçmiş deputatı bir dəfə də olsun ki, belə məsələlərlə maraqlanmayıb. Əgər qanunla bu, nəzərdə tutulursa, nədən bunu almasınlar? Və ya deputatın seçildiyi dairədə ofisinin olması nə çətin məsələdir ki... Ofisini aç, insanlarla görüş, problemləri öyrən və bunu müvafiq strukturların qarşısında qaldır, həllinə nail ol. Axı  bunlar elə də bir çətin məsələ deyil. Üstəlik, bu, dövlətə, dövlətçiliyə, hökumətə zidd bir iş də deyil. Əksinə, bu problemlərin həll edilməsi ilə hakimiyyət də müəyyən yükdən azad olur. 

Mənim alternativim Suraxanı rayon icra başçısının müavini və həyat yoldaşı da general olan Afət Həsənovadır. Bu xanım uzun müddətdir ki, Suraxanı rayon icra başçının müavini və həmin  İcra Haimiyyətində Apelyasiya Şurasının sədridir. Prezident apellyasiya şuralarının yaradılması haqda qərar verdi, şikayətlərin araşdırılması və problemlərin operativ həllinin vacibliyini qeyd etdi. Bunlarda elə bildi ki, apelyasiya şuralarının sədrləri icra başçılarının müavinləri olmalıdır. Əslində apelyasiya şuraları tam müstəqil insanlar olmalıdır ki, qaldırılan problemlərin həllinə nail olunsun. Elə icra başçısının müavinin yanına vətəndaş gəlib şikayətini edir də. Əgər istəsəydi, elə indiki vəzifədə də insanlara xidmət edə bilərdi. Məsələn, bu xanımı saxtakarlıq  yoluyla deputat seçdirməklə rayonda nəyi dəyişəcək? Axı prezident açıq deyir ki, ictimai nəzarətin həyata keçirilməsində deputat böyük rola malikdir və buna çalışmaq lazımdır.  Müstəqil şəxs xalq tərəfindən seçiləndə, fəal işləyəndə, insanlarla ünsiyyətdə olanda, bunu nəyi pis olur? Əksinə,  bu, daha yaxşı olar və dövlətimiz də bundan qazanar. Bilirsinizmi, artıq dəyişim, açlım olmalıdır. İnsanlara işləmək və yığılıb qalmış prebilemləri həll etmək lazımdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın