VİP sədri şeyxə səsləndi: Bu Allah adamına yaraşmayan hərəkət, ictimaiyyətin azdırılmasına xidmət göstərən davranışdır.

26, 11, 18
12:44

VİP sədri şeyxə səsləndi: Bu Allah adamına yaraşmayan hərəkət, ictimaiyyətin azdırılmasına xidmət göstərən davranışdır.


"Allahşükür Paşazadə mənim üçün təkcə din xadimi, Şeyxülislam deyil, həm də ciddi sabitləşdirici siyasi faktordur. Təfərrüatlara getmədən, belə düşünürəm. Hesab edirəm ki, Şeyxin yanlışlarını deməklə yanaşı, hörmət pərdəsini yırtmaq olmaz".

Azerbaycanrealligi.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibəsində BDU-nun vəzifədən çıxarılan rektoru barədə dediyi fikirlərə münasibət bildirərkən Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev deyib.
"Hörmətli Şeyx həzrətləri "Yeni Müsavat" qəzetinə maraqlı müsahibə verib. Dediklərində İspaniya tədbirinə, Abel Məhərrəmovla münasibətlərinə, səfərdən sonra baş verənlərə münasibət bildirib. 

Əvvəldə, Şeyximizə münasibətimi ifadə edim. Son müsahibəmdə onun şəxsinə sayğılı davranışım bəzi etirazlara səbəb olmuşdu. İlk növbədə onu deyim ki, siyasi davranışımızda nəzakət və ehtiram ən qatı rəqiblərimizə belə nümayiş etdirilməlidir. Hacı Allahşükür Paşazadə siyasi adam deyil, bir din xadimidir. Ona hörmətli davranış, həm də dinimizin təmsilçisinə olan münasibətdir. Fikirmcə, həm İslam dini, həm də onun təmsilçisi ehtirama layiqdir, şəxsi keyfiyyətlərindən asılı olmayaraq. Siyasi həyatımızın qüsurlarını din xadiminin üzərinə yükləmək haqsızlıqdır. Nə vaxt biz siyasi ədaləti bərqərar etdik ki, Şeyx ona xidmət etmədi? Demokratik hakimiyyətimiz dövründə Elçibəy Şeyxə söykənmədimi? Ən ağır günümüzdə dövlət adamları dəlmə-deşikdə gizlənəndə, Şeyx xalqın önündə olmadımı? Allahşükür Paşazadə mənim üçün təkcə din xadimi, Şeyxülislam deyil, həm də ciddi sabitləşdirici siyasi faktordur. Təfərrüatlara getmədən, belə düşünürəm. Hesab edirəm ki, Şeyxin yanlışlarını deməklə yanaşı, hörmət pərdəsini yırtmaq olmaz".

VİP sədri qeyd edib ki, İspaniyada Abel Məhərrəmov çox ciddi siyasi yanlışlığa yol verib. Bunu Allahşükür Paşazadə də bilir: 

"Adını çəkdiyim müsahibədə də Şeyximiz məntiqdən uzaq danışıb, yaxud danışdırılıb. Dediyindən belə anlaşılır ki, İspaniyada heç nə baş verməyib, heç nə görməyib, heç zaddan xəbəri olmayıb. Bax bu artıq Allah adamına yaraşmayan hərəkət, ictimaiyyətın azdırılmasına xidmət göstərən davranışdır. Din xadimi həqiqəti gizlətməz. Hərçənd buna qədər də biz onun müxtəlif dönəmlərində yalanlarına şahidlik etmişdik. Olmaz belə!

Əgər İspaniyada heç nə baş verməyibsə, onda Prezident nədən saxtakar akademik Məhərrəmovu vəzifəsindən uzaqlaşdırırdı? Özü ilə bərabər ailə üzvləri işdən atılır, BDU-da yoxlama apartdırırdı? Hakimiyyətin nəzarətində olan mətbuata kampaniya aparmaq, Prezident köməkçisinin şəxsi TV-sində Məhərrəmovun "şumlanması" özfəaliyyət ola bilərmi? 
Əlbəttə ki, yox. İspaniyada Abel müəllim ciddi siyasi yanlışa yol verib. Bunu Şeyximiz də bilir. Amma...

Müsahibədə gələn il 70 illik yubiley və 40 illik Şeyxülislam fəaliyyətini qeyd edəcəyini deyir Allahşükür Paşazadə həzrətləri. Bəlkə gələn il daha həqiqəti gizlətməyə yox deməyi bacarsın, statusuna uyğun İslama xidmət göstərsin. Tövbə heç vaxt gec deyil. Müsəlman olaraq mən də dini liderimdən bu tövbəni məmnuniyyətlə gözləyirəm. Allah bağışlayandır. İnanıram ki, Şeyxə görə xeyrə xidmət edən qeyri-dəqiqliklər millətə ziyanlıdırsa, onlardan imtina gərəkdir. İnanıram ki, Onun da bu xalqdan nə vaxtsa halallığa ehtiyacı olacaq".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın