SEÇKİLƏRİN QALİBİ “CÜMHUR İTTİFAQI” OLACAQ

07, 06, 18
09:54

SEÇKİLƏRİN QALİBİ “CÜMHUR İTTİFAQI” OLACAQ



“Meral Akşener əsl simasını millətçilərə göstərdi”




24 iyunda Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca aktivlik daha da artmaqda, namizədlər arasında mübarizə gərginləşməkdədir. Hər tərəf öz müsbət və mənfi cəhətlərinin üzərində çalışır.
Ekspertlərə görə, daxili və xarici siyasətdə olan bəzi xətalar, xüsusilə ABŞ-ın apardığı siyasət nəticəsində dolların türk lirəsinə qarşı dəyərsizləşməsi hakim AKP və müxalif MHP-nin yaratdığı "Cümhur İttifaqı”na mənfi təsir göstərə bilər. İqtidarın seçkinin birinci turunda qələbə qazana bilməyəcəyi ilə bağlı fikirlər də gündəmdədir. Lakin indiyə qədərki əksər sorğular AKP-nin üstünlüyünü ortaya qoyur. Həmçinin, müxalif düşərgə arasında tam birliyin olmaması, xüsusən, HDP ilə əməkdaşlıq məsələsinin gündəmə gəlməsi ciddi müzakirə olunmaqdadır. Hər halda budəfəki seçkinin digərlərindən fərqli olacağı, səsvermə zamanı bir çox faktorların özünü göstərəcəyi deyilir.
Qardaş ölkədəki seçki aktivliyini "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Türkiyə böyük dövlətdir və türklər elə millətdir ki, onları sıxdıqca yumruq kimi birləşirlər. Bu baxımdan ekspert düşünür ki, seçki öncəsi yaranan dollar spekulyasiyası xalqı "Cümhur İttifaqı” və Ərdoğan ətrafında daha sıx birləşdirəcək: 
"Dollar təxribatının məhz seçki öncəsi baş verməsi heç də təsadüfi hal deyil. Hakim AKP uzun müddət siyasi rıçaqlarla təzyiqlərə məruz qalıb. Son olaraq iqtisadi problem yaradılaraq, iqtidara təzyiq göstərilməyə çalışılır. Bu cür addımlar türk xalqına kimin haqq, kimin haqsız olduğunu göstərir. Fikrimcə, istər prezident, istərsə də parlament seçkilərində hakim qüvvə 50 faizdən çox səs qazanacaq. CHP sədri Kamal Kılıçdaroğlunun irəli sürdüyü Məhərrəm İncə variantı ilə heç bir sürpriz gözləməyə dəyməz. 
HDP-nin terrorçu həmsədri Səlahəddin Dəmirtaşla dostluğa hazır olan İYİ partiyanın rəhbəri Meral Akşener də əsl simasını millətçilərə göstərdi. Türkiyə xalqı yaşananların fərqindədir. Əmin olun, prezident seçkilərindən sonra meydanlarda İncə adlı siyasətçi qalmayacaq. Parlament seçkilərindən sonra isə ümumiyyətlə, müxalifətin ittifaqı olmayacaq. Bu seçkilərin qalibi AKP və MHP-nin təmsil olunduğu "Cümhur İttifaqı”dır”.

Bizimlə əlaqə saxlayın